“Ermənistan danışıqlar prosesində mövqeyini itirir” – Erməni politoloqdan sensasiyalı açıqlama
Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də İsveçrənin Davos şəhərində qeyri-rəsmi görüş keçiriblər.
Təxminən saatyarım davam etmiş görüşdən dərhal sonra Nikol Paşinyan özünün "Facebook” səhifəsində görüşlə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan prezidentilə danışıqlar prosesinin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi apardıqlarını deyib.
Daha sonra Nikol Paşinyan yenə də "Facebook”da canlı yayıma çıxıb, İlham Əliyevlə görüşün əvvəldən planlaşdırılmadığını söyləyib. "Davos Dünya İqtisadi forumunun təşkilatçıları xəbər tutdular ki, hər ikimiz bu forumda iştirak edəcəyik. Onlar bizdən görüşmək istəyib-istəmədiyimizi soruşdular və biz müsbət cavab verdik. Bu görüşün əsasında daha öncə əldə etdiyimiz razılaşma durur. Biz razılaşmışıq ki, əgər hər hansı beynəlxalq tədbirdə hər ikimiz iştirak ediriksə, görüşdən yayınmayacağıq. Yəni belə tədbirlərdə qarşılaşarkən bir-iki kəlmə də olsa, danışacağıq. O ki qaldı söhbətimizin mövzusuna, keçirdiyimiz üç görüşdə biz sadəcə, danışıqlar prosesinin tarixini müzakirə etmişik, yəni hansı mərhələdə nə baş verib, necə baş verib və sair. Demək istəyirəm ki, hər hansı konkret detal müzakirə etməmişik”, - deyə baş nazir bildirib.
Xatırladaq ki, bu, Nikol Paşinyanla İlham Əliyev arasında keçirilən üçüncü qeyri-rəsmi görüş idi. Ermənistanın "168 hours” saytı son görüş haqda politoloq Hrant Məlik-Şahnazaryanın fikirlərini öyrənib.
- Cənab Məlik-Şahnazaryan, Ermənistanın baş naziri Davosda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdükdən sonra verdiyi açıqlamasında sadəcə, "danışıqlar prosesinin tarixini” müzakirə etdiklərini deyib. Necə düşünürsünüz, onların danışıqların tarixini müzakirə etmələri normaldırmı?
- Ümid edirəm ki, baş nazir bir gün də görüşdə "tarixi sənədlərlə tanış olduqlarını” deməyəcək. Görünür, proses əvvəlki axını ilə getmir. Nikol Paşinyan "Evronews”a açıqlamasında geosiyasətlə məşğul olmadığını da demişdi. Bizə isə deyir ki, Əliyevlə danışıqlar aparmır. Bəzən açıqlamasında bu və ya digər məsələyə qarışmadığını da söyləyir. Sual yaranır: Ermənistanın rəhbəri bu aylar ərzində öz iş otağında nə ilə məşğul olub?
- Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra Paşinyan "Dağlıq Qarabağ Respublikası”nın (dırnaq işarəsi bizə aiddir - WM) danışıqlar prosesinə qayıtmalı olduğunu, əks halda problemin çözülməyəcəyini bəyan etmişdi. Həmin bəyanatdan sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında bir neçə görüş olub. Üstəlik, Nikol Paşinyanla İlham Əliyev də 3 dəfə bir araya gəliblər. Fikrinizcə, bu görüşlər zamanı Ermənistan tərəfi "DQR”in danışıqlara qoşulması məsələsini qaldırıbmı? Bununla bağlı şərhlərə rast gəlirsinizmi?
- Bu məsələnin qaldırıldığına dair məlumata rast gəlməmişəm. Vədlərini yerinə yetirə bilməyən Nikol Paşinyan indi, özünə haqq qazandırmaq üçün bunların əslində danışıqlar deyil, qeyri-rəsmi görüşlər olduğunu deyir. Lakin açıq-aydın görünür ki, müəyyən proses gedir. Biz artıq bu prosesin təzahürlərini görürük.
Məsələn, Ermənistanın İctimai Televiziyası artıq təbliğata başlayıb. Onlar deyir ki, xalqları sülhə hazırlamaq lazımdır. Azərbaycanlılarla sülh şəraitində yaşamağın üstünlüklərini belə, göstərməyə çalışırlar. Bu, məni qətiyyən təəccübləndirmir.
- Analitiklər deyirlər ki, danışıqlar prosesi zamanı xalqları sülhə bir neçə mərhələdən sonra hazırlamaq olar. Münaqişənin həllinə dair danışıqlar prosesində hansı mərhələləri keçmişik ki, artıq sülhə hazırlaşırıq?
- Bu suala hakimiyyət nümayəndələri cavab verməlidir. Onların danışıqlar zamanı nəyi müzakirə etdiyini bilmirəm. Heç nə aydın deyil. "Madrid prinsipləri” gündəmdədir, ya yox? İctimaiyyətə heç bir məlumat verilmir. Əvvəllər iki ölkə başçısı görüşərkən ATƏT-in Minsk qrupunun həmsədrləri onların hansı prinsiplər ətrafında müzakirə apardıqlarını, danışıqların kökündə nəyin durduğunu ictimaiyyətə açıqlayardı. İndi, bu haqda heç nə deyilmir.
Mən yalnız onu deyə bilərəm ki, hazırda proses çox qapalı gedir. Hətta deyərdim ki, bu, bir neçə müstəvidə baş verir – həm xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri səviyyəsində, həm də Ermənistan baş nazirilə Azərbaycan prezidentinin qeyri-rəsmi görüşləri formatında. Belə təsəvvür yaranır ki, Nikol Paşinyan xarici həmkarlarına da fərqli fikirlər söyləyir. O ruslara da vəd verir, amerikalılara da. Bütün bunların nə ilə nəticələnəcəyini söyləmək çox çətindir.
- Əvvəllər İlham Əliyev Ermənistan rəhbərliyilə hər görüşündən sonra sərt bəyanatla çıxış edirdi, cəbhə bölgəsində gərginlik artırdı. İndi, qoşunların təmas xəttində yaranmış sakitlik sizə qəribə gəlmirmi?
- Mən Azərbaycanın nikbinliyinin konkret nəyə əsaslandığını deyə bilmərəm. Amma düşünürəm onların bunun üçün kifayət qədər əsasları var. Hətta Paşinyanın danışıqlar zamanı onlara heç bir vəd vermədiyini düşünsək belə, Ermənistanın iqtisadi baxımdan bu qədər geriləməsi istənilən düşmənin sevinməsi üçün yetərlidir. Onlar niyə nikbin olmasınlar ki? Ermənistan ciddi problemlərlə üz-üzədir və vəziyyət onların müdaxiləsi olmadan da gündən-günə ağırlaşır.
- Fikrinizcə, Qarabağ məsələsində Ermənistanın mövqeyi zəifləyibmi?
- Danışıqlar prosesində Ermənistanın mövqeyi nəinki zəifləyir, inqilabdan sonra o, bir sıra parametrlərdə mövqeyini ümumiyyətlə itirir. Bu gün əvvəlki üstünlüklər yoxdur. Hər halda, ara-sıra verilən bəyanatlardan, görüşlərlə bağlı açıqlamalardan biz bunu görürük.
(Erməni dilindən tərcümə - WorldMedia.Az)
Miq.Az