Ermənistan üçün son tarix müəyyənləşdi

Ermənistan üçün son tarix müəyyənləşdi
İrəvan sonuncu dalana dirənib

Ermənistanın müxtəlif rəsmi qurumları ölkəni hər il nə qədər insanın tərk etməsi barədə verilən məlumatlar fərqlənir.

İstiPress-in araşdırmasına görə, müxtəlif mənbələr, hətta eyni tədbirdə səslənən rəqəmləri müxtəlif cür səsləndirirlər.
Məsələn, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan hökumət iclasından sonra hər il Ermənistanı 30 min adamın birdəfəlik tərk etməsi ilə bağlı açıqlama verib. Hər halda, bu məlumatı Ermənistan prezident aparatına yaxın "PanARMENIAN.Net” saytı bu rəqəmlə yayıb.
Amma ARKA internet nəşri ölkənin dövlət statistika xidmətinə əsaslanaraq il ərzində Ermənistanın 13 min adamın tərk etdiyini bildirib. Statistikaya görə, 2017-ci il aprelin 1-də Ermənistan əhalisinin sayı 2 milyon 981,5 min nəfər olub.
Müstəqil mənbələr isə Ermənistanda real olaraq qeydiyyatda 2 milyon adamın yaşadığını bildirirlər. Bakı sülh platformasına qoşulmuş erməni fəalların dediyinə görə, hakimiyyət əhalinin sayını bilərəkdən 1 milyon artırır. Bu, onlara seçki zamanı rahat şəkildə saxtakarlıq etməyə imkan verir. Həmin 1 milyon adam vaxtı ilə Ermənistanda qeydiyyatda olub, sonra isə ölkəni tərk ediblər. Əksəriyyəti 25 ildir ki, Ermənistana gəlmir və ya ölüb.
Fransadakı erməni diasporunun nümayəndələri iki il qabaq bildirmişdilər ki, Ermənistanda real olaraq 1,4 milyon adam yaşayır. Ermənistandan Rusiyada 600 minə qədər əmək miqrantı olduğunu nəzərə aldıqda bu rəqəmin həqiqətə uyğun olduğu ortaya çıxır. Diaspora təmsilçiləri həm də Ermənistanı 80 minə yaxın erməninin tərk etdiyini vurğulayırlar. Onlar bunu çox böyük faciə kimi dəyərləndirirlər. 
Lakin Ermənistanın demoqrafik baxımdan potensial faciəsi təkcə bununla bağlı deyil. 2014-cü ilin göstəricilərinə görə, Ermənistanda doğum əmsalı 1,53-ə düşüb. Bu, Gürcüstanın (1,8) və Azərbaycanın (2,0) uyğun göstəriciləri ilə müqayisədə çox aşağıdır. Halbuki, 1990-cı ildə Ermənistanla Azərbaycanın bu göstəriciləri arasında ciddi fərq olmayıb. Azərbaycanda bu göstərici 2,74-ə, Gürcüstanda 2,18-ə, Ermənistanda isə 2,54-ə bərabər olub. 
Diaspor təmsilçiləri Ermənistanda doğum əmsalının azalmasını Qarabağ müharibəsi ilə izah edirlər. Potensial müharibə təhlükəsini hiss edən gənclər ölkəni tərk edir və bununla da ölkədə doğulan uşaqların sayı kəskin azalıb. Son illərdə Ermənistan əhalisi də qocalaraq təhlükə həddinə çatıb. 
BMT Əhali Fondunun (UNFPA) Ermənistan üzrə təmsilçisi Qarik Hayrapetyanın dediyinə görə, 2016-cı ilin əvvəlinə yaşı 63-ü keçən insanların sayı Ermənistan əhalisinin 12,6 %-ni keçib. "13 %-lik göstərici millətin "qocalmış millət" sayılması üçün ən yuxarı hədd sayılır", - deyə Hayrapetyan vurğulayıb.
Onun sözlərinə görə, 2050-ci ildə Ermənistanda yaşı 65-i keçənlərin sayı əhalinin 27 %-inə çatacaq: "Sosial təminatın və müvafiq infrastrukturun olmaması şəraitində bu ciddi problem olacaq".
NATO-nun müstəqil araşdırmasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı 800 minə düşəcək. Təbii ki, bunun 400 mini uşaq və yeniyetmələr olacaq. Hayrapetyanın səsləndirdiyi rəqəmlər nəzərə alınarsa, həddi-buluğa çatanların 220 mini yaşı 65-i keçənlər olacaq. Yerdə qalan 180 min qadın və kişi həm pul qazanıb ailəsini saxlamalı, həm vergi verib dövləti saxlamalı, həm də Azərbaycanla döyüşməyə qadir ordu saxlamalıdırlar. NATO-nun proqnozuna görə, 2050-ci ildə Azərbaycan ordusunun əsgər sayı 250 minə çatacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az