“Eurovision”da çox peşman olacaqlar

“Eurovision”da çox peşman olacaqlar

“Vicdan məhbuslarını azad etməsələr, “Eurovision”da çox peşman olacaqlar”

Bunu dünən Müsavat Partiyasının Məclisində paryiyanın başqanı İsa Qəmbər çıxışı zamanı səsləndirib. 

31 mart soyqırımı haqda danışan İ.Qəmbər vurğulayıb ki, unutqanlıq tarix boyu xalqların başına gətirilən hadisələrin təkrarlanması ehtimalını artırır: “Bizim qisasımız Azərbaycanın inkişafı ola bilər. Azadlıqların bərqərar olduğu demokratik bir ölkə qura bilsək, bu, tarix boyu xalqımıza təcavüz edənlərə zərbə ola bilər. Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olunandan sonra bizə etimad olmadığından zaman-zaman etnik təmizləmələr həyata keçirməyə çalışıb. Başqa xalqları burda yerləşdirməklə bizi əhəmiyyətsiz bir qüvvəyə çevirməyə çalışıb. Soyqırımına məruz qalanların əksəriyyəti müsəlman türklərdir. Türklərlə yanaşı tatlar, ləzgilər, yəhudilər də soyqırımına məruz qalıb. 1918-ci ildə Azərbaycanda yaşayan xalqların daşnak-bolşevik birləşmələri tərəfindən qətlə yetirildiyini hamımız bilirik”. Məclis çıxışında vicdan məhbusları ilə bağlı qəbul olunan sənəd haqda danışan Müsavat başqanı bildirib ki, onların azadlığa buraxılması üçün mümkün olanları etsələr də hələlik onlar azadlığa buraxılmayıblar: “Amma yaxın zamanlarda hakimiyyət Arif Hacılı başda olmaqla bütün vicdan məhbuslarını azadlığa buraxmağa məcbur olacaq. Hakimiyyət bu addımı atmasa, həm daxildən, həm də xaricdən ciddi zərbələr alacaq. Beynəlxalq ictimaiyyət bəyan edir ki, bu ölkədə siyasi məhbusların olması biabırçılıqdır. Hakimiyyət isə siyasi məhbusların sayını artırmaqla məşğuldur”. İ.Qəmbər Quba hadisələri ilə bağlı başlayan həbslərə də toxunub: “Müsavat Partiyası və İctimai Palata bəyan etmişdi ki, ölkədə vəziyyət bu cür davam etsə, sosial partlayış, xalq üsyanları qaçılmazıdır. “Yol xəritəsi” kimi bir sənəd hazırlayıb islahatların keçirilməsi üçün hakimiyyətə təqdim etdik. Bildirdik ki, proses qarşıdurmalarla davam edə bilər. Qulaq asmadılar. Nəticədə Quba hadisələri baş verdi. Qubalılar ləyaqətli insanlardır. Həqarəti qəbul etmədilər. Amma ölkədə rüşvətxorluq və dərəbəylik  xalqımızı bezdirib. Buna görə də Qubada xalq öz ləyaqətini qorumaq üçün ayağa qalxdı və hakimiyyət Quba camaatının qarşısından geri çəkilməyə məcbur oldu. Amma indi məsələnin başqa bir tərəfi ortaya çıxır. Bu da Quba hadisələri zamanı həbs olunan insanlarımızdır. Hadisələr baş verəndə hakimiyyət heç kimin həbs edilməyəcəyini bəyan etmişdi. Həbs olunanların sayı gündən-günə artır. Absurd ittihamlarla jurnalistləri tutmağa başladılar. Deputat Vahid Əhmədov həmin gün Qubaya gedərək hakimiyyəti xalqın, xalqı isə hakimiyyətin qəzəbindən qorudu. Vahid Əhmədovun bu addımı təqdirəlayiqdir. Amma hakimiyyət sözünün arxasından qaçdı. Qubalıları aldatdı. O hadisələr yenidən baş versə, hakimiyyət Vahid Əhmədovu daha Qubaya göndərə bilməyəcək. Çünki qubalılar Vahid Əhmədovu da qəbul etməyəcək. Hakimiyyət verdiyi vədləri yerinə yetirməlidir. Yoxsa onun heç bir sözünə sabah etimad göstərilməyəcək”.İsa Qəmbər daha sonar bildirib ki, hakimiyyət ölkə boyu insanlara təzyiq edir: “Dindarları həbs edib dövlətin təhlükəsizliyi üçün təhlükə olduğunu dedilər. Adamı tutub qarşısına üç seçim qoyurlar: narkotik, silah, ya da dövlət çevrilişi. Hüquq sistemində insanlara qarşı münasibətdə bu cür yanaşma var. Hakimiyyət daha iyrənc vasitələrə əl atır. Tanımış jurnalist Xədicə İsmayılın şəxsi həyatına müdaxilə edirlər. Bir insanın evində şəxsi həyatını çəkmək və ictimaiyyətə təqdim etmək əxlaqsızlıqdır. Hakimiyyət Müsavat adından istifadə edib videoları musavat.tv adlı bir sayta yerləşdirdi. Amma hamı bunu hakimiyyətin adı ilə bağladı”.İ.Qəmbər Müsavatın qurultayının qəsdən ləngidilməsi ilə bağlı fikirlərə münasibətini bildirərkən isə deyib ki, məqsədləri partiyaya layiq bir qurultayın keçirilməsidir: “Biz 8 aprel mitinqini razılaşdırılmış formada keçirmək istəyirik. Hakimiyyət başqa bir yer də təklif etsə, mitinq keçirməyə yararlı bir yer olsa, onu da müzakirə edəcəyik. Əks halda bizim alternativ qərarımız var. Biz özümüz hakimiyyətin qərarlarından asılı vəziyyətə salmayacağıq. Bu mitinqdə siyasi partiyaların, bitərəf təbəqələrin mitinqə nə dərəcədə hazır olduğu görünəcək”.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az