Fransa nəşri: Rusiyaya qarşı sanksiyalar dayandırılmalıdır

Fransa nəşri: Rusiyaya qarşı sanksiyalar dayandırılmalıdır

Rusiyalıları çinlilərin qucağına itələməyinə dəyməz

 

Krımın ilhaqı və Donbasa hərbi müdaxilədən sonra Rusiya AB-nin ona qarşı tətbiq etdiyi ticarət sanksiyalarına layiqdirmi? Ukraynadakı durumu nəzərdən keçirən istənilən adam tamamilə haqlı olaraq öz-özünə bu sualı verir. Lakin bu cür qoyuluş geopolitkada yanlışdır, çünki kökləri ilə əxlaqi sahəyə gedib çıxır. Rusiya – kobudluğa görə bazar günü nahar masası arxasında şirniyyatdan məhrum edilə biləcək uşaq deyil. "Cəza” anlayışı beynəlxalq münasibətlər sahəsində çox təhlükəli ola bilər. Dövlət – "layiqli cəza” ilə əsil yola yönəldiləsi yeniyetmələr deyil. O, mürəkkəb, ləng, soyuqqanlı və tərs varlıqdır. Ticarət sanksiyalarının (onlar isə əhaliyə zərbə vurur) yeganə kriteriyası onun effektliliyidir. O, barışığın əldə edilməsinə səbəb olurmu? Tətbiq edildiyi bölgələrin xalqlarının durumunu yaxşılaşdırmağa kömək edirmi?

Söz yox, Rusiya Ukraynada beynəlxalq hüququ pozub. Bəli, Krımın və Donbasın (bu, artıq şübhəlidir) əsasən rus əhalisindən və yaxud Kiyevin Rusiya sivilizasiyasınn beşiyi olduğundan (bu, tarixi həqiqətdir) danışmaq mümkündür. Bu, mahiyyətcə heç nəyi dəyişmir: Moskva 1991-ci ildə Ukraynanın müstəqilliyini könüllü şəkildə qəbul etdi, Yeltsin isə 1994-cü ildə Rusiyanı Ukraynanın ərazi bütövlüyünə (onun nüvə silahından imtinanın əvəzində) zəmanət verən Budapeşt memorandumunu öz iradəsi ilə imzaladı.

Əlbəttə, Fransa, Almaniya və Polşa Maydandakı nümayişçilərə  2014-cü il fevralın 21-də onların təmsilçilərinin iştirakı ilə televiziya kameraları qabağında (Rusiya və AB  tərəfdarları arasında) imzalanan Ukraynadaxili sazişi tapdalamağa yol verməklə böyük axmaqlıq etdi. Lakin bu cür kobud diplomatik səhv öz sözünün əleyhinə gedib Krımı götürən Rusiyaya heç cür haqq qazandırmır. Bu qərar strateji baxımdan son nəticədə fəlakətə döndü, çünki Rusiya Krımı əldə edib Ukraynanı itiridi. Ukrayna xalqının əksəriyyəti 2014-cü ilin yayında Donbasda başlayan müharibəyə qədər Rusiyaya rəğbət bəsləyirdi. İndi isə ona nifrət edir.

Bəlkə, Putin anlayıb ki, Kremlin ətrafında fırlanan güc strukturları onu Donbasın da Krım kimi asanlıqla Rusiyaya birləşəcəyinə inandırmaqla dəhşətli səhvə yol verməyə vadar edib? Yəqin ki. Çünki bizim yeni  çarımız silahı əlindən yerə qoymayan, imperiya dönəmini həsrətlə xatırlayan və qarətdən çəkinmədən Georgiyev lentini gəzdirən bütün bu kazakları yerində oturdub.

Bizə deyirdilər ki, separatçılar Krımla Rusiya arasında quru ilə əlaqə yaratmaq üçün Rusiya ordusunun dəstəyi ilə Mariupolu hələ yayda nəzarətə götürəcəklər. Lakin buna bənzər heç nə baş vermədi.

Məgər Putin bu gün simasını saxlayıb keçən il özünü saldığı Ukrayna bataqlığından çıxmağa çalışmırmı? Və keçmişi xatırlamadan ona yardım etməyimizə dəyməzmi?

İyulun 14-də İranla bağlanmış sazişin göstərdiy kimi, Amerika diplomatiysı bizimkindən daha praqmatik və çevikdir. ABŞ müdafiə nazirinin özü rusiyalı həmkarı ilə təmasa getdi ki, İŞİD-lə mübarizənin ümumi strategiyasını müzakirə etsin. Rusiyanın ümumi düşmənlə, radikal islamçılıqla mübarizədə bizə - Qərbə gərək olduğu şübhəsizdir. Buna görə də Sadi Karnonun və Şarl de Qollun ölkəsinə - Fransaya Rusiya ilə münasibətlər siyasətinə təcili böyük diqqət ayırmağı lazımdır! Rusiyalıları çinlilərin qucağına itələməyinə dəyməz. Moskva taxtında kim əyləşir-əyləşsin, Rusiya ilə alyans hələ heç vaxt Fransaya ziyan vurmayıb.

Biz siyasətimizin maraqlarını güdməli və Rusiyaya qarşı ticarət sanksiyalarını dayandırmalıyıq. Amerikalılardan icazə almadan bunu edək. Gəlin, elə onların etdiyi kimi praqmatik hərəkət edək. Lakin, əlbəttə, polkovnik Strelkov kimi müharibə qızşdırıcılarına qarşı şəxsi sanksiyaları saxlamaq lazımdır.

Bizə ancaq sanksiyaların dayandırılması qədər güclü addımın bəhrələrini gözləmək qalacaq. Axı bu addım Putini Suriya və Ukrayna üzrə doğru istiqamətə təhrik edə bilər.

Mənə deyəcəklər ki, əxlaqı və mənəviyyatı unutmuşam. Təəssüf ki, bəli. Amma güman etmirəm ki, beynəlxalq münasibətlərdə bunlara yer tapıla. Axı yeni mühafizəkarlar hansı iddiada olur-olsun, barışıq ədalətdən önəmlidir. Həm də məgər biz 2003-cü ildə İraqa qanunsuz müdaxiləyə görə Amerikaya qarşı, heç olmasa, hanısa sanksiyalar tətbiq etdikmi?

 

"Le Figaro" (Fransa) 22.09.2015



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az