“Gülər Əhmədova ilə iki dəfə görüşmüşəm”

“Gülər Əhmədova ilə iki dəfə görüşmüşəm”

ASİMDER-in (“İğdır Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi”)  başqanı Göksel Gülbeyi yerli mediada onunla bağlı deyilənlərə Avrasiya.net-ə eksklüziv müsahibəsində aydınlıq gətirib. 

- Azərbaycan mətbuatında haqqınızda yazılanları necə qarşıladız?

- Təbbi ki, çox pis. Bunu gözləmirdim. Olmayan şey haqqında yazı yazmaq, araşdırma aparmadan, mənim fikirlərimi öyrənmədən, kimin nə dediyinin fərqinə varmadan yazmaq düzgün deyil. Özü də mənə qarşı. Hansı ki, daim fəaliyyətimi Azərbaycanın maraqlarına yönəltmişəm.

- Sizin kürd əsilli olduğunuz da yazılır. Ümumiyyətlə, ASİMDER-in kürd əsilli rəhbər olubmu?

- ASİM-DER in keçmişdə kürd əsilli rəhbəri olmayıb. Məndən öncəki prezident Vəkil Cəfər Zordur. O da azəri türküdür.  Mənim atam Azərbaycan türkü, anam isə kürd əsllidir. Anamın kürd əsilli olduğunu əsas gətirib belə yazırlar.

- Gülər Əhmədova ilə İqdırdakı görüşünüzdə hansısa işbirliyi ilə bağlı razılaşma imzalamısızmı?

- Gülər xanımla iki dəfə görüşmüşəm. Bir dəfə İğdırda yığıncaqda, bir də Bakıda qondarma erməni məsələsinin Bakıda keçirilən müzakirəsində. Onunla ilk görüşümüz  2010-ci ildə Beynəlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayev və bir qrup azərbaycanlı jurnalistin İğdıra gəlişi zamanı olub. Iğdırdakı vətəndaş cəmiyyəti təşkilatların başçıları birlikdə Azərbaycan millət vəkili olaraq yığıncaq etdi. Sonra mən 2011-ci ildə ilk dəfə ömürümdə çox sevdiyim, görməyi arzuladığım Bakıya getdim. Orada bizi parlamentə dəvət etdi  və mətbuat şərhi etdik. Sevdiyimiz və saydığımız bir insan idi. Təkcə əlaqəmiz bu qədər. Iğdırda Gülər xanım MHP başçısı ilə yemək yedi və görüşdü. Bu o deməkdimi ki, onunladamı müqavilə bağladı? Mən Qənirə Paşayeva və Azay Quliyevlə də Bakıda yemək yeyib, yığıncaqda iştirak etmişəm. Onlarla da biznes əlaqələrimi qurmuşam?

- Deməli, Ermənistanda biznesininz olduğu məlumatı yalandır?

- Bəli, yazdığım kimi məni qəsd etməkdir. Mənim bu qədər Ermənistan və ASALA haqqında etdiyim iş qarşısında Ermənistana girməmə icazə verirlərmi? Ermənistan prezidenti qatil Serj Sarkisyandan beynəlxalq məhkəmələrə şikayət etdim. Xocalıdakı qırğının məsulu deyə cəzalanmasını istədim. Ramil Səfərov üçün Macarıstanın Ankaradakı səfirliyi qarşısında aksiya keçirib, qara çələng buraxdım, Türkiyə, Azərbaycan və Avropada Ramil Səfərovun buraxılması üçün imza kampaniyası etdik. Ramil azad olunduqdan sonra Macarıstan səfirliyinin bizdə iki dənə yazısı var ki, Ramil Səfərov ölkəsinə ekstradisiya edildi. Sizdən soruşuram: bu qədər işdən sonra mənim Ermənistana girə biləcəyimi deyən insan sağlam ola bilərmi? Türkiyədəki təhlükəsizlik gücləri məni səsləyib “Göksel bəy, ermənilərin siyahısında iştirak edirsiniz. Başınıza pul qoya bilərlər, diqqətli olun deyir”. “Müsavat” isə yazır ki, guya mənim Ermənistanda şirkətim var. Gülər Əhmədova ilə heç bir razılaşma imzalamamışıq. Bunu sübut etmək istəyirlərsə buyursunlar. Mənim tək günahım var – hər haldaki Azərbaycanı sevmək. Çünki hər şeyi Azərbaycan üçün edirəm,  Azərbaycan torpaqlarını işğal edilməsini dünyaya izah etməyə çalışıram. Amma bir Azərbaycan qəzeti, həm də özlərini vətənsevər və milliyyətçi adlandıran bir qəzet məni Qarabağdaki qatil ermənilərlə bərabər tutarcasına haqqımda yalan yazılar yazır. Burada Azərbaycanı sevən insanlar “Müsavat” qəzetini bu yazısına görə qınayır və sizin vasitənizlə dürüst, gerçək xəbər yazmağa dəvət edirəm.

- Sizcə bu işin arxasında kim durur? Niyə məhz sizin adınızı hallandırırlar?

- “Müsavat” qəzetinin işçiləri İğdıra gəlib buradakı erməni diasporuna yaxın olan kəslərlə söhbət ediblər. Bu kəslər bizim ermənilər qarşısında fəaliyyət göstərməyimizə narahatdırlar. İğdırda keçmişdən qalan və hələ də yaşayan erməni ailələr var.  Amma onlar özlərinə assimilyasiya olmuş azəriyik deyirlər. Bunları mən bilirəm. “Müsavat”ın Fəramil deyilən müxbiri onlarla görüşmüş və onlardan əldə etdiyi məlumatı qəzetə çıxarıb. Əslində bu yazısı ilə erməni diasporuna bilmədən xidmət edib.

- Siz Dünya Azerbaycanlılarının III Qurultayında iştirak etmək üçün Gülər Əhmədovaya zəng vurmusuzmu? Guya məqsədiniz komitə sədri Nazim İbrahimovla görüşmək,  ASİM-DER-ə Azərbaycanda maliyyə ayrılmasına nail olmaq idi…

- Mən bu mövzu haqqında heç bir zaman Gülər xanıma telefon açmadım. Nazim bəylə də görüş tələbim olmayıb. Olsaydı Bakıya gələndə onunla görüşmək üçün razılığını alardım. Mənim elə bir istəyim olmadığı üçün görüş də tələb etmədim. Maliyyə məsələsinə gəlincə, buna bizim ehtiyacımız yoxdur. Biz digər təşkilatlar kimi bu məsələ ilə bağlı Azərbaycandan pul tələb etmərik.  Amma biz hər zaman Türkiyədə yaşayan hər bir Azərbaycan türkünün yanımızda olmasının istəmişik ki, mübarizəmiz daha da güclü olsun. Bunun da qarşısında heç bir zaman pul və başqa bir marağımız olmayıb. Əgər bununla bağlı kiminsə əlində fakt varsa buyursun.

- Siz haradan bildiniz ki, “Müsavat”ın əməkdaşı İqdırda ermənilərlə görüşüb?

- Bilirəm, Fərmail adlı müxbir İqdır və Qarsa gəlmişdi.  Bu xəbəri aldıqdan sonra ona telefon açdım. Dedi ki, sizin də təşkilata gəlmişdim, qapınız bağlıydı deyə sizinlə əlaqə saxlamadım. Onunla görüşənlər erməni olduqlarını deyə bilməzlər. Onlar özlərini azəri kimi təqdim edirlər.

- Yazının müəllifinə etirazınızı bildirmisizmi?

-Hə zəng etdim. Dedi kmi, siz də bizə danışın. Ona anlatdım, amma yazacaq, yazmayacaq daha bilmirəm. Onu da deyim ki, bu yazıdan sonra Azərbaycanda bizim fəaliyyətimizi dəstəkləyənlər də ora zənglər ediblər.

- Bəs Gülər Əhmədova və İsmayıl Ağayevlə necə, əlaqə saxlamadız?

-Yox.

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az