Ümid partiyası sədrinin müavini, tanınmış jurnalist Aynur İmranovanın “Vətəninfo.az”a müsahibəsi:
- Aynur xanım, ilk sualımıza bu günlərdə Ankarada keçirilən Güney Azərbaycan Forumu ilə başlamaq istərdik. Forum necə keçdi və hansı təəssüratla qayıtmısınız?
-Forum sözün əsl mənasında baş tutdu və çox əla nəticələrlə yekunlaşdı. Forumdan öncə İranın çox ciddi cəhdlə fəaliyyətə keçərək Forumun işinə mane olmaq istəyinə rəğmən. Hər kəs qəbul edir ki, bu günə qədər Güney Azərbaycana aid bu qədər təşkilatın bir araya gəldiyi bir toplantı olmamışdı. 300 nəfər iştirakçının əsas hissəsini gənclər, 50 dən çox təşkilatın nümayəndəsi və Cənubi Azərbaycandan olan soydaşlarımız təşkil edirdi. Bütün yaradılan əngəllrə baxmayaraq Konsey yaradıldı və İdarə Heyəti seçildi. Bundan sonra fəaliyyətimizin qarşısında heç kim dayana bilməz. Uğurlu işlərə imza atacağıq. Hamımız birlikdə Təbrizimizin, Cənubi Azərbaycanımızın azad olmasına nail olacağıq.
-Forumun işinə hansı əngəllər yaradıldı?
- Forum əvvəlcədən Sürməli oteldə keçirilməsi planlaşdırılmışdı. Amma Forumun başlanmasin cəmi 10 saat qalmış Ankara valiliyi tərəfindən “Forumun keçirilməsinin uyğun görülməməsi haqqında” bildiriş gəldi. Səbəblər açıqlanmamışdı. Təşkilatçılar məhkəməyə müraciət etməyi düşünürdülər. Amma Forumun keçirilməsi tarixi həftə sonuna düşdüyü üçün yeni həftəni gözləmək zorunda idilər. Amma Azərbaycandan, Avropadan Rusiyadan qonaqlar gəlmişdi. Ona görə də Forumu gizli keçirməyə qərar verdik. Sürməli oteli Foruma ev sahibliyi eləməkdən imtina etdi. Çox pis vəziyyətdə qaldıq. İki gün heç nə yemədik. Sonunda Doğa Residanse otelinin zəmin qatında Forumumuzu reallaşdırmağa nail olduq. Çıxışların ən qızğın çağında polislər oranı da tapdı. Zatən qadağa gələndən sonra aramız mülki geyimli polislərin qatıldığı xəbərini almışdıq. Nə qədər ehtiyatlı davransaq da yerimizi sonunda tapa bilmişdilər. Yekunlaşdırmaq üçün polislərdən bir saatlıq möhlət aldıq. Əsas odur ki, bu şəraitdə işimiza uğurla baa çatdırdıq. Nə olursa olsun.. Bir çox qərarlar oldu. Küsənlər barışdı, uzun illər bir araya gələ bilməyən insanlar çiyin-çiyinə əyləşdi. Məsələn, Sabir Rüstəmxanlı ilə Mirəşrəf bəy.. Forumun bir uğuru da o oldu ki, özündə Türkiyədən və Rusiyadan millətçiləri, Qüzeyli və Güneyli Azərbaycanlıları birləşdirən bir qurum yaradıldı. Hər kəs Cənubi Azərbaycanın haqq səsini, əzilən millətimizin harayını dünyaya çatdırma üçün əlindən gələni edəcəyinə söz verdi.
-Bu günlərdə bir jurnalist xanim forumda bəzi məsələlərlə bağlı sərt yazı yazıb və Sizdə ona cavab vermisiniz. Əslində, nə baş verir?
- İsrarla xahiş edirəm o xanımın adını çəkməyin heç bir yerdə. Heç kimi reklam etməyək. Siz o yazını oxudunuzmu. Guya ki, ABŞ İranı parçalamaq üçün pul ayırıb. Bu xəbər tamamilə İranın xəbər agentlklərinin yazdıqları ilə üst-üstə düşür. Əslində mənə qarşı olan iddiasında da, fikri Forumun işindən yayındırmaqdır. Hədəf şaşırtmaq. Əslində əvvəldən o xanımın mənimlə problemi var idi. Bu da bəhanə oldu. Aydınlıq gətirim ki, Cemal Mehmethanoğlu burda Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı ilə görüşüb. Görüşdə Ramin Hacılı gənclərin də Forumun işində iştirakı üçün kömək istəyib. Cəmal bəy də gəncləri Ankaraya gətirəcək avtobusun pulunun özü tərəfindən ödəniləcəyinə söz verib. Hətta razılaşmada bu da olub ki, sonra avtobus o gəncləri 1 günlük Türkiyənin başqa bir şəhərinə də gəzməyə aparsın.
Mən sonradan xahiş eləmişəm ki, avtobusda 15 nəfərlik yer də siyasi partiyalar və qeyri hökümət təşkilatları üçün ayrılsın. 35 nəfərin pulunu Ramin Hacılı, 7 nəfərin pulunu isə mən almışam. Qalan yolçular pul verməyib. Natiq Adilov, Həsən Həsənli də həmçinin pul verməyənlərdən olub.. 7 nəfərə ADP-dən 4 nəfər, Xaliq Bahadırla, Zümrüd Yağmur, bir də Ramin adlı bir dostumuz aiddir.
-Yəni, problemin kökündə pul dayanır? Bəlkə burada başqa məsələ var?
- Orda hər kəs ac qaldı. Mən və mənimlə gedən 4 nəfər də, Sürməli otelə 2 günə hərəmiz 165 lirə ödəmişdik. Amma biz də ac qaldıq. Çünki problem həll eləməyə başımız qarışmışdı. Forum qadağan olunub, yer tapa bilmirik. Kim idi qarın güdən?! Onların da gec də olsa yemək problemi həll olunmuşdu. Onda da menyunu bəyənməmişdilər. Zatən ordan gələnlərdən sadəcə 4 nəfər qarın davası döyür. Qalan şəxslərin belə iddiası yoxdur. Otel 5 ulduzlu deyildi, niyə 3 ulduzlu idi. Belə insanların başdan ələnməsi yaxşı oldu. Sonradan daha böyük problemlər çıxa bilərdi. O ki qaldı, pullara- Cemal Mehmathanoğlu kimin nə qədər şikayəti varsa şəxsən, cibindən ödəyəcəyinə söz verdi. Çünki Cənubi Azərbaycan məsələsinin bu cür dillərdə dolanması xoş deyildi. Bu sadəcə İranın dəyirmanına su tökməkdir. Məni o, xanım maraqlandırmır. Məni “Yeni Musavat” qəzeti maraqandırır. Ölkənin ən nüfuzlu qəzeti səhifələrində mənim haqqımda 4 dəfə qərəzli yazı yerləşdirir, ittihamlar irəli sürülür. Bir dəfə belə münasibətimi öyrənməyə cəhd etmir. Bu nə dərəcədə doğrudur? Mən indi gedim bu iqtidarın dəyirmanına su töküm? “Yeni Musavat”ı məhkəməyə verim? Bir-birimizi yeyək? Özümə bunu sığışdıra bilmirəm.
- Forumun nəticələrinə İranın münasibəti necə oldu?
- İranın bütün xəbər agentliklərində Forumun işinə geniş yer verildi. Bu birləşmə İranı çox narahat elədi. Məsələn, SEPAH-ın keçmiş komandirlərinin birinin rəhbərlik etdiyi xəbər saytında Forum haqqında “Türkiyə İranın ərazi bütövlüyünü pozur” başlığı ilə verilmişdi. Bu gün İran bütün variantlardan istifadə edir ki, Cənubi Azərbaycan köməksiz qalsın. Niyə?! Çünki Cənubi Azərbaycan türkləri İran əhalisinin çoxunluğunu təşkil edir. İranın canı ordadır. Ona görə də illərlə orda ana dilində məktəb belə açmağa izn vermir. İnsanların hüquqlarını tapdalayır, zülm edir. Ən sonda da Urmiya gölünün problemini çıxartdı. İran bilərəkdən Cənubi Azərbaycan torpaqlarının şoranlaşdırılmasını istəyir. Çünki Azərbaycan-türk tarixinin kökü Urmiya gölü ətrafından başlayıb. Urmiya gölünü qurutmaqla orda kompakt yaşayan və əkinçiliklə məşğul olan 14 milyon türk əhalinin ordan didərgin salmaq məqsədi güdür. Biz Azərbaycanın və dünyanın ekoloji təşkilatlarını da bu addıma etiraz etməyə çağırırıq. Çünki Urmiya gölü çox unikal flora və faunası olan bir yerdir. Bütün bu ortamı məhv etməyə İran dövlətinin nə haqqı var?!
- Konseyin bundan sonrakı ilk addımları nə olacaq?
- Gələn həftə mətbuat konfransı keçirəcəyik. Cəmal Mehmethanoğlu və İdarə Heyəti üzvləri gələcək. Azərbaycanın bütün bölgələrində Güney Azərbaycan dostluq qrupları yaradacağıq. Amma əsas işimiz dünyada Cənubi Azərbaycanın haqq səsinə çevrilməkdir. Hər kəs İranda Cənubi Azərbaycan türklərini tərəf kimi tanıyacaq, onların haqları bərpa olunacaq. Bunun başqa yolu yoxdur.
Söhbətləşdi: Elnur Eltürk