Bu barədə “Vətəninfo.az”a Haqq və Ədalət Uğrunda Hərəkatın Azərbaycan nümayəndəliyindən bildiriblər.
İsveçrədə qeydiyyata alınmış təşkilatın sədri Qabil Rzayev, Azərbaycan nümayəndəliyinin rəhbəri isə Taleh Əliyevdir.
"Haqq və Ədalət Uğrunda" Hərəkatın Azərbaycan nümyəndəliyinin təsis olunması ilə bağlı cümə axşamı RATİ -də mətbuat konfransı keçirilib.
Azərbaycan nümayəndəliyinin rəhbəri Taleh Əliyev Hərəkatın İsveçərdə yaradıldığını və 2011-ci lin yayında beynəlxalq təşkilat olaraq qeydə alındığını bildirib. Hərəkatın təsisçisi 1995-2000-ci illərdə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuş, 2003-cü ildə Azərbaycandan Avropaya mühacirət etmiş Qabil Rzayevdir. Mətbuat konfransı zamanı Qabil Rzayevlə canlı telefon bağlantısı yaradılıb.
Hərəkatın Avropa istiqamətində əsas məqsədi Azərbaycan diaspor hərəkatını gücləndirmək, Qarabağ problemi haqqında Avropa xalqlarına həqiqətləri anlatmaq, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.
Azərbaycanla bağlı isə hərəkat sosial ədalət uğrunda mübarizəni prioritet sayır. Ölkənin gəlirlərinin ədalətlə bölünmədiyi iddia edilir. Bu mənada neft gəlirlərinin ədalətli xərclənməsi üçün ictimai nəzarət mexanizminin yaradılıması zəruri sayılır. Korrupsiya və rüşvətə qarşı mübarizə aparılması təxirəsalınmaz hesab olunur. "Bu mübarizə yönünə baxmayaraq təşkilat qarşısına siyasi məqsəd qoymur, ölkədə hakimiyyətin yox, düşüncələrin dəyişməsi uğrunda mübarizə aparır"-deyə Taleh Əliyev bildirib.
Hərəkatın məqsəd və məramını xalqa çatdırmaq üçün "Haqq və Ədalət carçısı" qəzeti nəşr edilir.