İcazəsiz mitinqlərlə bağlı qanuna şok təklif

İcazəsiz mitinqlərlə bağlı qanuna şok təklif

İştirakçilar 500-1000, təşkilatçılar 30000 manata qədər cərimə olunacaq

Azərbaycanda hökumətin icazə vermədiyi kütləvi aksiyalara – mitinq, yürüş və piketlərə qarşı sərt sanksiyalar tətbiq olunur. Bununla bağlı “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi hazırlanıb.
Layihənin müəllifi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfail Cəbrayılovdur.

Layihə artıq Milli Məclis Aparatına təqdim olunub. Layihədə hökumətin icazə vermədiyi aksiyanın iştirakçıları və təşkilatçılarına qarşı cərimələrin kəskin şəkildə artırılması nəzərdə tutulub. Məsələn, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib.

Layihədə hökumətin razılıq vermədiyi kütləvi aksiyanın təşkilatçıları üçün 1500 manatdən 3000 manatadək cərimə nəzərdə tutulub. Təşkilatçı vəzifəli şəxsdirsə (məsələn, siyasi partiyanın rəhbəri və ya funksioneridirsə), onun 3000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi təklif olunub.

Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), layihədə ona 15000 manatdan 30000 manatadək cərimə tətbiq edilməsi təklifi irəli sürülüb.

Hazırkı qanunvericiliyə görə, rəsmən sanksiyalaşdırılmamış aksiya başqalarının hüquq və azadlığına, mənafeyinə əhəmiyyətli dərəcədə zərər vurduqda belə aksiyanın iştirakçıları 300 manatadək, təşkilatçıları isə 500 manatadək cərimələnir. Yeni layihədə istər iştirakçıların, istərsə də təşkilatçıların bu halda 8000 manatdək cərimələnməsi nəzərdə tutulub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az