Xalq şairinin sözlərinə görə, ötən illər ərzində təkcə məktəbin deyil, ümumilikdə rayonun təhsil uğurlarında geriləmə baş verib:"Məktəbdə gördüklərim ürəyimi ağrıtdı. Artıq nə məktəb, nə də müəllimlər əvvəlki kimi deyil. Müəllimlərə tapşırıq vermişdilər ki, görüş keçirmək olmaz, onlar da nə edəcəklərini bilmədən mənim üzümə baxırdılar. Müəllimlər görüşü təşkil etməyə cəhd etsələr də, ardıcıl zənglər gəlirdi ki, olmaz… Sanki təxribatçı bir insan məktəbə gəlib. Halbuki bu görüşün uşaqlar üçün əhəmiyyəti çox böyükdür. Nəhayət, icra başçısı ilə əlaqə yaratmağa nail oldum və ona sözümü dedim, bildirdim ki, sənin bunu etməyə haqqın yoxdur. Bundan sonra Prezident Aparatına zəng edib məlumat verdim, onlar bir neçə dəqiqə ərzində Təhsil Nazirliyinin də iştirakı ilə bu məsələni həll etdilər. Yalnız bundan sonra icra başçısının müavini gəldi ki, görüş yüksək səviyyədə keçməlidir və s. Bu nə demək idi? Necə oldu ki, 5 dəqiqəyə hər şey dəyişdi? Əgər Prezident Aparatı mənim xahişimi bir neçə dəqiqəyə həll etdisə, o zaman bu qadağanı qoyan kimdir? Ölkənin müstəqillik aktında imzası olan, xalq şairi adını daşıyan bir insan nə üçün məktəblərə gedə bilməz?”
Sabiq millət vəkili bu cür münasibəti özünə qarşı təhqir kimi qiymətləndirdi: "İcra başçısının nə haqqı var ki, məni təhqir etsin?! Bu insanın rayondan xəbəri yoxdur, heç bir ciddi iş görmür, oturduğu kabinetdən çıxmır… Rayonda təhsilin səviyyəsi də aşağı düşüb. Çox güman ki, icra başçısı mənim məktəblərdəki vəziyyətdən xəbər tutacağımı nəzərə alaraq belə bir görüşə mane olmaq istəyirmiş. Mən ona da təklif etdim ki, özü, ya müavini, ya da təhlüləsizlik orqanlarından hansısa nümayəndə gəlsin görüşdə otursun və görsün ki, biz şagirdlərlə nədən danışırıq. Görüşümüz müstəqilliyə həsr olunmuşdu, Azərbaycanın müstəqillik tarixindən, təhsildən danışırdıq”.
Xalq şairi hesab edir ki, icra başçısının görüşə mane olmaq istəməsinin əsas səbəbi baş verən neqativ halları gizlətmək olub: "Biz bilirik ki, müəlliflərin, şair və yazıçıların orta məktəblərə gedib görüş keçirməsi o şagirdlərin zehnində silinməz izlər buraxır, onların kitaba, ədəbiyyata marağını artırır. Əksinə, məktəb özü xahiş etməlidir ki, biz şagirdlərin görüşünə gedək. Mən 300 kilometr yol getmişəm, bunu dəyərləndirmək əvəzinə, tərbiyəsiz şəkildə mənim önümü kəsirlər. Bu, şagirdlərə də, müəllimlərə də çox pis təsir etdi. İcra başçısı kimi kimdən qoruyur, mənim məktəbimi, mənim rayonumu məndən qoruyur? Bu dövləti quranlardan biri də mənəm, sən bu dövləti məndənmi qoruyursan?”