İlham Əliyev: "Avropada miqrantlara hücumlar edirlər"
"Bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb. Miqrantlara müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri açıq hücumlar edirlər. Bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir”.
Dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edən prezident İlham Əliyev belə deyib.
Bu barədə dövlət başçısının rəsmi saytı xəbər yayıb.
Prezident Azərbaycanda 2016-cı ilin "Multikulturalizm ili” elan olunduğunu, bu sahədə böyük işlərin görüldüyünü qeyd edib. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu vurğulayan İ.Əliyev mövcud problemlərin həllində vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin önəm daşıdığını qeyd edib.
T. Moskalkova Azərbaycan və Rusiyanın ombudsmanları arasında imzalanan müqavilədən, dekabrın 28-də multikulturalizm və insan hüquqları ilə bağlı Bakıda düzənlənən konfransın önəmindən danışıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
T. Moskalkova Bakıda multikulturalizm və insan hüquqları ilə bağlı keçirilən konfransın işində iştirak etmək məqsədi ilə Azərbaycana gəlib.
Miq.Az