İngiltərə futzal klubu “Baku United” Azərbaycanda məşq edəcək

İngiltərə futzal klubu “Baku United” Azərbaycanda məşq edəcək

İyulun 31-də İngiltərə Super Liqasının 2012-2013-cü il mövsümünün qalibi “Baku United” futzal komandası Azərbaycana gələcək. Futzal klubundan verilən məlumata görə, komandanın Bakıya gəlməsində məqsəd təlim-məşq toplantısını burda keçirməkdir. Komanda üzvləri 3 həftə ərzində ciddi qrafik əsasında məşq edəcəklər. Bu müddətdə Baku United Azərbaycanın peşəkar futzal komandaları olan “Araz”, “Neftçi” və “Ekol”la yoldaşlıq görüşləri də keçirəcək. 

Baku United İngiltərə çempionu titulunu qazanandan sonra Avropa çempionatına ciddi hazırlaşır. Heyətə İngiltərə milli yığmasının dörd oyunçusundan əlavə güclü Portuqaliya milli yığmasının kapitanı, Avropanın aparıcı klubu olan Barselona komandasının müdafiəçisi, hazırda dünya ikincisi olan İspaniya milli yığmasından iki oyunçu və digər ulduz oyunçular cəlb olunub. Baku United komandasının baş məşqçisi Çama Himenez İspaniya futzalı tarixində ən sayılıb seçilən simalardan biri hesab edilir.

Baku United komandasının UEFA Kubokunda yerləşdiyi B qrupunun oyunlarına 28-31 avqustda Polşa Respublikasında start veriləcək.  İsveçrənin Nyon şəhərində keçirilən püşkatmaya əsasən Baku United Polşa, Monteneqro və Albaniya komandaları ilə bir qrupa düşüb.  

Qeyd etmək istərdik ki, İngiltərə futzal tarixində heç bir komanda UEFA-nın ilk mərhələsini keçməyə nail olmayıb. “Baku United”in bu arzunu reallaşdıran ilk komanda olması ehtimalı çox böyükdür. 

 İngiltərədə fəaliyyət göstərən Odlar Yurdu təşkilatı tərəfindən beş il əvvəl həvəskar bir komanda kimi yaradılan Baku United 2012-ci ildə İngiltərə Super Liqasına yüksəlib və çox keçmədən 2012-2013 İngiltərə futzal liqasının qalibi adına layiq görülüb. İngilis futzalsevərləri hesab edir ki, Baku United İngiltərə futzal liqasına qatılandan sonra ölkədə bu idman növündə canlanma yaranıb. Onların fikrincə, komanda İngiltərə futzal liqasının Avropa səviyyəsinə qalxmasına bünövrə yaradıb. Bundan qabaqkı 5 mövsümdə ardıcıl olaraq liqanın qalibi eyni komanda – Helvesia olurdu və həmin komanda İngiltərəni Avropada layiqli yerə çıxara bilmirdi. Buna görə də İngiltərə idman ictimaiyyəti “Baku United”in uğurlarına böyük maraq göstərir.   

Xatırladaq ki, “Baku United” klubuna prezident kimi İlham Nağıyev rəhbərlik edir. 

Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az