İnkişaf yolumuzu vərəqləyərkən...

İnkişaf yolumuzu vərəqləyərkən...

Abbas  Novruzov

Bu  günlərdə  oxucularımızın marağına  səbəb olacaq kifayət qədər maraqlı  bir kitab işıq üzü  gördü.  Kitab respublikamızda  meliorasiya  və  su  təsərrüfatı obyektlərinin  layihələndirilməsi ilə məşğul olan,  olduqca  şərəfli  bir tarixi  yol keçmiş  bir  təşkilatın - Su  Təsərrüfatı  Obyektlərinin   Layihələndirilməsi  üzrə Azərbaycan  Dövlət İnstitutunun  /"Azdövsutəslayihə"/  80 illik  yubileyinə həsr olunmuşdur.
"Azdövsutəslayihə"  İnstitutunun  tarixi  inkişaf  yolu"  adlanan  bu kitabın müəllifləri  texnika elmləri namizədləri  Elbrus Paşayev  və  Fərzəli Həsənovdur. Yeri  gəlmişkən,  Elbrus  Paşayev "Azdövsutəslayihə"  İnstitutunun   direktoru, Fərzəli Həsənov  isə  həmin  İnstitutun  baş mütəxəssisi və eləcə də  Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosentidir. Maraqlı  məzmunu, nəfis tərtibatı  ilə   diqqəti   cəlb   edən   kitabda   "Azdövsutəslayihə"   İnstitutunun    yaranma tarixindən, onun  yarandığı andan  bu günədək  keçdiyi  tarixi  inkişaf  yolundan  bəhs  edilir.   Bununla   yanaşı   kitabı   vərəqlədikcə    onun   səhifələrində   on doqquzuncu əsrin ortalarından başlayaraq iyirminci əsrin otuzuncu illərinə qədər Azərbaycanda   Su   təsərrüfatının   vəziyyəti,  bu  dövrdə  çar   Rusiyasının  Azərbaycan  ərazisində   pambıq  bitkisinin   yetişdirilməsi  istiqamətində  necə siyasət  aparması,   bu  məqsədlə   Mil-Muğan  düzündə  suvarma   vasitələrinin tikintisi, Araz və  Kür  çaylarında  su çarxları  quraşdırmaqla  və  digə r suvarma  üsullarından  istifadə   etməklə   əkin  sahələrinin   suvarılması,   bütün  bunların   həyata keçirilməsi üçün  Rusiya ərazisindən gətirilmiş köçkünlərin bu ərazilərdə  yerləşdirilməsi,  sovetlər  dövründə   Azərbaycanda   kənd   təsərrüfatının,  aqrar  sahənin, eləcə də meliorasiya və su təsərrüfatının inkişafı ilə bağlı dəyərli  tarixi  faktlara da  rast  gəlinir.  Kitabda   həmçinin  Azərbaycanda   meliorasiya  və  su  təsərrüfatı  sahəsində   işlənib   hazırlanan   layihələr, tikilən  obyektlər,  onların  texniki  göstəriciləri,  iri  hidrotexniki  qurğuların,  su anbarlarının  foto şəkilləri,  müxtəlif sxematik planlar,  İnstitutda fəaliyyət göstərmiş və hal-hazırda  çalışan əməkdaşlar haqqında geniş və əhatəli məlumatlar da öz əksini tapmışdır.
Bir  sözlə,   texniki,  tarixi  və  etnoqrafik  məzmun  baxımından  mühüm əhəmiyyət kəsb edən bu kitab mükəmməl bir ensklopedik əsərdir.  Əminəm ki, kitab təkcə  meliorasiya və su təsərrüfatı sahəsində çalışanların  deyil,  həm də geologiya,  hidrologiya,  ekologiya,   tarix  və  etnoqrafiya  sahəsində   çalışan mütəxəssislərin ,  texniki   universitetlərin   müəllim və  tələbələ   heyətlərinin, eləcə də  geniş oxucu kütləsinin  böyük  marağına səbəb olacaqdır.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az