“İran Azərbaycan adlı nüvə bombası yaradır” müsahibə

“İran Azərbaycan adlı nüvə bombası yaradır”        müsahibə

Prezidentliyə keçmiş namizəd, professor Qüdrət İsaqovun “vətəninfo”ya müsahibəsi

- Qüdrət müəllim, son günlər İran Azərbaycana qarşı təzyiqlərini gücləndirib. Bəzi ekspertlərə görə, İran bununla qərbə-amerikaya gücünü göstərmək istəyir. Sizcə, bu belədir?

-İran Azərbaycana qarşı təzyiqlər edərkən iki məqsəd güdür:

1. İranın Azərbaycana təzyiqlər göstərməsi preventiv bir tədbir olaraq həm Azərbaycana və həm də qonşu dövlətlərə bir mesaj kimi qiymətləndirilməlidir. İran bu mesajla Azərbaycanı və qonşu dövlətləri ABŞ və İsraillə müttəfiqlikdən çəkindirməyə çalışır. Eyni zamanda İran güc nümayiş etdirərək başa salmaq istəyir ki, İrana qarşı müharibə olacağı tqdirdə ABŞ və İsrailə yardım edənlərə qarşı birbaşa vuruşacaq, bizim və digər qonşu dövlətlərin ərazilərinə raket zərbələri endirəcək. 

2. Sizin dediyiniz kimi İran Azərbaycana təzyiqlər göstərərkən həm də ABŞ və İsrailə gücünü göstərmək istəyir. Onlardan qorxmadığını və hər cür müharibəyə hazır olduğunu bildirir. Mən İranın bu əzələ nümayişini perspektivsiz və mənasız bir siyasət hesab edirəm. Çünki ABŞ və İsrail İrana müharibə elan etsələr nə Azərbaycanla məsləhət edəcəklər, nə də Azərbaycandan heç nə soruşmayacaqlar.     

AZERBAYCANDA ƏKS KƏŞFİYYAT GUCLƏNDİRİLMƏLİ VƏ 

2-Cİ ORDU YARADILMALIDIR

- Bu günlərdə MTN tərəfindən İran xüsusi xidmət orqanlarına işləyən şəbəkənin ifşa olunması faktı ölkəmiz üçün nələr deyir?

-MTN tərəfindən İranın xüsusi xidmət orqanlarına işləyən şəbəkənin ifşa olunması göstərir ki, ayıq-sayıq olmalıyıq. Ölkəmizə qarşı hər bir təxribatlar ola bilər. İstənilən ölkənin Azərbaycanda xüsusi şəbəkələri ola bilər. Bu şəbəkələrin də hansı dövlətə mənsub olmalarından asılı olmayaraq onların hamısı zərərsizləşdirilməlidir. Ona görə də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat istiqamətində səylərini gücləndirməsi həm bu gün, həm də hər zaman aktual olacaq. Yəni əks kəşfiyyat istiqamətində, sərhədlərimizin qorunması istiqamətində bütün lazımi tədbirlər həyata keçirilməlidir. Bu sahədə lazım olan bütün maddi-texniki vasitələrdən istifadə olunmalıdır.  Sərhədlərimizin qorunması naminə Azərbaycan özünün 2-ci ordusunu da yarada bilər. 2-ci ordunun yaradılması narkotrafikin qarşısının alınması, qaçaqmalçılıq və qeyri-qanuni silah və sursatların daşınmasının qarşısının alınması üçün də mühümdür. 

-Azərbaycan Respublikasının Sərhəd Qoşunları 2-ci ordunun funksiyalarını həyata keçirə bilərmi?

-Keçirə bilər. Belə olan halda Dövlət Sərhəd Qoşunları Xidməti Azərbaycan Müdafiə Nazirliyinin tabeçiliyində olan ordunun səviyyəsinə yüksəldilməlidir. Yəni Dövlət Sərhəd Qoşunları Xidmətinin ağır və yüngül silahları, artilleriyası, tanklar, BTR-lər, BMP-lər həm sayca, həm də keyfiyyətcə MN-in tabeliyində olan ordunun səviyyəsinə qaldırılmalıdır. Ən yaxşı variant isə 2-ci ordunun yaradılmasıdır. Biz bununla Avropada Adi Silahlar Haqqında Konvensiyanı da pozmuruq. Çünki 2-ci ordunu Ermənistana qarşı yox, sərhədlərimizin təhlükəsizliyini qorumaq üçün yaratdığımızı bəyan etməliyik.   

İNDİ İRANI XİLAS EDƏN AVROPADIR

- Necə düşünürsünüz, bu il İrana qarşı müharibə gözlənilirmi?

-ABŞ-ın təzyiqləri altında Avropa ölkələri İrandan neft idxalını dayandırmayıblar. Avropa ölkələri bəyan edirlər ki, onlar İrandan neft idxalını azaldıblar. Yəni bu gün Avropa ölkələrinin yeni neft bazarı, yeni neft ixracatçıları axtarmaq arzuları yoxdur. Çünki ABŞ sanksiyaları ilə üzləşən İran və Avropa ölkələrinin gizlin neft sövdələşmələri gedir. Yəni Avropa ölkələri ABŞ sanksiyalarından bəhrələnərək İranı nefti daha ucuz qiymətlərlə ixrac etməyə məcbur edirlər. İranın da başqa yolu olmadığından bu sövdələşmələri Avropa ölkələrinin xeyrinə aparmağa məcburdur. Bu gün Rusiyadan da, Çindən də İranı daha çox qoruyan Avropa ölkələri və onların neft ehtiyaclarıdır. İrana qarşı müharibənin aparılması Avropa ölkələrinin iqtisadiyyatının tənəzzülü və yeni iqtisadi böhranlar deməkdir. İrana qarşı müharibə elan olunması məsələsində ABŞ və İsrailin maraqları ilə Avropa ölkələrinin iqtisadi maraqları 180 dərəcə fərqlidir. Hətta deyə bilərəm ki, ABŞ Avropa ölkələrinin iqtisadi maraqlarının təmin olunmasına yardım etsə belə, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Rusiya və Çin İrana qarşı qətnamələrə, sanksiyalara veto qoyacaqlar. Çin iqtisadiyyatı üçün İran nefti əvəzsizdir. Göstərdiyim səbəblər üzündən də bu il İrana qarşı müharibənin baş verəcəyinə inanmıram. 

İRAN AZƏRBAYCAN ADLI NÜVƏ BOMBASI YARADIR

-İranın nüvə silahı yaratmaq səyləri İrana qarşı müharibənin elan olunması üçün əsas ola bilərmi?

- İraqın keçmiş prezidenti Səddam Hüseyindən fərqli olaraq İran prezidenti Əhmedinejat bu məsələdə bir qədər fərqli və çevik adlandirilacaq mövqelər nümayiş etdirir. İran bəyan edir ki, bizim nüvə tədqiqatlarımız tamamilə enerji siyasətimizə xidmət edir. Bizə nüvə silahı lazım deyil. Nüvə silahı şeytan işidir. Bütün ölklərin nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var. Əhmədinejat bu dediklərini qorxmadan hər yerdə bəyan edir, BMT tribunasından dəfələrlə cıxışlar edir və s. BMT-nin Atom enerjisi üzrə Beynəlxalq Agentliyi MAQATE də İranda nüvə silahının yaradılması haqqında tutarlı sübutlar ortaya qoya bilməyib. Ona görə də İranın nüvə silahı yaratması haqqındakı mülahizələr hələlik öz təsdiqini tapmadığından bu versiyanın səbəb kimi göstərilməsinin də İrana qarşı müharibə elan edilməsi üçün yetərli olduğunu düşünmürəm. 

-Yəni, Siz İrana qarşı hər hansı müharibə variantını istisna edirsiniz?

-Xeyir. Yuxarıda dediklərim İrana qarşı sırf xarici müdaxiləyə aid idi.     

Bu gün İrandakı vəziyyət, insan hüquqlarının pozulması səviyyəsi, farslar qədər və bəlkə də ondan da artıq insan nüfuzuna sahib olan azərbaycan türklərinə göstərilən münasibət, azərbaycan türklərinin ana dilində nə bir orta məktəbi, nə bir universiteti olmaması İranda daimi münaqişə və inqilab mənbəyidir. Ərəb ölkələrindəki inqilablarda da ABŞ və Avropa ölkləri yalnız o zaman hərbi müdaxilə etdilər, yalnız o zaman həmin ölklərə silah və sursat verməyə başladılar ki, xalq ayağa qalxdı. Əgər yadınızdadırsa Hillari Klinton keçən il bəyan etmişdı ki, öz olkələrinizdəki haqsızlığa qarşı mübarizə apararkən bizə müraciət edin. Yəni İrana qarşı müharibə o iranlıların inqilabından sonra mümkün ola bilər. Atom bombasından dəhşətli bomba İranın öz daxilindədir. Bu bombanın adı Azərbaycandır. Azərbaycan bombasını İran özü yaradır. İran Azərbaycan bombasını milli fəalları həbsxanalara doldurmaqla, onlara işgəncələr verməklə, onları öldürməklə zərərzizləşdirmək mümkün deyil. İnsan hüquq və azadlıqlarının pozulmasını daha da şiddətləndirməklə Azərbaycan adlı bombanın trotil ekvivalenti-yəni partlayış gücü daha da artacaq. Yeganə qansız və dinc yol İranda yaşayan Azərbaycan türklərinin insan haqlarının tanınmasından ibarətdir.  

-Əgər, müharibə baş versə, Quzey  Azərbaycana bunun hansısa bir formada təsiri olacaqmı? 

-Müharibə olacağı təqdirdə ABŞ və onun müttəfiqləri olan Avropa ölkələri, NATO İran ərazisindəki bütün hərbi obyektləri bombalayacaq. İranda yaşayan bütün əhali-azərbaycanlılar, farslar və digər millətlər bu müharibə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşəcək, 100 minlərlə günahsiz insanlar məhv olacaq. Müharibə İran iqtisadiyyatını məhv edəcək. İran iqdisadiyyatının dağılması bütün regionun iqtisadiyyatını çökdürəcək. İrandan Azərbaycana 4-5 milyon qaçqın gələcək. Bu da Azərbaycan iqtisadiyyatına daha dağıdıcı zərbə vuracaq. İran özünü bu müharibədən və onun fəsadlarından xilas etməlidir.  İran 21-ci əsrdə nəhəng və təbii sərvətlərlə zəngin olan bir ölkəni feodal qanunları ilə idarə etməkdən əl çəkməlidir.İranda normal insani bir quruluş yaranmalıdır. 

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az