İran paytaxtı Tehrandan çıxarır
Vətəninfo.az-ın ANS PRESS-ə istinadla məlumatına görə, İranın birinci
vitse-prezidenti İshaq Cahangiri bazar ertəsi - avqustun 10-da bununla
bağlı iclas keçirmək niyyətindədir. İclasda paytaxtın köçürülməsinin
bütün müsbət və mənfi tərəfləri müzakirə ediləcək.
İranın daxili işlər naziri
Əbdülrza Rəhmani Fəzli jurnalistlərə bildirib ki, prezident
Həsən Ruhani də bu planla razıdır. Lakin o, bəzi məsələlərin hələ də sonadək
müzakirə edilmədiyini, açıq sualların qaldığını qeyd edib. "Paytaxtın
Tehrandan başqa yerə köçürülməsini qanunvericilik təsdiq etsə də,
layihənin maliyyə imkanları hələ qeyri-müəyyən olaraq qalır", - deyə
Əbdülrza Rəhmani Fəzli bildirib.

Əbdülrza Rəhmani Fəzli - İranın daxili işlər naziri
İran prezidentinin parlamentdəki təmsilçisi
Məcid Ənsari də paytaxtın köçürülməsinin böyük maliyyə xərcləri tələb etdiyindən
reallaşmasını mümkün hesab etmir. O, dövlət müəssisələrinin və
kommersiya mərkəzlərinin Tehrandan köçürülməsinə şübhə ilə yanaşıb.
İranın paytaxtının köçürülməsi artıq 20 il idi ki, İranın Mənzil
Tikintisi və Şəhərsalma Nazirliyində və Daxili İşlər Nazirliyində
müzakirə edilirdi. Nəhayət, 2013-cü ilin dekabr ayında İran Məclisində
paytaxt Tehranın köçürülməsi haqqında akt qəbul edildi. Səsvermədə 110
nəfər aktın lehinə, 97 nəfər əleyhinə səs vermişdi. 10 nəfər isə səs
verməkdən imtina etmişdi. Lakin paytaxtın köçürülməsi prosesinin özü və
onun detalları hələ də sonadək müəyyənləşdirilməmiş olaraq qalır.

İranın paytaxtı Tehran