İran televiziyalarından birində Azərbaycanla bağlı xoşagəlməz, yalan informasiya yayılıb. Absurd məlumatları İrandan “Eurovision” müsabiqəsini işıqlandırmaq üçün akkreditasiya olunmuş jurnalist öz süjetində verib.
İranın “Tekon” televiziyasında Azərbaycan barədə təhqiramiz ifadələr olan süjet yayımlanıb. “Eurovision” müsabiqəsinin işıqlandırılması üçün akkreditasiya alan jurnalist videomaterialında Azərbaycanın şeytanla əməkdaşlıq etdiyini, yarışmanın keçirilməsinə hazır olmadığını və son günlərini yaşadığını deyir.
Jurnalist Azərbaycanı daim böyük İranın kölgəsində olan ölkə kimi təqdim edir. Süjetdə günün sonunda bağlanmış mağazalar, iflasa uğramış obyektlər, “Fastfud” qarşısında növbəyə düzülən insanlar isə acından ölənlər kimi təqdim olunur.
Materialın müəllifi “Eurovision” yarışmasına gələn xaricilərə qarşı da qeyri-etik münasibət göstərir. Süjetin sonunda isə jurnalist sanki təsadüfən “Eurovision” yarışmasına gələn şəxsin əlindəki Azərbaycan bayrağına tüpürür.
Qeyd edək ki, Azərbaycanın aparıcı KİV-lərinin əməkdaşları buna etiraz edən bəyanat qəbul ediblər.
Bəyanatda qeyd olunub:
- Əslində ona jurnalist də demək mümkün deyil. Reportajdan da göründüyü kimi, təlxək hərəkətləri ilə diqqəti cəlb etməyə çalışsa da, heç kim onu ciddi qəbul etmir. Öz ölkəsində bütün hüquq və azadlıqları boğulan təlxəyə deyəsən, Azərbaycanda gördüyü azadlıq kifayət qədər artıqlıq edib. Bakıda şahidi olduğu inkişaf və tərəqqi, yeni tikilən binalar iranlı təlxəyin başını necə gicəlləndiribsə, bütün bunların müqabilində o, Azərbaycanda aclıq və müflisliyin hökm sürdüyünü deyir. Bu şeytansifət “insan” deyir ki, Azərbaycan məhv olmaq üzrədir. Bu, ən primitiv təxribatdan və qısqanclıqdan başqa bir şey deyil. “Eurovision” kimi möhtəşəm bir mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsi fonunda isə bu qısqanclıq özünü həddən artıq büruzə verir. Təbii ki, bu baxımdan iranlı jurnalistdən də bundan artıq nə gözləmək olar ki?!
Biz bu təlxəyin internetdə Bakı ilə bağlı daha bir reportajını da izlədik. Eynilə bu reportaj da yalan və iftira üzərində qurulmuşdu. O, müsahiblərinin dediklərini təhrif edir, özünə sərf edəcək fikirlər səsləndirir. Bütün bunlar isə sadəcə özü kimi bəsit düşüncəli auditoriya üçün nəzərdə tutulub.
"Bakı Kristal Zalı"nın Mətbuat Mərkəzindəki jurnalistlər də, “Eurovision-2012”nin iştirakçıları da müsabiqənin yüksək səviyyədə keçirildiyini və Bakının necə gözəl şəhər olduğunu həm müsahibələrində, həm də şəxsi söhbətlərində dəfələrlə bildiriblər. Görünür, bundan sonra Azərbaycan belə qısqanclıqlara təbii yanaşmalıdır. Çünki Azərbaycan bir çox ölkənin bacara bilməyəcəyi bir uğurun astanasındadır. Cəmi 20 illik bir zaman kəsiyində bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər, forum və konfranslar gənc olmağına baxmayaraq, ölkəmizin dünyadakı nüfuzunun sübutudur. Azərbaycan bir çox beynəlxalq layihələrə imza atmaqla regionda lider, dünyada söz, nüfuz sahibi olmuşdur. Təfəkkürü mağara adamının səviyyəsində olan iranlı jurnalist bunları yaxşı bilsə də, vicdanının səsinə xilaf çıxır.
Oral MƏDƏNÇİ