İsa Qəmbər Müsavat.com-a danışdı - VİDEO, FOTO

İsa Qəmbər Müsavat.com-a danışdı -  VİDEO,  FOTO

“Sübut etdik ki, qarşimizi kəsən iqtidardir, camaat deyil, dönürük”

15.52

Müsavat Partiyasının başqanı İsa Qəmbər olaylı Lənkəran səfəri ilə bağlı Musavat.com saytına eksklüziv açıqlama verib. Başqan deyib ki, Cəlilabadın Göyğəpə postunda onları uzun zaman yoxlayandan sonra, nəhayət onun və daha iki müşayiətçi maşının keçməsinə imkan veriblər. Lakin burada məkrli bir plan olmasından şübhələnilib. Başqanı müşayiət qrupundan ayırıb, qarşıda ona yönəlik hücum təşkil etmək. Bu səbəbdən də, Müsavat başqanı onu müşayiət edən ziyalılarla, partiya və İP rəhbərliyi iə məsləhətləşərək, Bakıya dönmək qərarı verib. Bu qərarını müsavat.com-a izah edən baqan dedi: “Sübut etdik ki, bizi bölgələrə buraxmayn iqtidarın özüdür, hansısa bölgənin sakinləri deyil. Lənkəranda da artıq həbslər başlayıb. Bu səbəbdən, qərar verdik ki, Bakıya qayıdaq. Lakin məluat almışıq ki, yol boyu yenə də təxribatlar hazırlanır ”.

***

15.29

Lənkəranda “Samovarın yanı” adlanan yerdə polis Astara və Lənkəran müsavatçılarını həbs etməyə başlayıb. Partyanın Lənkəran təşkilatının üzvləri Elşad Abbasov, Hikmət Əhmədov, Güloğlan Abbasov, Ağamusa Yaqubov, Muxtar Babayev həbs olunaraq Lənkəran Rayon Polis İdarəsinə aparılıb. Astara və Lənkərandan İsa Qəmbəri qarşılamağa gələn müsavatçı gənclər də polis tərəfindən saxlanılıblar.

Cəlilabadın Göytəpə adlanan ərasizində postdan İsa Qəmbərin maşını da daxil olmaqla bir neçə maşın buraxılıb, qalan maşınlar isə saxlanılıb. Bakı-Astara magistralının Göytəpə hissəsində böyük tıxac yaranıb.

Lənkəran Rayon İcra hakimiyyəti “Samovarın yanı” adlanan yerdən başqa Lənkəran şəhərinin məhəllələrində İsa Qəmbərin kortejinə hücum üçün 300- ə qədər adam toplayıb.

***

15.20

İsa Qəmbər Twitter-də yazır: "Polis bizim desteni bolub zeifletmek isyteyir"

15.08

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, yol polisi əməkdaşları yalnız İsa Qəmbər və Arif Hacılıya postu keçməyə icazə verirlər. Bu isə təxribata hazırlığın bir hissəsidir və İsa Qəmbərin müdafiəsiz qoyulmasına cəhd kimi qiymətləndirilir.

Hazırda Göytəpə postunda böyük tıxac yaranıb.

Lənkəranda isə İsa Qəmbəri qarşılamağa çıxan müsavatçılar həbs edilirlər.

***

14.59

Musavat.com-un əmfkdaşının verdiyi məlumata görə, postda saxlanılan müsavatçılar elə oradaca aksiya keçirirlər. Onlar "İstefa!" şüarı səsləndirirlər.

***

14.48

Musavat.com-un əməkdaşı xəbər verir ki, İsa Qəmbərin olduğu maşın postdan buraxılsa da, digər avtomobillər hələ də saxlanılır.

***

14.40

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılının verdiyi məlumata görə, maşınların saxlanıldığı ərazidə 30- 40 polis və mülki geyimli xeyli şəxs var. Maşın kortejinin ətrafında 10-15 polis maşını var. İsa Qəmbərin sürücüsünün, eləcə də bir neçə maşının sürücüsünün sənədləri alınıb.

A.Hacılının verdiyi məlumata görə, Ləvəngi adlanan yerdə “Kamaz” maşınlarından başqa bir avtobus polis nəfərləri də qaldırıcı kran gətirilib. Yolun bir hissəsi tikinti materialları tökülərək bağlanıb. A.Hacılı bildirdi ki, hakimiyətin gördüyü bu tədbirlər İsa Qəmbərin Lənkərana girişini əngəlləməyə xidmət edir.

***

14.39

İsa Qəmbər Twitter-də yazıb: "Celilabadda yol polisi 20 deqiqedir bizi yoxlayir:)"

14.37

Maşın karvanı Cəlilabad rayonundakı Göytəpə yol polisi postunda saxlanılıb. Müsavat.com-un hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, yol polisi əməkdaşları sənədləri yol polisi əməkdaşları sənədlərin yoxlanılması bəhanəsi ilə İsa Qəmbərin hansı maşında olduğunu dəqiqləşdirməyə çalışırlar.

13.54

Musavat.com-un İsa Qəmbəri müşayiət edən əməkdaşının verdiyi məlumata görə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Cəlilabadda brifinq keçirib. O bildirib ki, Lənkərana giriş hər iki istiqamətdə bağlanıb. Yollardan birinə təmir işləri adı altında tikinti materialları yığılıb, digərində isə xüsusi öyrədilmiş adamlar təxribat törətməyə hazırlaşırlar. Arif Hacılı deyib ki, məqsəd Müsavat Partiyası Lənkəran təşkilatının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etməkdir. O bəyan edib ki, təxribat olsa, müsavatçılar müdafiə olunacaqlar və baş verə biləcək istənilən hadisəyə görə məsuliyyəti ölkə hakimiyyəti daşıyacaq.

13.49

Rusiyadakı talış diasporunun sədri İsmayıl Şabanov Facebook vasitəsilə lənkəranlılara müraciət edib. Musavat.com-un məlumatına görə, İsmayıl Şabanov Müsavat Partiyasının başqanı İsa Qəmbəri hörmət-izzətlə qarşılamağa,dinləməyə və el adətləri ilə yola salmağa çağırıb.

***

13.41

Müsavat Partiyasının başqanı İsa Qəmbər Twitter vasitəsilə məlumat verib ki, heyət Biləsuvarı keçib.

***

13.39

Bakı-Astara magistralından Biləsuvar rayonuna dönən yol ekskavatorla qazılıb. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, onlar polis maşınlarının müşayiəti ilə Lənkərana doğru irəliləyirlər.

***

13.17

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının verdiyi məlumata görə, yanvarın 13-də Müsavat başqanı İsa Qəmbərə qarşı törədilən sui-qəsdin baş verdiyi əraziyə yüzədək insan gətirilib. Həmin insanların kəndlərdən gətirildiyi güman olunur. Bir qədər əvvəl Lənkəran rayon icra hakiminin müavini Möhübbət Babayev onların yanına gəlib. Bundan sonra həmin şəxslərə yemək və su paylanıb.

***

13.11

Müsavatın Lənkəran təşkilatının sədri Yadigar Sadıqlının Deyerler.org-a verdiyi məlumata görə, artıq Lənkəranın girişində 100-ə yaxın öyrədilmiş insan və KamAZ markalı iki yük maşını "karvan"ın gəlişini gözləyir. Onun sözlərinə görə, Lənkəran şəhərinin özündə isə sakitlikdir. Müsavatçılar da İsa Qəmbərin qarşılanması üçün hazırlıqlar görürlər.

***

13.02

Müsavat Partiyasının başqanı İsa Qəmbərin korteji Salyan rayonu ərazisini keçib. Müsavat başqanının müavini Gülağa Aslanlının verdiyi məlumata görə, maşın karvanı Salyan avtovağzalının yanından keçməyib. Maşın karvanı Bakı-Astara magistralı ilə yoluna davam edir.

***

12.53

Müsavat Partiyasının başqanı İsa Qəmbər Twitter-dən səfərlə bağlı məlumatlar verir. Onun ən son yazdığına görə, heyət Salyanı keçib.

***

12.30

Arif Hacılının verdiyi məlumata görə, Salyandakı yol polisi postunda Müsavat başqanının avtomobilini və onu müşayiət edən maşınları saxlayıblar. Bundan sonra elə oradanca 5-6 maşı kortejə qoşulub. Naməlum adamların olduğu maşınlar korteji izləyir.

***

12.10

Müsavat Partiyasının Lənkərana yola düşən korteji artıq Salyana yaxınlaşır. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Arif Hacılının verdiyi məlumata görə, polislər Salyan rayonununda çalışan Mənzil Təsərrüfat İdarəsinin işçilərini avtovağzala toplayıblar. Avtovağzala yük maşınları da gətirilib. Maşın kortejinin avtovağzal yaxınlığından keçəcəyini deyən A.Hacılı bildirib ki, onlara verilən məlumata görə, rayon rəhbərliyi təxribat planı hazırlayıb. Yaxın dəqiqələrdə İsa Qəmbərin kortejinə hücum olacaq.

A.Hacılı bildirdi ki, Bakıdan başlayaraq “10RL779” nömrə nişanlı, “Nissan” markalı “Jeep” İsa Qəmbərin kortejini izləyir.

***

11.15

Müsavat Partiyasının başqanı İsa Qəmbər Lənkərana yola düşüb. Musavat.com-un başqanı müşayiət edən əməkdaşının verdiyi məlumata görə, İsa Qəmbər və onu müşayiət edən şəxslər hazırda yoldadırlar.

Lənkərandan həyəcanlı xəbərlər gəlir. Məlumata görə, yanvarın 13-də İsa Qəmbərə qarşı sui-qəsd cəhdinin baş verdiyi yerdə 100-ə yaxın adam gözləyir. Onlara yenidən təxribat törətmək, müsavatçılara hücum etmək tapşırılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az