Kəmaləddin Heydərov NATO-da

Kəmaləddin Heydərov NATO-da

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən Vətəninfo.az-a daxil olan məlumatda vurğulanır ki, fevralın 23-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında rəsmi səfərdə olub.

NATO-ya səfəri çərçivəsində Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov NATO Baş Katibinin birinci müavini Aleksandr Verşbou, Əməliyyatlar üzrə müavini Stefen Evans və Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi  Ceyms Appaturay ilə görüşlər keçirdib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Nazir Kəmaləddin Heydərov Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu və Alyansın əsas sənədlərində qeyd olunan prinsip və dəyərləri bölüşdüyünü bildirib. FHN-i qeyd edib ki, Cənubi Qafqazda həlli uzadılmış münaqişələr, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı ərazilərin hərbi işğalı regional və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdid və maneə olaraq qalır. NATO-nun Uels Zirvə Toplantısında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən siyasi dəstəyi yüksək dəyərləndirdiyimizi vurğulayıb. Nazir Mülki-Fövqəladə Planlama (MFP) strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün prioritet olaraq qaldığını, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycanın milli qabiliyyətlərinin artırılmasına töhfə verdiyini diqqətə çatdırıb. 

Bildirib ki, Fövqəladə Hallar Nazirliyi beynəlxalq əməliyyatlar üçün axtarış və xilasetmə birliyinin yaradılmasını başa çatdırıb, bu birlik qonşu ölkələrdə uğurlu əməliyyatlar həyata keçirib və hazırda Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu tərəfindən sertifikatlaşmadan keçməyə hazırlaşır. Eyni zamanda FHN-in təbii və texnogen fövqəladə halların qarşısının alınması və onların nəticələri ilə mübarizə aparmaq üçün NATO-dan məsləhətin təmin olunması, ən yaxşı təcrübələrin öyrənilməsi, qanunvericiliyin və treninq imkanlarının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq perspektivləri olduğunu qeyd edib.  Fövqəladə Hallar Naziri Azərbaycanın NATO əməliyyatlarına, o cümlədən Əfqanıstanda sülh və sabitliyin əldə olunmasına töhfələrini qeyd edib, Azərbaycanda təlim və təhsil keçmək imkanları təqdim etməklə fövqəladə hallara hazırlıq və böhranların nəticələrinin aradan qaldırılması sahəsində Əfqanıstanın imkanlarının artırılmasına dəstək verməyə hazır olduğunu xüsusi olaraq vurğulayib. Bu məqsədlə Əfqanıstan vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 4 illik təhsil almaları üçün Anlaşma Memorandumu təklif edildiyini bildirib.

Görüşlərdə NATO rəsmiləri Azərbaycanın NATO-nun vacib və dəyərli tərəfdaşı olduğunu vurğulayıblar, Azərbaycanın NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək əməliyyatına töhfələrini yüksək qiymətləndirilib. NATO-nun Azərbaycanla enerji təhlükəsizliyi, terrorizmlə mübarizə kimi strateji məsələlər ətrafında siyasi dialoqu dərinləşdirmək, qarşılıqlı hərbi uyarlılıq, mülki-fövqəladə planlama və digər sahələrdə praktiki əməkdaşlığı genişləndirməyə maraqlı olduğunu qeyd edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az