
Bu gedişat təqribən iki il bundan öncəyə kimi davam etdi. O zaman "Qəbələ"də işlərin heç də yaxşı getmədiyini görən klub rəhbərliyi legionerlərlə yollarını ayırmalı oldu. Bu artıq maliyyə sıxıntılarından xəbər verirdi. Ötən il isə baş məşqçi ukraynalı Roman Qriqorçukun yola salınması, əvəzində yerli mütəxəssisə üstünlük verilməsi maliyyə məsələsində böhranın dərinləşdiyini göstərdi. Bundan, başqa, Qriqorçukun dönəmində çempionluğa oynayan komandanın futbolçularının maaşı dəfələrlə gecikdirilirdi. Hətta məsələ o həddə çatmışdı ki, əsas komanda aylarla maaş üzünə həsrət qalırdı.

Cari mövsümün başlanğıcında isə klubda məsələnin daha ciddi olduğu ortaya çıxdı. Belə ki, Topaz Premyerliqasında iştirak edən bütün klubların əvəzedici komandaları 1-ci diviziona qatılsa da, "Qəbələ" bundan imtina etdi. Elə həmin zaman klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verməyə məcbur qaldı. AFFA və PFL, "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar aparsa da, məsələ müsbət sonluqla yekunlaşmadı. Rəhbərlik hər nə qədər maliyyə məsələsinə toxunmasa da, hər şey gün kimi aydın idi.
Məlum istefa isə sonun başlanğıcı kimi qəbul oluna bilər. Yəni, proseslərin bu cür gedişi Kəmaləddin Heydərovun tabeliyində olan klubun dağılması ehtimalını daha da artırır. /Demokrat.Az/