“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu mediaforum.az saytına açıqlamasında mayın 6-da Ermənistanda keçiriləcək parlament seçkisini dəyərləndirib.
Elxan Şahinoğlu hakim koalisiyada yer alan Respublika Partiyası ilə Çiçəklənən Ermənistan Partiyası arasında seçkidən sonra ixtilafın arta biləcəyini proqnozlaşdırıb: “Hazırkı Ermənistan prezidenti Serj Sərkisyan Respublika Partiyasının lideridir, keçmiş prezident Robert Köçəryan isə qeyri-rəsmi şəkildə Çiçəklənən Ermənistan Partiyasına nəzarət edir. Gələn il Ermənistanda prezident seçkisidir və artıq Köçəryan öz iddialarını ortaya qoymağa başlayıb. O, keçmiş silahdaşı Sərkisyanın növbəti dəfə prezident olmasını istəmir, Putin kimi yenidən hakimiyyətə qayıtmaq həvəsindədir. Bu məsələdə ona dostu Putinin də dəstəyi var”.
Köçəryanın neçə il susduqdan sonra parlament seçkisi öncəsi, mayın 3-də “Mediamaks” agentliyinə müsahibə verdiyini deyən analitik bununla keçmiş prezidentin Serj Sərkisyana ciddi mesaj yolladığını vurğulayıb: “Köçəryan müsahibəsində açıq söyləyib ki, Ermənistanda iqtisadi vəziyyət ağırlaşıb və insanlar bunu gündəlik həyatda hiss edirlər. Köçəryan ictimaiyyətdə apatiyanın yarandığını və narazılığın artdığını da sözlərinə əlavə edib. Beləliklə, onun bu açıqlamasının qatı müxalifətçi Levon Ter-Petrosyanın tənqidindən heç bir fərqi yoxdur”.
Elxan Şahinoğlu hazırda Köçəryanın sələfi Sərkisyanı zəiflətmək yollarını aradığını, ilkin mərhələdə parlament seçkisində hakim partiyanın təkbaşına zəfər qazanmasını əngəlləməyə çalışdığını deyib: “Çiçəklənən Ermənistan Partiyası özünü hakim koalisiyanın üzvü kimi aparmır. Bundan əvvəl də partiyaya üzv olan keçmiş xarici işlər naziri Vardan Oskanyan prezident və baş nazirin daxili və xarici siyasətini tənqid etmişdi.
Prezident seçkisi öncəsində bu iki partiyanın vahid koalisiyada fəaliyyətini davam etdirməsi çətin olacaq. Parlament seçkisindən sonra növbəti dəfə belə bir koalisiyaya ehtiyac olsa belə, prezident seçkisi öncəsində onun dağılması ehtimalı artacaq. Köçəryanı isə prezident seçkisində Çiçəklənən Ermənistan Partiyası ilə yanaşı Daşnaksütun Partiyası da dəstəkləyə bilər. Məhz Köçəryanın prezidentliyi dövründə Daşnaksütun Partiyasının rəhbərliyindəki şəxslər həbsdən azad edildilər, həmçinin daşnaklar hakim koalisiyaya daxil olundu. Odur ki, daşnakların keçmişdə olduğu kimi Köçəryanla bir sırada olacağı istisna deyil”.