Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun milyoner qardaşı, “Khazar İsland” layihəsinin rəhbəri, “Avesta” Konserninin prezdenti, bir neçə ay əvvəl müdafiə etdiyi elmi işi ilə bağlı böyük səs-küylər yaranmış Hacı İbrahim İbrahimovun (Nehrəmli) aldatdığı şəxs yenidən meydandadır.
Xatırladaq ki, Bakı şəhər sakini Əzizağa Əliyev Hacı İbrahim tərəfindən aldadıldığını və indiyə qədər yarımmilyondan çox pulunun ödənilmədiyini iddia edib. Hacı İbrahim isə biznesmen olduğunu və buna görə də bir çox məsələlərdə mənəvi məsələlərdən çox, maddi məsələni önə çəkdiyini xüsusi vurğulamaqla, həm də şikayətçinin pulunu verdiyi iddia edib. Amma bəlli olub ki, o, şikayətçiyə cəmi 110 min manat verib. Bu isə aralarındakı razılaşmaya uyğun olmayıb. Nehrəmli isə qalan pulu verməmək üçün Ə. Əliyevi hədələməkdən çəkinməyib: “Onu içəriyə soxduracam”
Ə. Əliyev isə deyəsən İbrahim Nehrəmlinin təhdidlərindən çəkinən deyil. O, “Yeni Müsavat” qəzetinə gedərək, “Avesta” prezidentinin dediklərinə münasibət bildirib:
“Əvvəla iş danışıqdan keçər. Bizim 1 milyon 350 minlik alqı-satqı müqaviləmiz olub. Müqavilə yazılan anda, o mənə orderlə 450 min manatlıq 4 mənzil, 100 m2-lik bir qeyri-yaşayış sahəsi, 12 min manat dəyərində bir qaraj verib. Bunların ümumilikdə dəyəri 445 min manat edir. Amma müqavilə şərti ilə Hacı İbrahim mənə 600 min manatlıq yaşayış sahəsi verməli idi. İndiyə kimi 155 min manatlıq yaşayış sahəsinin sənədlərini vermir. Digər tərəfdən verdiyi yaşayış sahəsinin müqaviləsində yazılır ki, tikilən ev 18 ay müddətində təhvil veriləcək. 2008-ci ildə verdiyi sənədlərin üstündən 4 il keçməsinə baxmayaraq, evin tikilib qurtarmasına bundan sonra hələ 5 il də lazımdır. Kim bilir bəlkə bu mənzilləri başqalarına da satıb. Müqaviləyə görə, İbrahim mənə 12 ay müddətində 750 min manat pul verməli, 2009-cu ildə isə bizim müqavilənin müddəti bitməli idi. Bu müddətdə o məni həm evlə təmin etməli, həm də pulumu verməli idi. Ancaq məni aldadaraq demişdi ki, hazırda pulum yoxdur, xaricdən külli miqdarda kredit alıram. Odur ki, sənə kişi sözü verirəm ki, pulunu ödəyəcəm. Bildirdi ki, əgər məndən nigaran qalırsansa, sənə 640 minlik mənzilin sənədini verim, pulunu yaxın günlərdə ödəyəndən sonra onları geri alım. Bu sənədləri verəndən sonra İbrahim peşmanlayıb təklif etdi ki, qoca kişisən, kirayə yaşayırsan, sənədi səndən oğurlayarlar, gətir seyfimdə saxlayım. Mən isə ona dedim ki, məni aldada bilməzsən, pulumu ödə sənədi qaytarım. Ancaq nə pul ödənildi, nə də mən sənədi qaytardım. Mənə m2-i 1200 manata hesabladığı mənzillərin real qiyməti 700-800 manat idi”.
Ə.Əliyev Hacı İbrahimin ona olan borcunu tam ödədiyi barədə dediklərini qəti təkzib etdi: “Mənə aid olan torpaq sahəsinin real qiyməti azı 20 milyon manat idi. Ancaq ehtiyacım olduğuna görə onunla 4 milyon manata razılaşdıq. İki gün sonra məni çağırdı ki, xərcim çoxdur. Bəylər müəllimə (general Bəylər Əyyubovu nəzər də tutur) 50ha, icra başçısına 20 ha torpaq verməliyəm, mənə bir şey qalmır. Odur ki, aşağı qiymət təklif etdi. Mən də məcburiyyət qarşısında razılaşdım. Pulumu, əmlakımı almadan, İbrahimə inanaraq alqı-satqıya razılaşdım.
Ə. Əliyev dedi ki, Hacı İbrahim Nehrəmlidən Prezident Administrasiyasına, hüquq- müdafiə orqanlarına şikayət edib, amma bir çarəsi olmayıb.
Şikayətçi Hacı İbrahimin hədələrinə də reaksiya verdi: “İbrahim məni şərləyib tutdura, killerə öldürtdürə də bilər, çünki o milyarderdir, pulu var. Amma nə qədər ki, mən haqqımı almamışam, konstitusiya üzrə bütün vətəndaşların qarantı olan prezidentimizdən xahiş və tələb edəcəyəm ki, mənim haqqımın bərpasına yardımçı olsun. İbrahim İbrahimov yalançıdır, dələduzdur, o həmin torpaqdan xeyir görməyəcək. Əgər mənim sözlərimə etirazı varsa, versin məhkəməyə. Mən qanunun verdiyi imkandan istifadə edib sonadək haqqımı almaq üçün mübarizə aparacağam. Əgər İbrahim düzgün adamdırsa, məni prokurorluğa versin, mənə cinayət işi açdırsın. Ümidim qanuna, bir də prezidentədir. Mənim ona gücüm çatmır, pulum yoxdur, mən onu tutduran deyiləm, qoca kişiyəm. Məni vaxtilə də onun kimisi şərləyib,tutdurmuşdu. Haqq-nahaq mənə 10 il iş verdilər ki, guya kimisə öldürmüşəm. Bundan sonra başıma nə hadisə gəlsə, İbrahim İbrahimovdan biləcəyəm. Burada maşın qəzası da ola bilər, sui-qəsd də”.