Qərargah ona müraciət etmiş şikayətçilərlə rayonda görüş keçirmək istəyir
2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının, güclü leysan yağışlarının və qrunt sularının təsirinə məruz qalmış İmişli rayon sakinlərinin son zamanlar müxtəlif hökümət və qeyri- hökümət təşkilatlarına müraciətlərinin sayı artıb. Onlar öz müraciətlərində üzləşdikləri problemərin ötən 2 ildə həll olunmadığından şikayətlənir və problemlərinin həlli üçün aidiyyatı qurumlardan kömək istəyirlər. “Vətəninfo”ya “Kür” Cəmiyyətinin Kordinatoru Oktay Güləliyevin bildirdiyinə görə, Ombudsmanın 07 mart 2012- ci ildə Milli Məclisə təqdim etdiyi hesabatda da ona ən çox ünvanlanan şikayət məktublarının İmişlidən daxil olduğu bildiririb: “Keçən 8 ay ərzində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndərilən 700- dan artıq müraciətin əksəriyyəti də məhz sözü gedən rayonun sakinləri tərəfindən edilib. Hazırda 40- dan artıq İmişli rayon sakini 1 saylı İnzibati İqtisad Məhkəməsində Fövqəladə Hallar Nazirliyi və İmişli RİH- ə qarşı dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəmə iddiası qaldırıb. Üzləşdikləri problemlərin həll edilməməsindən narazılıq edən İmişli rayon sakinləri “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına ünvanladıqları müraciətdə Cəmiyyət üzvlərini rayona dəvət edərək onlarla görüşmək istədiklərini bildirir və ziyan dəymiş evlərinə obyektiv baxış keçirilməsini xahiş edirlər”. Onun sözlərinə görə,bu ilin 10 - 16 mart aralığında İmişlidə 2010- cu il fəlakətinə məruz qalmış sakinlərin keçirdikləri aclıq aksiyasında da yerli sakinlər onlara göstərilən laqeyd münasibətdən və lazımi dövlət yardımı ilə əhatə olunmadıqlarından şikayət edirdilər: “Vətəndaşların müraciətini, onların problemlərini nəzərə alaraq “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı İmişli RİH- ə məktub göndərərək Qərargaha müraciət etmiş sakinlərlə adı çəkilən rayonda görüş keçirmək istədiyini bildirib”.Xatırladaq ki, bu ilin fevral ayının 28- də Sabirabadda “Kür” Cəmiyyətinin daşqınların təsirinə məruz qalmış sakinlərlə izdihamlı görüşü keçirilib. Görüşdə yerli sakinlərlə yanaşı FHN, Meliorasiya və Su Təsərrüfatı ASC- nin, elecə də rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər. Vətəndaşların problemləri qeydə alınaraq həlli üçün aidiyyatı qurumlara göndərilib.