Lukaşenkodan Qarabağ çağırışı-" Əgər biz bu “xəstəlikləri..."
"Əgər biz bu "xəstəlikləri” müalicə etməsək, gələcəkdə bu problemlər böyüyəcək".
Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmağa çağırıb. Lukaşenko Qarabağ barədə fikirlərini MDB dövlətlərinin xüsusi xidmət orqanları rəhbərlərinin 40-cı şura icrasında səsləndirib.
Aleksandr Lukaşenko deyib ki, bu gün MDB "xəstələnib". "Amma problemlərin müzakirə imkanı həmişə var. "Ukrayna, Dnestryanı, Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edə bilərik. Əgər biz bu "xəstəlikləri” müalicə etməsək, gələcəkdə bu problemlər yayılacaq".(Ans press)
Dövlət başçısı vurğulayıb ki, MDB dialoqalarla problemlərin həllinə cəhd etməlidir.
"Razılaşmaq lazımdır ki, biz heç yerə gedən deyilik. Biz bir qayıqdayıq. Heç kəs ayrıca sahilə çıxmayacaq. Ona görə də münaqişələrin həllini tapmalıyıq", - deyə Lukaşenko bildirib. Lukaşenkonun fikrincə, MDB ölkələri xalqlarının yaxın mentaliteti problemləri həll etməyə kömək olacaq.
Ümumiyyətlə, Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycana dəstək ifadə edib. O, dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Cəbhə xəttində aprelin əvvəlində baş verən gərginliklər zamanı Lukaşenko Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentlər cəbhə xəttindəki son vəziyyəti müzakirə ediblər.
Lukaşenko Qarabağda gedən ağır döyüşlərə görə İlham Əliyevə narahatlığını ifadə edib.
Prezident İlham Əliyev ötən ilin noyabr ayında Belarusda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan-Belarus arasında 4 sənəd imzalanıb. Lukaşenko isə deyib ki, Belarus və Azərbaycan dünyada cərəyan edən böhranlara və təhdidlərə qarşı yaxından əməkdaşlıq etməlidir.
Miq.az