Maliyyə nazirinin qalmaqallı "Eurovision" hesabatı

Maliyyə nazirinin qalmaqallı "Eurovision" hesabatı

Samir Şərifov «Bakı Kristal» zalının tkintisinə xərclənən 218 milyon manatı hesaba almır

Hökumət Avropa Yayım Birliyinin hesabına 6.6 milyon manatı niyə köçürüb?

Nəhayət ki, Azərbaycan hökuməti «Eurovision-2012» Mahnı Müsabiqəsinə çəkilən xərclərin məbləği barədə açıqlama verdi. Maliyyə naziri Samir Şərifov telekanallara verdiyi müsahisbəsində mahnı yarışına 50 milyon manat ayrıldığını bildirib. Eyni fikri Prezident Administarsiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov da səsləndirib. 

Lent.az-ın məlumatına görə maliyyə naziri bildirib ki, həmin vəsait İşçi Qrupuna çatdırılıb. Nazir «Eurovision-2012» Mahnı Müsabiqəsinə çəkilən xərclərdən danışarkən qeyd edib ki, hər il Nazirlər Kabineti Azərbaycanda keçiriləcək yerli və beynəlxalq tədbirlərlə bağlı vəsaitlərin ayrılması barədə qərar verir: «2012-ci ilin fevralında xüsusi büdcə təşkil olunub. O cümlədən, bundan əvvəl Avropa Yayımlar Birliyinə 8 milyon İsveçrə frankı ayırmışıq. Həmin  vəsait depozit puludur və onun geri qayıdacağını gözləyirik».

Samir Şərifov qeyd edib ki, «Eurovision» Mahnı Müsabiqəsinin İşçi Qrupuna sponsorlardan da daxilolmalar var və bütün bunlar ümumilikdə müsabiqənin büdcəsini təşkil edir: «İşçi Qrupu tərəfindən bizə hesabatlar təqdim olunub. Ən çox vəsait televiziya şousunun hazırlanmasına sərf olunur. Həm şounun hazırlanması, həm də bunun üçün müvafiq avadanlıqların gətirilməsinə, nəqliyyat xərclərinə ümumilikdə 40 milyon manat sərf olunub. İnanırıq ki, ayın 26-da o vəsait özünü doğruldacaq. İşçi Qrupu dəniz kənarında bir bina da kirayələyib, o da büdcədən gedir. İşçi Qrupu işçilər də götürür. Digər tərəfdən, nümayəndə heyətləri üçün avtobuslar ayrılıb. Deməzdim ki, İşçi Qrupu bizdən əlavə pul istəməyib. Ancaq demişik ki, ayırdığımız pul budur, istəyirsinizsə, sponsorlardan vəsait alın, reklamlar yerləşdirin».

«Dövlət Bayrağı meydanı ətrafında böyük tədbirlərin keçirilməsi üçün «Baku Crystal Hall»ın  tikilməsi «Eurovision-2012» Mahnı Müsabiqəsindən əvvəl nəzərdə tutulmuşdu. O cümlədən, Tofiq Bəhramov adına stadionunda yenidənqurma işləri aparılması planlaşdırılmışdı. İndi 2017-ci ildə bu stadionda qadınlar arasında futbol üzrə Avropa çempionatının keçirilməsi gündəmə gəlib. Digər tərəfdən, Dənizkənarı bulvarın uzadılması, Bakının çıxışında yeni yolun tikilməsi planlaşdırılmışdı. Çünki bu yol çox dar idi. Hazırda çox gözəl yol tikilib. Mahnı müsabiqəsi olmasaydı da, o yol tikiləcəkdi. Yəni bunlar əvvəldən planlaşdırılan işlər idi və «Eurovision-2012» Mahnı Müsabiqəsi ilə bağlı nəzərdə tutulmamışdı» deyə S.Şərifov qeyd edib. 

Maliyyə naziri vurğulayıb ki, Avropanın mərkəzindəki ölkələrlə müqayisədə Azərbaycanda belə tədbirin keçirilməsi daha böyük vəsait tələb edir. O, bunu lazımi avadanlıqların Avropadan Azərbaycana gətirilməsinin daha böyük nəqliyyat xərcləri tələb etməsi ilə əsaslandırıb. S.Şərifov «Eurovision-2012» Mahnı Müsabiqəsindən gözlənilən qazancdan da söz açıb: «Qazanc gəlsə, etiraz etməyəcəyik. İctimai Televiziya bununla bağlı daxilolmaları bizə göstərəcək. Ancaq bir məsələ də var. İctimai Televiziya bu vəsait hesabına öz maddi-texniki bazasını möhkəmləndirmək niyyətində olduğunu da bildirib. Baxacağıq».

Maliyyə naziri müxtəlif nazirliklərin «Eurovision-2012» Mahnı Müsabiqəsi ilə bağlı tədbirlər keçirməsinin müsabiqə ilə bağlı xərclər sırasına daxil edilməsini də düzgün saymayıb: «Tutaq ki, Azərbaycanda keçiriləcək belə möhtəşəm tədbirlə bağlı Mədəniyyət və Turizm Nazirliyi bir tədbir təşkil edirsə, biz bu vəsaiti «Eurovision-2012» Mahnı Müsabiqəsinə çəkilən xərcə daxil etməməliyik».

Lakin nazir bir çox məqamlara aydınlıq gətirməyib. Bura tədbirin təşkili üçün İctimai Televiziyaya 8,5 milyon manat ayrılması daxil edilməyib. Halbuki, vəsait Nazirlər Kabinetinin 10 avqust 2011-ci il tarixli, 238s saylı sərəncamına əsasən ayrılıb. Lakin nazir bu barədə bir kəlmə də danışmır. Üstəlik, Avropa Yayım Birliyinə dövlət büdcəsindən əlavə  8,5 milyon İçveçrə frankının (6,6 milyon manat) köçürüldüyünü etiraf edir. Deməli, meydana əlavə xərc çıxır. Adi hesablamalarda birbaşa xərcin 277 milyon manat olduğunu müəyyən etmişdik. Bura İctimai Televiziya və Radio Yayımları Şirkətinə yönələn 8,5 milyon manat, Beynəlxalq Mahnı Müsabiqəsinin keçirilməsi ilə bağlı dövlət büdcəsindən ayrılan 50 milyon manat və «Bakı Crystal Hall»un tikintisinə xərclənən 218,5 milyon manat daxildir. Bu xərcin üzərinə 6,6 milyon manatı gəldikdə, birbaşa xərcin 280 milyon manatı ötdüyünü görərik. S.Şərifov qəti şəkildə «Bakı Crystal Hall»un tikintisinin «Eurovision»dan əvvəl düşünüldüyünü deyir. Amma o, gənclər və idman naziri Azad Rəhimovun açıqlmalarını unudub. A.Rəhimov müsabiqə üçün üç planın- T.Bəhrəmov adına Respbulika Stadionunun, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin və yeni salınacaq sarayın olduğunu demişdi. «Bakı Crystal Hall» tikintisi ilə bağlı tender elan olunan zamanı Azad Rəhimov yeni konsert zalının məhz «Eurovision»a görə tikildiyini bildirmişdi. Yoxsa, 9 ay ərzində tələm-tələsik bir konsert sarayının tikintisinə nə ehtiyac vardı?  Həm də «Eurovision» kimi möhtəşəm konsertə tamaşaçı toplaya bilməyən Azərbaycan hökumətinin başqa hansısa tədbir üçün bu zalı tamaşaçı ilə doldura biləcəyi inandırıcı görünmür. 

S.Şərifov Dövlət Bayraq Meydanının ərazisinin və Bakı şəhərinin abadlaşdırılması xərclərinin də «Eurovision»a aid edilməsini doğru saymır. Amma 10 ay ərzində dövlət büdcəsindən bu istiqamətdə 700 milyon manatdan çox vəsaitin ayrılmasına nə dərəcə ehtiyac var idi? Bunları mərhələli-mərhələli də həyata keçirə bilərdilər.

Maliyyə nazirinin açıqlamasından məlum olur ki, büdcədən əlavə sponsorlar da xeyli sayda vəsait ayırır. Yeri gəlmişkən, sponsorlardan biri də SOCAR-dır. Əgər SOCAR-ın dövlət şirkəti olduğunu nəzərə alsaq, o zaman onların xərclədiyi vəsaiti dövlətin «Eurovision»a çəkdiyi xərclərin sırasına daxil etmək olar. Belə olan halda beynəlxalq müsabiqənin hazırlığına yönələn pulun həcmi milyardlarladır. Təəssüf ki, sponsorlar bununla bağlı ictimaiyyətə hesabat təqdim etmir. O zaman, rəqəmlər bir qədər də şəffaf olardı. Və görülən işlərin 50 milyon manata sığıb-sığmadığı məlum olardı.

"Bizimyol.az"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az