MƏNƏVİ ATA İLƏ OĞULU GÖRÜŞDÜRƏN MÜQƏDDƏS OCAQ

MƏNƏVİ  ATA  İLƏ  OĞULU GÖRÜŞDÜRƏN MÜQƏDDƏS OCAQ
Üzeyir Hacıbəylinin yaradıcılığı hər zaman  təbliğ olunmaqda və  üzeyirseverlərin ürəklərində yaşamaqdadır. Lakin onun müqəddəs ruhuna olan hörmət və sevgini, ehtiram hissini  biz musiqiçilər onun adına layiq işlər görməklə, tədqiqatlar aparmaqla, onun əsərlərini ifalarımızda yaşatmaqla göstərə bilərik.

İlk musiqişünaslarımızdan olan Xurşid Ağayeva, daha sonra Elmira Abbasova, Qulam Məmmədli, Məmməd Saleh İsmayılov, Zemfira Qafarova, Zemfira Səfərova və bir çox istedadlı musiqişünaslar dahi bəstəkarın yaradıcılığına dair tədqiqat işləri aparmış, Niyazi, Səid Rüstəmov, Əşrəf  Həsənov, Əfrasiyab Bədəlbəyli, Rauf Abdullayev, Fəxrəddin Kərimov kimi tanınmış dirijorlar onun əsərlərinə dirijorluq etmiş, bir çox ifaçılar əsərlərini müxtəlif yerli və beynəlxalq  tədbirlərdə, konsertlərdə ifa etmiş, Tofiq Bakıxanov, Fikrət Əmirov, Soltan Hacıbəyov, Musa Mirzəyev, Niyazi, Süleyman Ələsgərov  və b. bəstəkarlar  Üzeyir Hacıbəylinin əziz xatirəsinə əsərlər həsr etmiş, ona olan öz dərin hörmət və ehtiramlarını bildirmişdilər. Lakin üzeyirsevərlər arasında  xüsusi bir şəxs vardır ki, o, Üzeyir Hacıbəylinin nəinki yaradıcılığının  hərtərəfli tədqiqat və təbliğatçısıdır, həm də onu ürəkdən sevən və onun adını müqəddəs saxlayan  mənəvi  tələbəsi və oğludur.  O, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, istedadlı üzeyirşünas və bəstəkar  Sərdar Fərəcovdur. 
Sərdar Fərəcov  1984-cü  ildən  Üzeyir Hacıbəylinin  ev muzeyinə fonoteka müdiri kimi  gələrək  2005-ci ildən bu günə kimi muzeyin direktoru vəzifəsini icra etməkdədir. O vaxtdan etibarən bəstəkar Sərdar Fərəcov ikili yaradıcılıq istiqamətində çalışmağa başlayır.  Bir tərəfdən özünü  müasir dövrün bəstəkarlıq tələblərinə cavab verərək Sərdar Fərəcov kimi yetişdirir, özünü elmi biliklərlə zənginləşdirir, digər tərəfdən isə o, Üzeyir Hacıbəylinin  əsərlərinin tədqiqatçısına, təbliğatçısına, üzeyirşünas alimə   çevrilir. Musiqişünas kimi öz qələmi ilə Üzeyir Hacıbəyliyə aid elmi-publisistik məqalələr yazır, bəstəkar nöqteyi nəzərindən isə Üzeyir Hacıbəylinin əsərlərində müəyyən korrektə, redaktə və bərpa işləri aparır, direktor kimi isə bu müqəddəs ocaqda Üzeyir Hacıbəylinin  adının təbliğinə dair ictimai fəaliyyət yönümlü işlər görür.Bəzən elə olub ki, o, öz  fərdi yaradıcılığına bir bəstəkar kimi fasilə verərək Üzeyir Hacıbəylinin yaradıcılığında olan natamam səhifələri özünəməxsus, düzgünyönlü tədqiqetmə bacarığı sayəsində bəstəkarın öz musiqili dəsti xətti ilə muzeydə davam  etdirib. Sanki Üzeyir bəyin müqəddəs ruhu  bu ocaqda ona   hər zaman işlərində mənəvi ata kimi  yardımçı olur, ona istiqamət verir. 
100 ilə yaxın itgin düşən, əsrin sirli və mistik  - "Şeyx Sənan” operasının librettosunun  və  bir neçə musiqi  nömrələrinin bərpaçısı da məhz Sərdar Fərəcovdur. Sərdar Fərəcov "Ər və Arvad” musiqili komediyasını redaktə edərək əsəri operetta səviyyəsinə qaldıra bilmişdir. Eləcə də 90-cı illərdə Azərbaycan himni kimi tanıdığımız  "Azərbaycan marşı” haqda "Üzeyir Hacıbəylinin iki marşı”, "Bir daha himn haqqında” adlı məqalələrdə himn barədə elmə ilk müfəssəl  məlumatları o vermiş, hər iki marşı klavir və partitura üçün işləmişdir."Bahar nəğməsi”, "Simfonik rəqslər”, "Kolxoz çöllərində”, "Xurşudbanunun ariyası”, "Firuzənin ariyası” və s. əsərlər Sərdar Fərəcov tərəfindən yenidən həyat qazanmışdır. Sərdar Fərəcov həmçinin bəstəkarın əziz xatirəsinə   xor və kapella üçün konsertini -  "Diptix” əsərini  bəstələmişdir.
O, "Üzeyir Hacıbəyli”  ensiklopediyasına 30-dan artıq məqalə vermiş,  "Vətən, Millət, Ordu” məcmuəsini, "Üzeyir Hacıbəyli müasirlərinin xatirələrində”, "Komediya və yumorostik miniatürlər” adlı kitabların  tərtibçisi, Heydər Əliyev Fondunun  sifarişi ilə nəşr olunan "O olmasın bu olsun” musiqili komediyasının, "Leyli və Məcnun”, "Əsli və Kərəm” operalarının partituralarının  redaktoru, korrektoru olmuş, Üzeyir Hacıbəyliyə aid onlarla kitablara,təqvimlərə ön sözlər yazmış, maraqlı məlumatlar vermişdir. 
Həmçinin, Üzeyir Hacıbəyliyə həsr olunmuş "Əbədi ixtifarımız” filminin ssenarisinin müəllifi olan Sərdar Fərəcov Üzeyir obrazını məharətlə təsvir etmişdir.Təbbi ki, bu cür mürəkkəb işlərin öhdəsindən gəlməkdə Sərdar Fərəcova təkcə nəzəri, intellektual biliklər  və bəstəkarlıq bacarıqları deyil, həm də Tanrı tərəfindən  verilən vergi, mənəvi güc  öz təsirini göstərmişdir.
Sərdar Fərəcov bir  tədqiqatçıdan əlavə həm də Üzeyir Hacıbəylinin sirli dünyasına daxil olmağı bacaran və hətta Üzeyir Hacıbəyliyə məxsus müəyyən yaradıcılıq  sirlərini  özü ilə saxlayan bir sirdaşdır desək yanılmarıq.

O, hər il  Üzeyir Hacıbəylinin  doğum günü ilə bağlı yeni-yeni tədqiqatlar aparır,  müxtəlif tədbirlər, konfranslar, konsertlər təşkil edir ki, bu da təkcə  direktorluq vəzifəsindən irəli gələn məsuliyyət və borc deyil... O bu missiyanı hələ muzeyin sıravi əməkdaşı olduğu illərdən yerinə yetirməklə məşğuldur.
Üzeyir Hacıbəylinin ev muzeyinin keçmiş mərhum direktoru, bəstəkarın baldızı oğlu olan Ramazan Xəlilov Sərdar Fərəcovu əbəs yerə sevmirdi. Sanki bu qoca müdrik insan Sərdar Fərəcovun Üzeyir Hacıbəyli yaradıcılığının  gələcək  tədqiqatçısı olduğunu duymuşdu.
Sərdar Fərəcov Üzeyir Hacıbəyli yaradıcılığını təkcə  bəstəkar kimi deyil, həm də musiqişünas, ədəbiyyatşünas  və şair kimi duyur, tədqiqatçı gözü ilə  araşdırır. O, Üzeyir Hacıbəyli yaradıcılığını dərindən duyan və bilən Üzeyirşünaslardandır. Onun "Oxu tar”, "Bahar nəğməsi”, «Unudulmuş mahnı – "səni gözləyir”», "Əsli və Kərəm haqqında”, «100 yaşlı "Leyli  və Məcnun”», "Əgər onlar tamamlansaydı...yaşasaydı”  məqalələri əsl elmi-tədqiqatın bir hissəsidir. "Ünvana çatmayan vaza”, "Gəzməyə qərib ölkə”, "Üzeyir bəyin əsərləri talan edilir”, "Üzeyir bəyi rahat buraxın cənablar”, "Üzeyir Hacıbəyli və erməni sənətçilərinin mədəni təcavüzü”, "Dad yarımçıq əlindən”, "Açıq məktub”  məqalələrində isə Sərdar Fərəcov Üzeyir bəyə olan radikal münasibətlərə qarşı əsl vətəndaş etirazını bildirir  və bəstəkarın  yaradıcılığının sanki keşiyində durur.
Bu gün biz Sərdar Fərəcovu Üzeyirşünas, Əməkdar İncəsənət xadimi,   Azərbaycan Bəstəkarlar İttifaqının katibi,  bəstəkar,  musiqişünas və müəllim, Üzeyir Hacıbəylinin memorial ev muzeyinin direktoru kimi tanıyırıq. Bu ocaqdan kənarda  Sərdar Fərəcov öz adı və statusunun daşıyıcısıdır. Lakin Sərdar Fərəcov həm də Üzeyir Hacıbəylinin  mənəvi oğludur.  Məhz Üzeyir Hacıbəylinin ev muzeyində Sərdar Fərəcov  ruhən  mənəvi qida alır, bəstəkar kimi daha da inkişaf edir, məqsədyönlü, mübarizolmağa çalışır və ən əsası burada öz  yaradıcılıq dünyasını tapır. Bütün bunlarla yanaşı o muzey rəhbəri kimi muzeyin fəaliyyətinə böyük məsuliyyət, diqqət və qayğı ilə yanaşır.
Yalnız bu ocaqda Sərdar Fərəcov Üzeyir Hacıbəyli ilə  sanki məsləhətləşir, ondan  xeyir-dua alır və yeni-yeni yaradıcılıq  uğurlarına imza atır. Ona mənəvi ata olan Üzeyir Hacıbəyli daim ona  ruhən güc verir və onu bir yaradıcı insan kimi yaşadır. Bəlkə də Sərdar Fərəcov ən böyük xoşbəxtliyini məhz  bu ocaqda tapa bilir. Çünki məhz bu müqəddəs musiqili ocaqda  mənəvi ata ilə mənəvi oğul hər zaman ruhən  görüşürlər.

Humay FƏRƏCOVA


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az