Millət şərqisi

Millət şərqisi

Vahid ASLAN

Tarixin nə qədər şərəfli olub,

Şərəfin, şöhrətin var olsun, vətən!

Türk oğlu boylanır hər şərəfindən,

Sarsılmaz qüdrətin var olsun, vətən!

Od olub qeyrətin, cəsarətin də,

Atəşlər doğulub cəsarətindən,

Qılıncın od olub lap qınında da,

Od olub süzülən qızıl qanın da...

Bilirik, hər oğlun oddan doğulub,

Qorqudun, Tomrisin, Babəkin olub!

Hanı, bəs bu günün Babəki hanı?!

... Bir əlində qılınc, birində qələm –

Ruhu canımızda Şah Xətainin!

Gözlərində kədər, ürəyində qəm

Boylanır, boylanır,.. alışıb yanır

Ruhu gilzə-gilzə Şah Xətainin!

Şah olub, Xan olub babalarımız,

Bizə kim öyrətdi kölə olmağı,

Söylə, qul olmağa varmı haqqımız –

Qüdrətli, qüvvətli Azərbaycanım!

... Hər qarış torpağı qanla suvardı,

Bizim şah babalar, şahin babalar!

Bir daş götürərdi hərə əlinə,

Daş andı içərdi torpaq önündə,

Bayrağı qəlbindən ucada idi,

Bayrağa dönərdi bayraq önündə,

Son nəfəsində də daşı qucardı,

Daşı isidərdi qızıl qanıyla,

Öpərdi, öpərdi bu qara daşı,

Torpağın daşlaşan oğlu olardı,

Olardı torpağın daş vətəndaşı,

Bizim şah babalar, şahin babalar!

... Göyə sovurardı qarı düşmənin,

Qara çadırını od nəfəsiylə,

Ikiyə bölərdi yastı başını

əlinin daşlaşan bir zərbəsiylə,

Rus kimdi, Fars kimidi, Erməni kimdi,..

Torpaqmı verərdi bir yad oğluna;

Ağbirçək anaya arxa çevirib,

Papaqmı verərdi bir yad oğluna,..

Bağışla, şah babam!

Bağışla, məni!

Niyə bu sözlərdən dilim yanmadı,

... Ağlamaq yaraşmaz Türk ərəninə,

Ağlayım ruhunu sənin, şah babam!

Səndən mənə qalan sözüm, bayatım,

Qeyrətim, namusum, dilim qalmadı,..

Ağlayım Şuşamı,

Xan Laçınımı,

Ağla, Xarı Bülbül!

Cıdır düzündə

Xan qızı suvaran gülüm qalmadı...

Ağla,..

Yenə ağla dedim,

Ehey!..

Ağla deyən dilim qurusun!

Türkə də ağlamaq yaraşarmı heç!

... Keçmə, günahımdan keçmə, şah babam!

Məndə səndən gələn qeyrət yoxdusa,..

Yurdu yurd eyləyən,

Torpağı torpaq,

Türk oğlu, qurd oğlu deyiləmsə mən,

Qanımı cücərdib qara daşında,

Başın üzərində bayraq olmağa,

Qüdrətim yoxdusa, sevgim yoxdusa,

Demək, haqqım yoxdu bağışlanmağa,..

Keçmə, günahımdan keçmə, şah babam!



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az