Milli Kimlik layihəsi təqdim olundu

Milli Kimlik layihəsi təqdim olundu

14 mayda Beynəlxalq Mətbuat Mərkəzində “Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, İslam Konfransı Gənclər Forumunun iştirakı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ilə həyata keçirilən “Milli-Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsinin təqdimetmə mərasimi keçirilmişdir. 

Layihə haqqında məlumat verən “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü bildirdi ki, “Milli Kimlik Konsepsiyası” layihəsi 2013-cü il ərzində icra olunacaq: “Layihə çərçivəsində keçirilməsi nəzərəd tutlan beş dəyirmi masanın ikisi artıq təqdimata qədər keçirilib. İlk dəyirmi masa Prezident yanında Strateji Araşdırmalar Mərkəzində, ikinci isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qapalı formatda keçirilib. Layihənin məqsədi Milli Kimlik konsepsiyası ilə bağlı müzakirələr aparmaq, müəyyən təkliflər hazırlamaqdır. Layihə çərçivəsində həmçinin regionlarda da müzakirələrin keçirilməsi planlaşdırılır. Belə müzakirələr Gəncə və Şirvanda keçiriləcək. Eyni zamanda üç televiziya verilişinin də hazırlanması nəzərdə tutulur. Milli Kimlik konsepsiyasının hazırlanmasına dəstək olacaq və bu barədə informasiyanın cəmiyyətə çatdırılması üçün millikimlik.az saytı yaxın günlərdə fəaliyyətə başlayacaq. Həmçinin facebookda qrup və səhifə yaradılıb. Milli ideologiya ilə bağlı sorğu, jurnalistlər arasında yazı müsabiqəsi, universitet müəllimləri, AMEA əməkdaşları və bu sahədə araşdırmalar aparan şəxslər arasında müsabiqə keçiriləcək. Sonda Milli Kimlik konsepsiyası ilə bağlı təkliflər hazırlanacaq. Məqsəd indiyə qədər bu sahədə görülmüş işləri sistemləşdirmək və ona yeni motivlər qataraq cəmiyyətə təqdim etməkdir. Dekabrda bu məsələ ilə bağlı birgünlük konfrans keçiriləcək. Hər bir dəyirmi masada ekspertlərin məqalələri təqdim olunur. İlin sonunda bu məqalələrin kitab formasında çap olunması nəzərəd tutulur”. M.Göyüşlü çıxışına bu sözlərlə davam edib: “Azərbaycan müstəqillik qazanan zaman bir çox sahələrdə olduğu kimi milli ideologiya sahəsində də boşluqların olduğu üzə çıxdı. Bununla əlaqədar bir çox məsələlər hələ də müzakirə olunur. Bir qrup insanlar bayraqla bağlı müzakirələr aparırlar. Azərbaycançılıq ideologiyasını türkçülüyə qarşı, türkçülüyü islamçılığa qarşı qoymağa cəhdlər olur. Bu müzakirələr ciddi ideoloji problemlər yaradır. Halbuki bayraqdakı rəmzlər bir birini tamamlayır. Bu məqamları qızışdıranlar cəmiyyətdə qarşıdurma yaratmaq istəyənlərdir. Biz bu mövzuları ciddi şəkildə müzakirə edəcəyik. Milli Kimliklə bağlı digər məqam din mövzusudur. Bu çox həssas mövzudur. Cəmiyyət öz dininə, dindar vətəndaşlarına sahib çıxmalıdır. Son günlər Suriyada döyüşən həmyerlilərimizlə bağlı məlumatlar yayıldı. Sual olunur ki, Bəşər Əsədə qarşı döyüşmək hansı dini hissi təmin edir? Halbuki dini, dili bizə yad olan ermənilər Qarabağı işğal ediblər. Yarana biləcək boşluqlardan vəhhabilər və s. radikal qruplar, sektalar digər maraqlı tərəflər istifadə edirlər. Bu məsələ bir daha göstərir ki, dinlə bağlı araşdırmaları genişləndirmək lazımdır. İkinci dəyirmi masada bu məsələlər müzakirə olundu. Müzakirənin materiallarını saytda yerləşdirəcəyik. Milli Kimliyimizin önəmli hissəsi olan dil məsələsi də aktual məsələlərdən biridir. Biz “Müasir İnkişaf” İB olaraq ortaq türk əlifbasının yaradılması və ədəbi dillə bağlı 200 QHT-nin imzası ilə türk ölkələrinin başçılarına müraciət ünvanlamış təşkilatıq. Amma bununla yanaşı Azərbaycan dilinin qorunmasına da çox önəm veririk. Bu gün Azərbaycan dilinin qaydaları bir çox sahələrdə pozulur. Bunu müxtəlif yerlərdə asılmış reklam lövhələrində aydın şəkildə görə bilirik. Milli Kimliyə zərbə vuran amillərdən biri də qloballaşmanın gətirdiyi ziyanlı məqamlardır ki, bizlər bunu da araşdıracağıq. Digər məsələ isə son dövrlərdə tarixi şəxsiyyətlərə olan hücumlar, onlara bu günün konteksində qiymət verilməsidir. Onlar tariximizin ayrılmaz hissəsidir və onları tariximizdən çıxarsaq yerdə bir şey qalmaz. Bir neçə il öncə QHT-lərə Dəstək Şurasının dəstəyi ilə tarix dərslikləri ilə bağlı layihə keçirmişdik. Tarix dərslikləri milli şüurun formalaşdırılmasında mühüm rol oynayır. Bu sahədə də ciddi problemlər mövcuddur. Bunun da təcili şəkildə həlli lazımdır. Problemlər çoxdur. Tək bir faktı qeyd edim ki, layihə çərçivəsində AMEA alimlərinin, müxtəliv universitet əməkdaşlarının iştirakı ilə keçirilən müzakirələr göstərdi ki, bizdə etnogenezlə bağlı vahid konsepsiya yoxdur”. O, bildirib ki, layihə çərçivəsində bütün bu problemləri həll edəcəklərinə iddia etmirlər, lakin heç olmasa bu sahədə sanballı nəticələri ortaya qoyacaqlar. 

Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Yasəmən Qaraqoyunlui türk xalqlarının etnogenezi ilə bağlı müxtəlif nəzəriyələr barədə məlumat verdi. O bildirdi ki, bir çox nəzəriyyələr ortaya qoyulsa da hazırda ən aktual olanı Ön Asiya nəzəriyyəsidir ki, bu nəzəriyyə türklərin çıxış yerinin Ön Asiya və Qafqaz olduğunu irəli sürür. 

Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun sədri Vüqar Zifəroğlu qeyd etdi ki, bu sahədə problemlər çoxdur və bu problemlər müzakirələr yolu ilə həll edilməlidir: “İslam dini min ildən artıq müddətdə tariximizdə mühüm rol oynayıb” deyən V.Zifəroğlu milli kimliyin formalaşmasında dini, milli, etnik amilin mühüm rol oynadığını bildirdi. 

Demokratik İslahatçı Gənclər Birliyinin sədri Vüsalə Hüseyinli bildirdi ki, belə məsələlərin açıq şəkildə müzakirə olunması artıq bir uğurdur və elmi qurumlar bu sahədə ciddi araşdırmalar aparıb vahid, konkret nəticə, Milli Kimlik konsepsiyası ortaya qoymalıdırlar.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun əməkdaşı Elmin Əliyev bu məsələlərin müzakirəsinin vacib olduğunu və müzakirələrin pantürküst, panislamist mövqedən anlaşılmamasına diqqət edilməsinin vacibliyini qeyd etdi. O, layihənin vacib olduğunu, burda gedən gərgin müzakirələrin də bunu sübut etdiyini dilə gətirib. 

BDU-nin müəllimi Saleh Kazımov azərbaycançlıq ideologiyasından dnaışaraq müxətlif etnik qrupların bir ideologiya altında birləşməsində dini amillərin roluna, etnik qrupların uzlaşması kimi məsələlərə toxundu.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Nahid Məmmədov millətlərin formalaşmasında din amilinin roluna diqqət yönəldərək Azərbaycanda bu sahədə dövlət siyasətinin aktiv şəkildə həyata keçirildiyini bildirdi. O, layihəyə bundan sonar da dəstək verəcəklərini, görülən işləri təqdir etdiklərini və daha real nəticələr əldə ediləcəyinə ümidvar olduğunu açıqlayıb. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az