Minsk Qrupunun həmsədləri birbaşa Qarabağa gəldi

Minsk Qrupunun həmsədləri birbaşa Qarabağa gəldi

Fransalı həmsədr Jak For: “Xankəndi aerportu məsələsi üzərində iş davam edir, bizim təkliflərimiz var”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan-Azərbaycan münaqişəsi zonasına bu dəfəki səfərlərini birbaşa Dağlıq Qarabağdan başlayıblar. Aazadlıq Radiosunun erməni xidməti xəbər verir ki, həmsədrlər Yan Kelli (ABŞ), İqor Popov (Rusiya) və Jak For (Fransa) martın 19-da axşam İrəvana, oradan isə Xankəndinə səfər ediblər. Xankəndində həmsədr diplomatların separatçı erməni rejiminin rəhbəri Bako Saakyan və “xarici işlər naziri” Karen Mirzoyanla görüşüblər. Amerikalı həmsədr Yan Kelli deyib ki, o ilk dəfədir Dağlıq Qarabağa gəlir: “Mənim məqsədim odur ki, Dağlıq Qarabağ hakimiyyətinin mövqeyini dinləyim və nizamlama prosesində nə kömək edə biləcəyimizi araşdırım”.

Y.Kelli jurnalistlərə açıqlamasında Xankəndi aerportunun açılması ilə bağlı prosesin hansı mərhələdə olduğu barədə suala cavab verməyib. “Biz münaqişənin dinc yolla nizamlanmasına kömək etmək istəyirik” deyə o bildirib. Fransalı həmsədr Jak For isə aeroport məsələsi ətrafında prosesin davam etdiyini, hələ konkret detallar haqda danışmağın tez olduğunu deyib. “Lakin əmin olun ki, biz daim bu istiqamətdə işləyirik, bizim konkret təkliflərimiz var və bunu tərəflərlə müzakirə edirik” deyə fransalı diplomat bildirib. Dağlıq Qarabağın separatçı erməni lideri Bako Saakyan isə həmsədrlərlə görüşündə Azərbaycan tərəfinin “atəşkəsi pozmasından” şikayətlənib. O deyib ki, Dağlıq Qarabağ bayram günlərində atəşkəsin pozulmasını dayandırmaq barədə təklif versə də Bakı bundan imtina edib.

Həmsədrlər dünən Xankəndindən İrəvana dönüblər. Onların bu gün Ermənistan prezidenti və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb. Rusiyalı həmsədr İ.Popov jurnalistlərə deyib ki, əvvəllər olduğu kimi bu dəfə də onlar regiona səfərlərinin yekunları ilə bağlı rəsmi açıqlama yayacaqlar. Həmsədrlərin Bakıya nə zaman gələcəyi dəqiq məlum deyil. Bundan əvvəl xarici işlər naziri E.Məmmədyarovun həmsədrlərin aprelin əvvəlində Bakıya gələcəyini demişdi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az