Əslən Gürcüstanın Sadaxlı kəndindən olan Nəsib Cəfərov ermənilərə "qardaş" deyir
Youtube sosial şəbəkəsində bu video görüntünü izləyəndə bizi dəhşət bürüdü. 2011-ci ildə yuotube.com sosial şəbəkəsində yerləşdirilən bu videoda Gürcüstanda yaşayan azərbaycanlı müğənninin Ermənistan ərazisində, İrəvanda ermənilərlə birlikdə kef məclisində iştirak etdiyi açıq-aydın görünür. Videogörüntüyə maraqlı ad da qoyulub; Azərbaycanlılar İrəvanda ermənilərlə kef edir. Elə videodan da görünür ki, azərbaycanlı müğənni Nəsib Cəfərov İrəvanda təşkil olunan yemək-içmək məclisində erməni müğənnisi ilə birlikdə Azərbaycan muğamlarını duet şəklində ifa edir və onlarla birlikdə kef edir. Erməni müğənnisi Azərbaycan muğamlarını erməni dilində ifa edir. Nəsib Cəfərov adlı bu şəxs isə Azərbaycan dilində ona cavab verir. Maraqlıdır ki, erməni müğənni ilə azərbaycanlı Nəsib Cəfərovu müşaiyət edən musiqiçilər ermənilərdir. Onlar bizim milli musiqilərimizi o qədər ustalıqla ifa edirlər ki, bu işlə uzun illərdir məşğul olduqları dərhal hiss olunur. Amma daha bir maraqlı məqam budur ki, erməni müğənni Azərbaycan mahnısı olan «Sən, sən» mahnısını erməni dilində oxusa da, axırda elə Azərbaycan dilində «Sən, sən» deyir. Bu da onu göstərir ki, ermənilərin saxtakarlıqları hər yerdə, hər şəraitdə və hər məqamda açıq-aydın görünür. Yetər ki, Nəsib Cəfərov kimi satqınlar onlara dəstək olmasın. Onun bu əməli bizi əməlli-başlı hövsələdən çıxardı. Sorub-soraqladıq, bu adamı Bakıda tanıyan olmadı. Ermənilərə «qardaş» deyə müraciət edən, onlarla bir süfrə arxasında oturan, azərbaycanlı ola-ola Azərbaycanı unudan, Qarabağı yaddan çıxardıb ermənilərlə dostluq edən bu şəxsin kimliyini çox araşdırdıq. Nəhayət, internet vasitəsilə bu adamın əsl kimliyini öyrənə bildik. «Borçalı Bülbülü” ləqəbi ilə tanınan müğənni Nəsib Cəfərov adlı şəxs 1961-ci ildə Gürcüstanın Sadaxlı kəndində doğulub. Nə olsun ki, Gürcüstan vətəndaşısan, axı sən azərbaycanlısan, azərbaycanlı adı daşıyırsan. Bir qarın çörək, bir qurtum içki, 5-10 manat da pula görə insan millətini, xalqını satarmı?
"Ucnoqta"az