“Müxalifətin kobud hərəkətlərini görməmişəm” – MÜSAHİBƏ

“Müxalifətin kobud hərəkətlərini görməmişəm” – MÜSAHİBƏ

Hadı Rəcəbli: “Baş nazirdən savayı hər hansı məmurun “kortej” və ya “miqalka” ilə avtomobildə getdiyini görməmişəm”

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Lənkəran rayonundan seçilmiş deputat Hadi Rəcəblinin Bizimxeber.az-a müsahibəsi:

- Ötən gün Musavat Partiyasının başqanı İsa Qəmbərin rəhbərlik etdiyi heyət Lənkərana səfər edərkən yenə də problemlər yaşanıb. Həmin rayondan seçilən deputat olaraq bu hadisəyə münasibətiniz necədir?

- Azərbaycanda olduğu kimi, Lənkəranda da müxalifət mövcuddur. Amma Lənkəranda müxalifət çox zəifdir. Mən Lənkəranda müxalifət partiya nümayəndələrinin hələ ki pis və kobud hərəkətlərini görməmişəm. Bütövlükdə cəmiyyət, o cümlədən Lənkəran sakinləri dövlətçiliyə sadiq və bağlıdırlar. Rayon sakinləri indi ölkəmizdə gedən geniş quruculuq və abadlıq işlərini çox yaxşı görürlər. Bütün bu cür inkişafı görən adamlar isə dövlətçiliyə zidd nəsə etməzlər.
Mən fikirlərimi bir daha təkrar edirəm ki, Lənkəranda müxalifət mövcuddur, amma çox zəifdir. Lənkəranda mövcud olan müxalifətin sosial bazası yoxdur. Onlar öz fəaliyyətləri ilə məşğul olurlar və onlara mane olan da mövcud deyil.

- Bəs Musavat Partiyasının ötən gün yaydığı bəyanatda deyilir ki, polis açıq-aşkar onların bu səfərlərinə mane olub…

- Müsavat Partiyasının başqanı İsa Qəmbərin ötən gün Lənkərana etdiyi səfər müəyyən məqsədlər daşıyıb. Axı nə üçün 30 maşınla burdan Lənkərana gedirsən? Deməli burada məqsəd odur ki, gedib rayonlarda müəyyən şou və gərginlik yaratmaq istəyirlər. Əgər onlar 20 illik yubileylərini keçirmək istəyirlərsə, o zaman bunu gəlib mərkəzdə keçirə və öz nümayəndələrini bura dəvət edə bilərlər. Mən yenə də deyirəm ki, burada məqsəd bilərəkdən gərginlik yaratmaqdır. Bu, hamıya da tam aydındır. Elə Lənkəran camaatı da zaman-zaman bu kimi hərəkətlərdən əziyyət çəkib. Lənkəran sakinləri vaxtilə bu kimi qondarma və təxribatçı hərəkətlərdən, rus kəşfiyyatının həyata keçirdiyi addımlardan çox əziyyət çəkib. Düşünürəm ki, bu cür hərəkətlər yaxşı hal deyil və Lənkəran sakinləri də bunu qəti istəmir. İsa Qəmbər Bakıdan Lənkərana 30 avtomobildən ibarət “kortej”lə gedirsə, bu zaman yollarda böyük gərginlik də yaranacaq, qayda-qanun da pozulacaq. Onlara qabaqcadan deyilsə də, lakin onlar deyilənlərə məhəl qoymayıblar və “kortej”lə Lənkərana gediblər. Onlara demək lazımdır ki, əgər sənin Lənkəranda adamları varsa, o zaman niyə buradan 30 avtomobillə gedirsən?

- Hazırda Azərbaycanın bir neçə naziri də “kortej”li avtomobillərdə gəzir. Bəs bu barədə nə deyə bilərsiniz?

- Mən neçə illərdir ki, Lənkərana gedib-gəlirəm və məmurları da tanıyıram. Baş nazirdən savayı hər hansı məmurun “kortej” və ya “miqalka” ilə avtomobildə getdiyini görməmişəm. Bilirsiniz ki, mən hər zaman obyektiv danışan insanam. Gəlin ədalətli danışaq. Ola bilər ki, “miqalka” ilə baş nazirimiz getsin, amma hər hansı nazirin “miqalka”lı avtamobildə getdiyini görməmişəm.

Veteninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az