Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində iki polis əməkdaşının həlak olduğu bildirilir.
APA-nın məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.
Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.
Atışma zamanı daha bir neçə nəfər yaralanıb.
Onların arasında polis əməkdaşları da var.
***
14.58
Nardaranda baş vermiş silahlı insident nəticəsində ölən və yaralananlar Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirliblər.
APA-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.
***
14.31
Bakıda xüsusi əməliyyat keçirilib.
APA-nın məlumatına görə, Bakının Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanları əməkdaşları müqavimətlə qarşılaşıblar. Nəticədə atışma olub. Baş verən atışma zamanı ölən və yaralananların olduğu bildirilir.
Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb.
Sabunçu rayon Polis İdarəsindən APA-ya əməliyyat keçirildiyini təsdiqləyiblər.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.