Nazarbayev Bakının gedişini təkrarladı – Sensasion şərh
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev strateji qərar verdi.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı danışarkən deyib. O, növbədənkənar prezident seçkilərinin keçirilməsinin yerində atılmış addım olduğunu bildirib:
"Qazaxıstanda növbədənkənar prezident seçkisi bu ilin iyun ayında keçiriləcək. Halbuki seçki gələn il keçirilməli idi. Nazarbayev Azərbaycan prezidentinin ötənilki gedişini təkrarladı. Qazaxıstan çox mürəkkəb bir bölgədə yerləşir. Buna görə də düşünürəm ki, strateji baxımdan doğru qərar verilib. Bununla Nazarbayev daxildən və xaricdən seçkiyə bu və ya digər dərəcədə təsiri planlaşdıran mərkəzlərin planlarını pozdu. Əgər buna qədər "Nazarbayev gələnilki prezident seçkisində kimə üstünlük verəcək?" sualına müxtəlif cavablar var idisə, erkən seçkilərdə hakimiyyətin namizədinin hazırki dövlət başçısı vəzifəsini icra edən Qasım-Jomart Tokayevin olacağı ehtimalı yüksəldi. Başqa namizədlərin olması hakimiyyət üzərində qovğanı gücləndirə bilərdi”.
Qeyd edək ki, Nazarbayevin istefasından sonra prezident kimi and içən Qasım Jomart Tokayev, ölkə Konstitusiyasına görə, sələfinin prezidentlik müddətini başa vurmalı idi. Buna baxmayaraq, Tokayev iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkisi təyin etdi.
Miq.Az