Sadıq Sadıqov klubu idarə edə bilmir
"Neftçi"də vəziyyət günü-gündən gərginləşir. Komandanın Avropa Liqasının pley-off mərhələsində "Partizan"a məğlubiyyətindən sonra gərginlik daha da artıb. Piasport.az-ın əldə etdiyi məlumata görə, hazırda klub daxilində hakimiyyət uğrunda mübarizə gedir. Vitse-prezident postundan istefa verən Tahir Süleymanovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin keçmiş rəhbəri Elnur Əşrəfoğlu hazırda klubun ikinci şəxsi olmaq uğrunda yarışır.
Bundan əvvəl bir neçə dəfə istefa versə də, ərizəsi Sadıq Sadıqov tərəfindən qəbul olunmayan Tahir Süleymanov "Koper"lə ilk oyundan sonra yenə prezidentə güvənərək özünü fəda etdi. Lakin Sadıq Sadıqov bu dəfə onun istefasını qəbul etməklə vitse-prezidentin planlarını alt-üst etdi. İndi Tahir Süleymanov yenidən bu posta təyinatını reallaşdırmağa çalışır. Amma bu o qədər də asan deyil.
Çünki artıq Elnur Əşrəfoğlu da bu post uğrunda mübarizə aparır. Daha doğrusu, Az.TV-nin keçmiş şərhçisinin bu postda çoxdan gözü var idi. Hətta bir müddət əvvəl "tezliklə "Neftçi"nin vitse-prezidenti təyin olunacam" açıqlamasını verməkdən belə çəkinməmişdi. Lakin Sadıq Sadıqov hələlik onun da istəyini yerinə yetirmir.
Həm Tahir Süleymanov, həm də Elnur Əşrəfoğlu hazırda "Neftçi"də heç bir post tutmur. Amma hər ikisi klubun idarəçiliyində iştirak edir. Tahir Süleymanov faktiki olaraq komandanın vitse-prezidenti vəzifəsini icarə edir, klub adından açıqlamalar verir və s. Elnur Əşrəfoğlu uzun müddət əvvəl "Neftçi"dən kənarlaşdırılsa da, hələ də klubun içindədi. Hətta komandanın səfər oyunlarına yollanır, özünü Sadıq Sadıqovun sadiq adamlarından biri kimi təqdim edir. Bir sözlə komandanın daxilində hərc-mərclik yaranıb.
"Partizan"la oyundan sonra Güloğlan Cabbarov da baş qaldırıb. Klubun keçmiş idman direktoru, "Xəzər Lənkəran"la kubokun finalında rəqib futbolçunu döydüyü üçün məcburi şəkildə istefa verməli olan bu şəxs dünənə qədər özünü Böyükağa Hacıyevin ən çılığın dəstəkçisi kimi göstərirdi. "Partizan" məğlubiyyətindən sonra isə "Facebook"da açıqlamalar verməyə başlayan keçmiş idman direktoru baş məşqçini "iti qovan kimi qovmaq lazımdı" sözlərinə layiq görür.
Güloğlan Cabbarovun Sadıq Sadıqovun ən yaxın adamlarından biri olduğu heç kimə sirr deyil. Bu isə onun prezidentin icazəsi olmadan danışa bilməyəcəyini deməyə əsas verir. Görünür hazırda "Neftçi"də heç bir rəsmi vəzifəsi olmayan bu şəxsi prezident danışdırır. Özü də Güloğlan Cabbarovun yenidən "Neftçi"də vəzifə tutmaq istəyi var.
Görürən odu ki, "Neftçi"nin daxilində hakimiyyət uğrunda mübarizə gedir. Arada qalan isə komanda olub. Futbolçular və məşqçi heyəti kimin sözünü eşidəcəklərini, kimdən tapşırıq alacaqlarını bilmirlər. Sadıq Sadıqov isə sözün əsl mənasında özünü itirib, klubu idarə edə bilmir. Prezident Tahir Süleymanov, Elnur Əşrəfoğlu və Güloğlan Cabbarov üçlüyünün əlində qalıb.
Pia.az