«Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər». Bu fikirlər ümummilli lider Heydər Əliyevə məxsusdur. Onun zamanında söylədiyi bu müdrik kəlam dahi şəxsiyyətin 80 illik mənalı ömrünün hər bir dəqiqəsini, saatını əks etdirir. Əslində dahi adlandırılan şəxsiyyətlərin dahiliyi məhz xalqının, millətinin yaddaşında daim qalması, hər zaman xatırlanmasındadır. Heydər Əliyev isə Azərbaycan xalqının son əsrdə yetişdirdiyi ən dahi şəxsiyyət, dərin zəka sahibi, dünya şöhrətli siyasi xadim idi.
Bu gün ümummilli lider Heydər Əliyevin vəfatından bizi 8 il ayırır. Lakin bu illər ərzində xalq özünün xilaskarını, böyük oğlunu hər zaman böyük qürur hissi ilə yad edib. Azərbaycan xalqı, dünyadakı bütün soydaşlarımız, eləcə də mütərəqqi dünya ictimaiyyəti milli liderimiz, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vəfatının 8-ci ildönümünü böyük kədərlə anır. Hazırda Azərbaycan gəncliyi güclü, demokratik, inkişaf edən müstəqil Azərbaycan dövlətinin vətəndaşları olmalarında, belə bir ölkədə yaşamaq hüququ əldə etmələrində məhz ümummilli lider Heydər Əliyevə borcludurlar. Ağır günlərində daima xalqının yanında olmağı bacaran H. Əliyev deyirdi: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Müasir Azərbaycan tarixinin son otuz iliylə birbaşa bağlılığı olan bu şəxsiyyət dövlət başçısı fəaliyyətində yuxarıda qeyd etdiyi müdrik kəlamı həmişə başlıca prinsip kimi tutub. Xalqına xidmət etməyi ən böyük mükafat sayan ümummilli liderin arzuları bu gün artıq özünü doğrultmaqdadır. Müstəqil, demokratik və güclü Azərbaycan onun qoyduğu yol ilə prezident İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir.
Hazırda qətiyyətlə söyləyə bilərik ki, vətəndaşı olduğumuzla qürur duyduğumuz müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir. Lakin müstəqil dövlətçiliyin qurulmasına aparan yol müstəqil fikirdən, düşüncədən başlayır. Hər bir azad dövlətin əsasını təşkil edən müstəqil fikir isə müasirliyin, azadlığın ən vacib amillərindən sayılır. Çox güclü siyasi analitik qabiliyyətə, strateji baxışlara malik olan H. Əliyevin bu istiqamətdə xalqı, milləti qarşısında xidmətlərinin əsası hələ onun Azərbaycanda birinci rəhbərliyi (1969-1982) dövrünə təsadüf edir. Milli düşüncə və azad fikrin daşıyıcıları hesab olunan milli genofondun qorunması H.Əliyevin yürütdüyü strateji xəttin ayrılmaz tərkib hissəsi idi. Onun uzaqgörənliyi sayəsində milli təfəkkürü formalaşdıran ziyalılar təbəqəsi sovet repressiyaları və təqiblərindən qorunmuş oldu. Təbii ki, dünyanın ən totalitar rejimi adını qazanmış bir dövlətin sözünün ən kəsərli vaxtında bağlı sərhədlər daxilində özünün siyasi karyerası və həyatını təhlükə altına qoyaraq müstəqil düşüncəli ziyalıları qorumaq, xalqının taleyini özünün taleyindən üstün tutmaq heç də asan məsələ deyildi. Bu işi ancaq güclü vətənpərvərlik hisslərinə sahib olan ümummilli lider Heydər Əliyev bacara bilərdi.
Bu dahi şəxsiyyəti digərlərindən fərqləndirən başlıca özəlliklərindən biri də müsbət mühafizəkarlıq və novatorluq ideyalarının ahənginin yaradılması idi. Ümummilli lider söyləyirdi: «Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir». Fenomen insan olan Heydər Əliyev mənəviyyatda kamil mühafizəkarlığın, qədim tarixi köklərə və zənginliyə malik adət-ənənələrdən gələn, millətin mənəvi inkişafında, birliyində güclü əsas rolunu oynaya biləcək milli-mənəvi ideyaların qorunub-saxlanılmasını, gələcək nəsillərə ötürülməsinin təmin edilməsini istəyirdi. Lakin dahi şəxsiyyət xalqın yüksək mühafizəkar mənəvi ideyalara malik olması ilə yanaşı, onun inkişafında, qlobal dünyaya inteqrasiyasında müasirliyin, yeniliyin tərəfdarı idi. O, düşüncədə təkmil müasirlik tələb edirdi. Azərbaycanın müstəqil dövlət kimi güclü əsaslarının formalaşmasında müasir yeniliklərin, kəşflərin uğurlu tətbiqinə çalışırdı. Bunun məntiqi nəticəsi olaraq müstəqil Azərbaycanın suverenliyinin qarantı rolunu oynayan «Əsrin müqaviləsi» adını almış saziş dövlətimiz üçün ən çətin zaman sayılan 1994-cü ilin sentyabrında imzalandı. Bu sazişin imzalanması nəticəsində Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynayan neft sektoruna dünyanın ən aparıcı şirkətlərinin axını başladı. Ən müasir texnologiyaların tətbiqi həyata keçirildi. Məhz sözügedən uğurlu neft strategiyası sayəsində Azərbaycan son illərdə iqtisadi artım templərinə görə dünyada öncül yerlərdən birini tutur. "Əsrin müqaviləsi"nin imzalanması nəticəsində ümummilli lider Heydər Əliyev nəinki neft strategiyasının təməlini qoydu, yeni neft əsrini başlatdı, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafının ana xəttini müəyyən etmiş oldu.
Xalqımızın H.Əliyevə ümummilli lider statusunun verməsinin başlıca səbəbi isə onun 1993-cü ildə ölkəmizin parçalanmaq, məhv olmaqdan xilas etməsidir. Xalqının bir çağırışı ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider fəaliyyətinin əsas qayəsini təşkil edən məşhur bir kəlamını səsləndirdi: «Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram». Doğrudan da dahi şəxsiyyətin qəlbində vuran ürək son ana kimi xalqı, milləti və dövləti üçün döyündü. Ulu öndərin fundamental yaddaşı, dəmir məntiqi, gərgin siyasi vəziyyətlərdən çıxmaq bacarığı, hər bir vəziyyətə uyğun qərar vermək qabiliyyəti, güclü iradəsi hər bir rəhbərə xas olan xüsusiyyətlər deyil. Məhz onun fenomen bacarığı əsasında yaradılmış siyasi kurs müstəqil Azərbaycanın güclü əsaslara söykənən davamlı iqtisadi inkişaf yoluna qədəm qоyması ilə yanaşı, parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalan cəmiyyətimizdə bütövlüyü, həmrəyliyi, milli birliyi də təmin etdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində xalqı ayaqda saxlaya biləcək Azərbaycançılıq ideyasının komponentlərinin birləşdirilərək sistem halına salınması, xalqımızın qədim dövlətçilik ənənələrində varislik prinsipinin bərpası da məhz ümummilli liderin uzaqgörənliyinin, məntiqi təfəkkürünün nəticəsidir. O deyirdi: «Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam».
H. Əliyev Azərbaycanda demokratik inkişaf, insan hüquq və azadlıqlarının qorunması, təmin edilməsi, qanunun aliliyi üçün çalışırdı. Onun Azərbaycan xalqı qarşısında bu sahədə ən böyük xidmətlərindən biri də 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın dövlət quruculuğu əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetini və hakimiyyətlər bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi.
Onun dahi, fenomen şəxsiyyət olması, dünya səviyyəli lider kimi qəbul edilməsi heç kimə sirr deyil. Dünyanın ən tanınmış siyasi xadimlərinin ümummilli lider barədə səsləndirdikləri fikirləri xatırlatmaq kifayətdir ki, Heydər Əliyev şəxsiyyətinin dünyanın strateji bölgələri sırasında xüsusi əhəmiyyətə malik Cənubi Qafqaz və beynəlxalq aləmdə hansı çəkiyə malik olduğu aydınlaşsın. Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Corc Buş deyirdi: «Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır». Bütün bu qeyd olunan nüansların yekunu olaraq bir şeyi söyləmək istərdim. Ümummilli lider Heydər Əliyev xalqımızın, millətimizin xatirələrində hər zaman əbədi olaraq yaşayacaq. Müasir Azərbaycan bu gün bölgədə ulu öndərin layiqli davamçısı İlham Əliyevin Heydər Əliyev siyasi kursuna dayana siyasəti ilə günü-gündən inkişaf etməkdədir. 19-cu əsrin sonu 20-ci əvvəllərində qurulan Demokratik Azərbaycan Cumhurriyyəti qıssa bir ömür yaşasa da. Ollərdən bizi ayıran 94 illik zaman kəsiyində Azərbaycan dövlətcilik ənənənələrini daha da təkminləşdirdi, dünya mədəni və demokratik prinsiplərinin bir parçasına çevirməyi bacardə. Bu gün Müasir Azərbaycan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin liderliyi ilə qanunvericilik bazasının təkminləşdirməklə, sosial-iqtisadi sahədə müxtəlif layhələri həyata keçirməklə, bölgədə sülhün və sabitliyin inkişafı yolunda ən dəyərli töhfələri verməklə adını dünyanın maraq dairəsinə olan dövlətləri sırasına yazdıra bilib.Bölgələrin sosisl-iqtisadi inkişafı istiqamətində atılan addımlar, quruculuq və abadlıq işlərinin sürətləndirilməsi bunun bariz nümunəsidi. Bu gün hər birimiz bölgənin lideri olan Azərbaycan dövlətinin layiqli vətəndaşlarıyıq. 94 yaşlı dövlətimizin əldə etdiyi uğurlar hər bir azərbaycanlının qürur yeri, and yeri olmalıdır.