Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Yunanıstanda simpozium keçirilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Yunanıstanda simpozium keçirilib

Yunanıstanın Korfu adasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Avstraliya hökuməti, Sülh Naminə Kembric Fondunun dəstəyi ilə Andreas Papandreu Fondu tərəfindən 16-cı Simi Simpoziumu təşkil olunub.

Vətəninfo.az-ın məlumatına görə, Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, simpoziumda ərəb dünyasında baş verən geosiyasi və ictimai dəyişikliklər, Yaxın Şərqdəki humanitar böhran, Balkanlardakı münaqişələr və regionun gələcəyi, Şərqi Aralıq dənizində regional inkişaf və sabitliyin bərpası, Avropa İttifaqının qonşuluq siyasətinin perspektivləri, eləcə də gündəmdə olan digər önəmli mövzular müzakirə edilib.

Simpoziumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzini Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumciya, Ərəb Liqasının sabiq baş katibi və Misirin sabiq xarici işlər naziri Əmr Musa təmsil ediblər.

Bir sıra tanınmış ictimai-siyasi xadimlər – amerikalı iqtisadçı, Nobel mükafatı laureatı Jozef Stiqlits, Yunanıstanın sabiq Baş naziri Georgi Papandreu, ABŞ-ın keçmiş Prezidenti Bil Klintonun sabiq xüsusi müşaviri Mark Mediş, Böyük Britaniya Leyboristlər Partiyasının sabiq lideri Ed Milibənd tədbirdə iştirak ediblər.

Simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Amr Musa və Petar Stoyanov paytaxt Afinada Yunanıstan Prezidenti Prokopis Pavlopoulos, sabiq xarici işlər naziri, parlamentin üzvü Dora Bakoyannis, sabiq Baş nazir Kostas Karamanlis ilə görüşlər keçiriblər.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az