«Nur» klinikasının fırıldağı

«Nur» klinikasının fırıldağı

Adı insan orqanlarının ticarətində hallanan klinika bağlansa da, başqa adla fəaliyyət göstərir

Ötən il Azərbaycanda qanunsuz olaraq insan orqanlarının transplantasiyası ilə məşğul olan bir neçə tibb ocağının adı mətbuatda açıqlanmışdı. Bu adlar hətta xarici ölkələrin, xüsusən də Ukrayna hüquq-mühafizə orqanlarının açıqladığı hesabata da düşmüşdü. Onlardan biri də Bakıdakı «Nur» klinikasıdır. Badamdar qəsəbəsində yerləşən bu klinika şəxsi bir villada fəaliyyət göstərirdi. O qədər də geniş olmayan imkanlarla klinika kimi fəaliyyət göstərməsi sonda bu tibb müəssisəsinin bağlanmasına gətirib çıxardı. Müəssisənin bağlanmasının ən başlıca səbəbi isə orada qanunsuz olaraq insan orqanlarının köçürülməsi və ticarətinin aparılması faktının üzə çıxması oldu. Bu fakt beynəlxalq səviyyədə qalmaqala səbəb olduğu üçün Səhiyyə Nazirliyi «Nur» klinikasının lisenziyasını ləğv etmişdi. Lakin bu klinikanın rəhbərliyi öz əməllərini davam etdirmək üçün başqa üsullara əl atıb. Belə ki, «Nur»un fəaliyyəti dayandırılandan bir neçə ay sonra, yəni, bu klinika ilə bağlı qalmaqal bir qədər unudulan kimi sözügedən tibb müəssisəsi başqa adla fəaliyyətə başlayıb.

Əldə etdiyimiz məlumata görə, eyni adamların rəhbərliyi altında yaradılan yeni müəssəisə «Sultanmed» klinikası adlanır və əvvəlki qaydada pasiyentlərə eyni xidmətlər təklif olunur. Maraqlıdır, görəsən, bu klinika yenidən başqa adla necə qeydiyyatdan keçib? Səhiyyə Nazirliyi adi bir villada tibb müəssisəsi yaradılmasına necə göz yumur? «Nur» adını dəyişib «Sultanmed» qoyduqda nə dəyişib? Qanunsuz orqan transplantasiyası aparılmırmı? Buna kimsə zəmanət verə bilərmi? Bu sualların cavabını tezliklə tapmağa çalışacağıq…

kƏNAN



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az