Paşinyan erməni generalı niyə həbs etdirdi? - DETALLAR
Qarabağdakı separatçı qüvvələrin rəhbərinin "baş müşaviri”, keçmiş "müdafiə naziri” Mikayel Arzumanyanı Şuşaya görə həbs ediblər. Ermənistan İstintaq Komitəsi Arzumanyanı hərbi xidmətdə yol verdiyi səhlənkarlığa görə saxlayıb.
Publika.az-ın xəbərinə görə, komitənin açıqlamasında qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.
Şuşa iki ildir azad olunub, Arzumanyanı indi niyə həbs ediblər?
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu həbsin baş nazir Nikol Paşinyanın təlimatıyla həyata keçirildiyini vurğulamaq mümkündür:
"Bunu həbslə bağlı yayılan mətndən aşkarlamaq olar. Ermənistan İstintaq Komitəsi Şuşanın "müdafiəsinin" necə yararsız təşkil olunduğunu detallarına qədər açıqlayıb. Mətndə hansı silahlı qrupların Şuşada və ətrafda necə yerləşdiyi və döyüşlərə necə cəlb olunduğu, o cümlədən döyüşçülərin sayına qədər yayımlanıb. İrəvan Şuşa döyüşlərinin gedişatı ilə bağlı ilk dəfədir ki, detallı açıqlama yayımlayıb. Nikol Paşinyan Arzumanyanın həbsi və Şuşanın hansı şəraitdə işğaldan azad olunmasıyla bağlı detallı məlumat yayınlamağı əmr etməklə məğlubiyyətə görə məsuliyyəti Qarabağ separatçılarının və onların yarıtmaz "müdafiə nazirinin” boynuna yükləmək istəyir".