
Bunlar erməni ekspert çevrələrində və KİV-lərində Paşinyana qarşı qınaqların ümumiləşmiş formasıdır. Habelə erməni KİV-lərində və siyasi çevrələrində hesab edirlər ki, Paşinyanın "torpaqları qaytarmağa” hazırlaşmasının əlamətlərindən biri də Azərbaycanın son vaxtlar Qarabağ məsələsində ritorikanı dəyişib daha yumşaq mövqedən çıxış etməsidir. Erməni KİV-ləri üçün yazan və çıxış edən rusiyalı politoloq Stanislav Tarasov isə daha da uzağa gedərək iddia edib ki, bu ilin iyun ayında Paşinyanla Əliyev Qarabağa dair razılaşma imzalayacaq və həmin razılaşma əsasında Ermənistan bir neçə rayonu qaytarmalı olacaq.
"Detalların müzakirə edilmədiyini iddia etsələr də biz uşaq deyilik və gözəl başa düşürük ki, əgər konkret söhbət predmeti yoxdursa o zaman saatlarla danışmaq mümkün deyil. Son aylar gedən bu proses, saatlarla davam edən danışıqlar göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə ətrafında "alver” var, o danışıqlar masası üzərindədir”-Tarasov "168 jam” qəzetinə müsahibəsində deyib.

O, Davos görüşünü qiymətləndirərkən bildirib ki, Əliyev çox məmnun görünür, Paşinyan isə üzgündür. Çünki Əliyev bu partiyanı udur, ona görə ki, Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf olacağını demişdi. Amma bu istiqamətdə heç bir addım atılmayıb. Əvəzində indi tərəflər xalqları sülhə hazırlamaqdan danışırlar.
"İstənilən ciddi, savadlı konfliktoloq, hətta beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə izah edə bilər ki, münaqişələrin nizamlanması prosesində tərəflər sülh, etimad mexanizmi haqda ancaq müəyyən mərhələni keçəndən sonra danışa bilərlər. Yəni bu, üçüncü və ya dördüncü mərhələdə baş verir”-Tarasov deyib.
S.Tarasov iddia edib ki, iyun ayında Paşinyan və Əliyev Qarabağa dair razılaşma imzalayacaq və erməni tərəfi birbaşa olmayan kompromislər formasında bir neçə rayonu qaytarmalı olacaq. Onun ardınca isə Türkiyə parlamenti Sürix protokolunu ratifikasiya edəcək, diplomatik münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq./virtualaz.org/