Tağı Əhmədov: Əgər müstəqilliyimizin üstündə əsməsək, deməli nanəcibik!
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun "Vətəninfo.az"a müsahibəsi
-Niyə metro?
-Qismətdir.
-Metroda işləməsəydiniz özünüzü harda sınayardız?
-Mən özümü hər bir yerdə sınaya bilərdim amma burda olmağım qismətdir. Mən metrotikintidə də fəhlə işləmişəm, metropolitendə də. Texnikum bitirdim, politexnik, inşaat mühəndisləri institutuna daxil oldum, bitirəndən sonra kurs keçdim, metropoliten üzrə əsas ixtisasçı oldum. Bunların hamısını nəzərə alanda deməli, bu gün mən yolda da işləyə bilərəm, körpüdə də, metroda da adicə fəhlə işləyə bilərəm. Düzdür, yaşın o həddidir ki, məni fəhlə götürməzlər amma buna baxmayaraq hər bir yerdə işləmək mümkündür. Taleyin qismətiydi ki, gətirdi bura.
-Bu camaatın hər hansı birinə yaxınlaşıb milləti sevən bir məmuru soruşanda birinci məhz sizin adınızı çəkir. Niyə Tağı müəllim metroda Bütöv Azərbaycanın xəritəsini qoya bilir, başqa məmursa bundan ehtiyat eləyir. Belə çıxmırmı ki, o məmur bu millətdən deyil?
-Hamı eyni olsaydı onda nə fərqi vardı ki, elə hamı eynilik təşkil edərdi və millət hamısı eyni cür olardı.
-Heç olmasa bir mövzuda həmrəylik olsun...
-Bir mövzumuz var ki, bu gün dövlətçiliyimizi qorumalıyıq. Hər şeydən yuxarıda dövlətçiliyimiz dayanır. Azadlığı əldə etməkdən, bu, ulu öndərin sözüdür, onu qorumaq daha çətindir. Artıq ulu öndər bunu qoruyub bizə verib, biz xalqa verib bunu. Biz bunu əgər əldə saxlamasaq, bunu qorumasaq, bunun üstündə əsməsək, deməli, nanəcibin, nakəsin biriyik. Deməli, bizim bu millətdə, bu torpaqda yerimiz olmamalıdır. Ona görə də 1918-ci ildə gördünüz, başımıza necə oyun açdılar, tez-tələsik 23 aydan sonra zəbt elədilər. İki yüz ilə yaxın əsarət altında olmuşuq. Bu əsarətdən qurtarmağın vaxtıdır, bu əsarətdən qurtarmağa can atmaq yox, verilən canı qorumaq lazımdır. Bu gün yerindən duranın siyasətə qoşulmağı düz deyil. Sən əgər metroplitenin işçisisənsə zəhmət çək, metropolitenin işlərini yaxşı apar, bu, elə millətə köməkdir. Amma sənin siyasətlə işin-zadın olmasın. Siyasətin öz adamları var və sən onların dediyi xətti düz tut o xəttlə get. Bizim millətin çatışmayan bir cəhəti var, kimisə doldurur ki, sən siyasətçi, prezident belə ola bilərsən. O aldanan adam da elə bilir ki, bəli, bu nə vaxtsa həqiqət ola bilər. Prezident olmaq üçün bu gün öz prezidentinlə fəxr etməlisən. Bu gün şəxsən mənim və mənim ətrafımda olan adamların fəxri bilirsizmi nədir? Bizim prezident istər Rusiyanın, istərsə də Amerikanın prezidentilə bir cərgədə duranda, qeyri dövlətləri demirəm, Fransanınki sarsaq bir prezident idi, getdi, görək indi yeni gələn nə olacaq, məsələ bundadır ki, bizim prezidentimiz hansısa bir prezidentlə yanaşı duranda intellektual səviyyəsinə, bilik və bacarığına, danışığına görə, prezidentlik qabiliyyətinə görə, Allah ulu öndərə rəhmət eləsin, ulu öndərin davamçısı kimi iştirak edir. Və bu gün fəxrdir ki, hər kəsə öz dilində cavab verir, onun özündən də yaxşı. Amerikalı əgər ingilis dilində danışırsa bizim prezidentimiz ingilis dilində ondan da yaxşı saatlarla nitq söyləyir. Ruslar konspektdən istifadə edir, o buna ehtiyac olmadan birbaşa danışır. Bunlar intellektual səviyyənin göstəriciləridir. Millətin fəxridir. Ən böyük bədbəxtliyimiz bizim olub 1988-dən 1993-ə qədər. Prezidentləri qaçan ölkə deyirdilər bizə. Vəzirov qaçdı, dalınca Mütəllimov qaçdı, dalınca Əbülfəz Elçibəy gəldi getdi. Bəs milləti kimi ümidinə qoyub qaçırdılar? Amma Heydər Əliyevin dövründə Gəncədə qardaş qırğınını yatırdıldı, 4 oktyabr hadisələrində qardaş qırğınını yatırtdı, mart hadisəllərində qardaş qırğınını yatırtdı. Heydər Əliyevə boş bir yurdu vermişdilər, o yurd elə bir tənəzzülə uğramışdı ki, burdan ümumiyyətlə çıxış yolu yoxuydu. Özü də səhər deyəcəkdilər ki, Heydər Əliyev bacarmadı da, bunların məqsədi buydu. Amma Heydər Əliyev boş bir yurdu abad elədi, Heydər Əliyevin səriştəsi, bacarığı, dünya səviyyəli siyasətçi olmağı, uzaqgörənliyi bizi bu günə gətirib çıxardı. 1994-cü ildə əsrin müqaviləsini bağlayanda rusun başında duranların heç biri inanmırdı ki, ola bilməz, bu qeyri-mümkün şeydir. Ancaq Heydər Əliyevə inam o qədər böyük idi ki, bəli, müharibə gedən bir dövlətdə gəlib əsrin müqaviləsinə qol çəkdilər. Atəşkəs yarandı. Ordumuz yarandı. Bu gün artıq Azərbaycan dünya tarixinə ən sivil bir dövlət kimi səs salıb. “Eurovision”un Azərbaycana gəlməyi həmin 42 dövlətin Azərbaycanı istəməyiydi, 155 dövlətin Azərbaycana səs verib BMT-yə üzv kimi seçmələriydi. Bu Azərbaycanın sivilliyiydi. Dünya üzrə energetika məsələsini götürək: Azərbaycansız Nabucco həll olunmur. Bu, Azərbaycanın dünyada atılan addımıdır. Bunların hamısını nəzərə alanda, görəndə Azərbaycanla fəxr edirsən və fəxr edirsən ki, azərbaycanlıyam, mən fəxr edirəm ki, Heydər Əliyevlə işləmişəm. Mən fəxr edirəm ki, bu gün İlham Əliyevlə işləyirəm. Bu gün Azərbaycanda atılan böyük addımların bir zərrəsi də metropolitendə var, burda da mənim əməyim var. Bunlar böyük şeylərdir və bunların əvəzi yoxdur. Azərbaycan üçün hər bir kəs canını da verə bilər, qanını da verə bilər, təki Azərbaycanın müstəqilliyini qorusun. Müstəqillik qorunmasa bu mümkün deyil. Çoxlu millətlər var, çoxlu dövlətlər var, yaxşı yaşayırlar amma azad deyillər. Bu gün artıq iyirmi ildir azad Azərbaycan var. Əlbəttə bizim qonşularımız çalışacaqlar bizə zərbələr vursun amma prezidentimizin o qədər yüksək intellektual səviyyəsi var ki, elə gözəl cavablarla, elə gözəl sitatlarla bunları yerinə oturdur ki, heç tərpənə bilmirlər. Gərəkdir burda diplomatiyan, bacarığın, biliyin olsun. Siz bir anlığa 2006-cı ilin may ayının 8-də Ceyhandan ilk tankerin Avropaya yola düşməyini xatırlayın. Prezidentin çıxışı oldu. Mən bir azərbaycanlı kimi deyə bilərəm ki, o çıxış deyildi, o, millətə çağırış idi. O fərəh, o sevinc hissiydi, o Azərbaycan üçün atılan ən böyük addım idi ki, artıq bizim 2006-cı ilin 8 mayda tankerimiz Ceyhandan Avropaya yola düşdü. Bax, bu addım Azərbaycanın fəxri deməkdir, Azərbaycanın yüksəlişi deməkdir. Amma təkcə neft amil deyil. Bu gün regionların hər birində zavodlar da yaranır, mədənlər də artıq işə başlayır, insanlara iş yeri tapılır və eyni zamanda genefondumuzu təmiz zəhərləməmək üçün hər bir yerdə gözəl su çeşmələri tərtib olunur. Axı insan bədəninin 75-80 faizi sudur. Bunun yarısı da lilli olsa daha bu adamdan nə gözləmək olar? Ona görə də bu cür genefondu təmiz saxlamaq, inkişaf elətdirməkçün mütləq gözəl hava, təmiz su lazımdır. Eyni zamanda elmə fikir vermək lazımdır. Özümüzdə olan elmin inkişafı bu gün nə dərəcədə kimi qane edir-etsin ancaq prezidentin ən uzaqgörənliyi odur ki, hər il ən azı min, min beş yüz nəfər xaricdə təhsilə göndərilir. Xaricdə təhsil almaq o demək deyil ki, Azərbaycanda bu təhsil verilmir, xeyr, bu inkişafa qoşulmaqdır. Bəli, bu inkişafı görmək lazımdır. Sovet dövründə qadağa qoyulmuşdu xaricdən nə isə almağa. Amma indi texnikalara baxanda düşünürsən ki, niyə indiyəcən bizim əlimiz bunlara çatmayıb? Buna görə də birmənalı olaraq dövlətimizi və Azərbaycançılığımızı qorumaq lazımdır. Azərbaycanın zəngin və gözəl dili var, onu qorumaq lazımdır. Dünya dillərindən müqayisədə istər hərbi, istər şair dili kimi, istər məntiqi cəhətdən gözəldir dilimiz. Amma bədbəxtliyimiz ondadır ki, bu mövzuda da bəzən uyuruq, dünənəcən hamı rus dilini öyrənirdi, indi də hamı ingilis dilini. Heç kim demir öyrənmə, amma öz dilini mükəmməl biləndən sonra! Əgər belə deyilsə, öz dilini bilmirsənsə deməli, sən bədbəxtsən.
-Stansiya rəislərinin gənc olmağı diqqəti cəlb edir...
-Olmalıdır. Yeni ruh, yeni fikir deməkdir. Amma açıq deyim, günümüz gənclərindən bir az narazılığım çoxdur. Hələlik maksimum bilgi, maksimum dərəcədə intibah yoxdur. Universitetlərdən gələnlərimiz də zəifdir, oxuyanlarımız da. Biz özümüzdə hazırladığımız adamlar praktiki cəhətdən güclü olur.
Bir məqamı da deyim, “Eurovision”la bağlı əlli nəfər qız çağırmışıq, hamısına ingilis dilindən kurs keçilib. Gələn qonaqlarımıza metrodan istifadədə yardımçı olsunlar, deyə. Bu, o demək deyil ki, mütləqdir, xeyr, necə mən Londona gedəndə hər kəs ingiliscə danışırdı, mənim ölkəmdə də gəlib mənim dilimdə danışacaqlar. Amma burda bir məqam var. Bu, səviyyə yüksəkliyi və qonaqpərvərliyimizdir. Eyni zamanda üç dildə planşetdən də istənilən informasiyanı ala bilərlər. Bu da var. Və eyni zamanda qızların hamısı Eurovision günü xəttdə olacaqlar. Bu gün onlar da hansısa institutdan kəsilib gəliblər. Özümüzdə öyrədilir. Metro bir istiqamətli, bir profilli deyil, zəngin bir iş yeridir. Burda hər şeyi müəyyən dərəcədə bilməlisən. Mən on səkkiz il işlədiyim fəhləliyə heyfslənmirəm. Yuxudan oyandırıb metrodan nəyisə sorsalar, anında cavab verə bilərəm. Mən bu yolların hamısını metr-metr tanıyıram. Yenə də əvəzolunmaz adam təbii ki, yoxdur. Mən olmayacam başqası olacaq amma helelik rekord vuran mənəm ki, on dörd ildir metropoliten rəisiyəm. Qırx üç ilin on dördüncü ilidir ki, rəisəm.
Söhbətləşdi: Nigar İsfəndiyarqızı