Prokurorluq və FHN: “Sədərək” qəsdən yandırılıb, bir nəfər tutulub
Ərazidə 27 mağazanın yandığı bildirilir
Prokurorluq və Fövqəladə Hallar Nazirliyi araşdırmalardan sonra belə nəticəyə gəlib ki, yanvarın 8-də axşam saat 18 radələrində "Sədərək” ticarət mərkəzində baş vermiş yanğın qəsdən törədilib.
Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyi birgə məlumat yayıb.
"İlkin araşdırma zamanı ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahədə yerləşən 27 mağazanın Bakı sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib”, – məlumatda deyilir.
Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb.
Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.