Qarabağ müharibəsi labüddür və qaçılmazdır-Müdafiə Nazirliyi
Müdafiə Nazirliyindən 8-9 may hücumu ilə bağlı açıqlama: "Bunun baş verməsi labüddür və qaçılmazdır"
Müdafiə Nazirliyinin Mətbuat xidməti Ermənistanın kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin 8-9 may ərəfəsində hücuma keçəcəyi barədə məlumatlara münasibət bildirib:
"Ermənistan tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş verməsi labüddür və qaçılmazdır. Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün tam təmin olunması istiqamətində addımlar atacağını gözləməlidirlər.
Məşhur bir kəlamda deyildiyi kimi "Ölümü gözləmək ölümün özündən daha dəhşətlidir". Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadirdir və tam hazırdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içində yaşamaq istəmirlərsə, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdırlar".
Xatırladaq ki, ötən ay iki dəfə təmas xəttində gərginlik yaşanıb. Onlardan biri aprelin 2-dən 5-dək davam edib. Bu hadisələr tarixə dördgünlük döyüş kimi düşdü. Ermənistan təxribata cəhd edərək mövqelərimizə hücuma cəhd edib. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Miq.az