Qarabağda ermənilərə işləyən gizli qüvvə

Qarabağda ermənilərə işləyən gizli qüvvə
KQB generalı: "Kremldə hər şeydən xəbərdar idilər, amma..."

Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında əli azərbaycanlıların qanına batmış SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun rolu böyükdür, bəlkə də qanlı toqquşmalara şərait yaradan birinci şəxsdir.

İstiPress-in məlumatına görə, 1983-88-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ şöbəsinə rəhbərlik edən general-mayor Georgi Septa uzun sürən susqunluğundan sonra Dağlıq Qarabağda baş verən hadisələrdən danışıb.


KQB generalı bildirib ki, o dövrdə Kreml Qarabağdakı separatçılığı təblig etməyə başlamışdı və onlara müxtəlif yardımlar edirdi. 1980-ci illərdə Kremlin sözünü deyən siyasətçilər Qarabağda millətlərin birliyini pozmaq üçün gizli və ya açıq şəkildə təbliğata başladılar.

"Dağlıq Qarabağ Muxtar Vilayətində açıq təbliğat işləri SSRİ DTK-nın nəzarəti altında sistemli şəkildə həyata keçirilirdi. Proseslər əsasən DTK-nın Ermənistan şöbəsində idarə edilirdi. Lakin DTK sədrinin birinci müavini olmuş Filipp Bobkovun təşəbbüsü ilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndələri vəziyyətlə yerində tanış olmaq üçün DQMV-yə gəldilər. F.Bobkov deyirdi ki, artıq iki ildir Azərbaycan və Ermənistan arasında gələcəkdə münaqişəyə səbəb olacaq hadisələr baş verir, Cənubi Qafqazda təcili tədbilərin görülməsini tələb edən təhlükəli proseslər gedir. Məsələ Sov. İKP MK katibliyində müzakirəyə çıxarılır. Lakin bütün nəticələr və təkliflərlə bağlı heç bir müsbət qərar verilmədi. Heç kim milli zəmində münaqişələrin ölkədə mövcudluğunu qəbul etmək istəmirdi”, - deyə Georgi Septa bildirib.

Onun sözlərinə görə, Mixail Qorbaçovun dövründə, yəni 1985-ci ildən sonra Kreml rəhbərliyinin ikili, ziddiyyətli siyasi xətti Dağlıq Qarabağdakı təhlükəli prosesləri qızışdırırdı. 1987-ci ildə Sov. İKP MK və SSRİ Ali Sovetinə çoxsaylı müraciətlər daxil olurdu, lakin bölgədə baş verən hadisələrə birmənalı reaksiya verən olmurdu.

 

KQB generalı deyir ki, Qarabağda bir çox erməni azərbaycanlı ilə nikahda idi, bundan başqa, Bakıda 205 minə yaxın erməni yaşayırdı. Kreml rəhbərliyinin Qarabağda millətlərarası münaqişənin qığılcımlarına gözucu baxması erməni və azərbaycanlıların qanının tökülməsinə gətirib çıxardı.

"1987-ci ildə Moskvadan DTK-nın DQMV-dəki şöbəsinə göstəriş verilmişdi ki, proseslərə mane olunmasın. 1988-ci ilin fevral ayından isə Qarabağın erməni əhalisi Xankəndinin küçələrində etiraz aksiyalarına başladılar ki, DQMV Ermənistana birləşdirilsin. Bunların qarşısı alınmadı. Görünür, DQMV-də gedən proseslər kimə və ya kimlərəsə sərf edirdi”, - Georgi Septa deyib.

General-mayor Georgi Septanın bəhs etdiyi dövrdə Sov. İKP MK baş katibi Mixail Qorbaçov idi.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az