“Bu gün gənclərə kömək etməkdənsə, onlara mane olan aktyorlar var. Şərt o deyil ki, gənclər bizdən nəsə öyrənməlidir. Biz də onlardan nələrisə, öyrənirik. Çünki onlar yeni təfəkkürlü, yeni dünyagörüşlü insanlardır”
Müsahibim Xalq artisti, professor İlham Namiq Kamaldır.
Siz İlham Namiq Kamalı necə təqdim edərdiniz?
- Azərbaycanın Xalq artisti, “İlham" Miniatür Teatrını yaradıcısı, professor İlham Namiq Kamal.
İlham bəyə görə teatr nədir?
- Teatr böyük bir məbəddir, həyatın əksidir, insanların güzgüsüdür. O, insanlara xeyiri, şəri, mənəviyyatı aşılayır. Əgər Azərbaycan tamaşaçısının 1 manatı varsa, onun 5qəpiyini teatra xərcləyəcək.
Sizcə aktyor necə olmalıdır?
- Aktyorun gözəl görkəmi, plastikası olmalıdır. Bu vacib şərtdir. Aktyor səhnədə quruyub qalmamalı, qıvrılıb insanları heyran edən plastikaya malik olmalıdır. İncəsənətə qəbul olan tələbələrin görkəminə fikir veririk. Gərək tamaşaçı səhnədə gözəl xanım və bəy görsün. Biz özümüzdən sonra gələnlərə istedad verə bilmərik. Amma çalışırıq ki,istedadlı insanlara düzgün yol göstərək.
Bu gün tamaşaçıların teatra münasibəti sizi qane edirmi?
- Bəzi teatrlar var ki, onlarda heç vaxt tamaşaçı qıtlığı olmur. Musiqili Komediya Teatrı da belə teatrlardandır. Bu gün tamaşalara teatra marağı olan insanlar gəlir. Onlar sevdikləri aktyorlara baxmaq üçün gəlirlər. Aktyorun cilddən-cildə girməsi onlar üçün daha maraqlıdır. Keçən gün Emin Sabitoğlu və Cahangir Məmmədovun repertuarından “www.Fərzəlikef.com” adlı maraqlı müasir mövzulu komediyanı tamaşaya qoyduq. Tamaşaçılar çox gözəl qarşıladılar. Musiqili Komediya Teatrı digər teatrlardan seçilir və çox şaxəli teatrdır. Burada işləmək həm asandır, həm də çətin. Burada işləmək yalnız peşəkarlar üçün asandır.
Bəs dövlətin aktyorlara və teatra dəstəyi sizi qane edirmi?
- Prezidentimiz tərəfindən incəsənətə böyük qayğı var və bu yol da davam edəcək. Mən 9 ildir maaşdan əlavə mükafat alıram. Bu ildən fərdi təqaüd alacam. Bu da ən böyük qayğıdır.
Öz tələbələriniz arasında heç öz gəncliyinizi görürsünüzmü? Elə tələbəniz varmı ki, baxıb deyəsiniz: Sanki mənim gəncliyimdir?
- Əlbəttə var. Hal-hazırda mənimlə işləyən çox maraqlı, istedadlı tələbələrim var. Onlar bizim sabahımızdır. Çox istedadlı aktyorlar yetişir. Gələcəkdə bəxtləri gətirəcəksə, rejissorların gözləri onları tutacaqsa, onlar peşəkar aktyorlara çevriləcək. Musiqili Komediya Teatrında mətn dramaturqiya, rəqs musiqi, musiqi bəstəkar, müasir librettanın olması vəhdət təşkil edir. Artıq keçmiş psixologiya keçib. Gənc nəsillə ayaqlaşmaq lazımdır. Elə gənclər var ki, onlarla danışanda görürsən köhnə fikirlidir. Zəmanəylə uyğunlaşmır. Amma elə gənclər var ki, müasir fikirlidir, onlarda gələcək var, inkişaf var. Onlar hər şeyi yeni prizmadan görə bilirlər.
Müsahibələrinizin birində demişsiniz ki, namuslu qadın fahişə rolunu daha yaxşı oynayır. Sizcə bunun səbəbi nədir?
Biri var səhnədə həyasız obrazını həyasız oynasın, biri də var normal qadın oynasın. Həyasız nə oynayacaq ki? Özünü təqlid edəcək. Biri də var ki, adi aktrisadır. Həyasız obrazını sakit, həlim oynayır. Bu daha gözəldir.çünki həmin aktrisanın bu obrazı necə oynaması tamaşaçılarda maraq yaradır, onları düşündürür.
Son illərdə Azərbaycanda kütləvi surətdə seriallar çəkilməyə başlayıb. Bir aktyor kimi bunlara münasibətiniz necədir?
- Qeyd edim ki, serialların çəkilməsi üçün 500 min manat ayrılıb və teleşirkətlərin arasında bölünüb. Artıq serial çəkilməsi üçün iş başlandı. İndiki seriallar profisional seriallar deyil. Bunlar balaca şirkətlərin birgə yaratdıqları layihədir. Lakin bu da bir addımdır. Məsələn: Rusiyada dövlət serialların çəkilişinə sərəncam verdi. Sonra böyük şirkətlər onlara qoşuldu, nə qədər cavan rəssamlar, aktyorlar, bəstəkarlar yetişdi və bu gündə yetişməkdə davam edir. Amma mənə elə gəlir ki, sırf dövlətin dəstəyi ilə Azərbaycanda da 1-2 ilə geniş mecralı seriallar görəcəyik. Bizdə maraqlı nüyanslar var ki, bunu yalnız televiziya göstərə bilər. Teatr məhdud çərçivədədir. Amma televiziya məhdud çərçivədən çıxardıb hər şeyi camaatın evinə aparır və sən istər-istəməz istedadlı şəxsi görürsən və o sənin doğmana çevrilir. İnsanlar boş-boş danışıqlardan yorulub. Artıq maariflənmək istəyir və biz cəmiyyəti maarifləndirə-maarifləndirə düzgün yola gətirə bilərik. Artıq gənclik çaşıb. Bilmir televiziyada nəyə baxsın. Heç kim kiminsə, həyatına baxmaq istəmir. İnsanlara televiziyanın, teatrın necə yarandığı maraqlıdır. Artıq lağlağı verilişlərin dövrü bitib. Vaxt gələcək bəzi kanallara baxılmayacaq.
Bəzi ölkə televiziyalarında komediya janrında hazırlanmış tamaşalar efirə gedir. Bizdə də bu janrda verilişlər olsa, daha maraqlı olmazmı?
- Bizdə də olacaq. Başqa cür mümkün deyil. Dünyada elə layihələr var ki, biz onları almalıyıq. Lisenziya almaq lazımdır. Yoxsa boş-boş danışmaqla efiri məşğul etmək olmaz. Efir qiybət meydanına çevriləcək. Necə ki, indi elə verilişlərlə tez-tez rastlaşırıq. Artıq adam ailəsindən utanır. Baxmağa veriliş tapmırıq.
İlham bəy üçün ailə nə deməkdir?
- Ailə balaca dövlətdir. Ailədə övladlarınla, həyat yoldaşınla dost olmalısan. Sağlam ailədən gələn insanlar sağlam ailə qururlar və kariyeralarında da uğur qazanırlar. Tənha insanın işi də kasad olur. Sağlam ailədən gələn insanın sənəti də müvəffəqiyyətli olur.
Müsahibim izdivac verilişlərinə də münasibət bildirdi. Bu verilişlərin mənfi və müsbət tərəflərindən danışdı.
- Türkiyədə neçə ildir izdivac proqramları yayımlanır. Orada 72 milyon, Azərbaycanda 9.3 milyon adam yaşayır. Bu verilişlərdə yaşlı insanların qovuşmasından söhbət getməlidir. Tənha, yaşlı kişidir, özünə həyan axtarır, bir xanım istəyir ki, onunla söhbət etsin, bir çay içsin, gəzməyə getsin, yəni insan tənhalığını unutsun. Azərbaycanda insanların əksəriyyəti tənha deyil. 19 yaşında qız gəlib ər axtarır. Bu qız məktəb oxuya bilər, universitet oxuya bilər. İndidən ər xülyasında olmaq nəyə lazımdır? Deyir oğlanın evi olmalıdır. Bu artıq kiminsə evinə soxulmaq istəyir, terroristdir. Biz bu cür balalarımızı necə tərbiyə edə bilərik? Biz balalarımızı pis yola çəkirik, onları kiminsə, qolunun altında yaşamağa məcbur edirik. Bəzən isə yaşlı adam elə danışır ki, adam fikirləşir bunun qohumu, övladı yoxdur. Bu verilişlərdə Azərbaycan xalqına, mentalitetinə yaraşmayan faktlar çoxdur.
Sonda sevimli aktyorumuz yay istirahəti ilə bağlı planlarından danışdı.
- Mən Şamaxı rayonundanam və bununla fəxr edirəm. Lakin Azərbaycan oğluyam. Şamaxıda balaca həyətim var. Uşaqları götürüb istirahət üçün oraya gedəcəm. Daha sonra başqa rayonlarımızı gəzəcəm.
Könül İbrahim