Qobustan Milli Tarix-Bədii Qoruğunda növbəti tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub – FOTO
İyunun 1-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Uşaqlar tarixi bizimlə öyrənir” şüarı altında reallaşan növbəti tədbir Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Miq.az xəbər verir ki, tədbirdə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev jurnalistlərə müsahibəsində tədbirin əhəmiyyətindən, son zamanlar uşaqlarla bağlı qoruqda gerçəkləşən layihələrdən danışıb. Qeyd edib ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1950-ci il iyunun 1-dən etibarən keçirilir. Bu gün münasibətilə Qobustan qoruğu uşaqların bu tarixi məkana girişini tam ödənişsiz edib: "Qobustan Azərbaycanın bir sərvəti kimi keçmişlə gələcək arasında bir körpü rolunu oynayır. Gələcəyimiz olan uşaqları qoruqla tanış edib, tariximizi onlara çatdırmaq bizim ən ümdə mənəvi borcumuzdur”.
V.İsayev qoruqda reallaşan tədbirlərin bir çoxunun uşaqlarla bağlı olduğunu qeyd edərək, belə layihələrin davam etdiriləcəyinin vacibliyini vurğulayıb.
Bildirilib ki, tədbirə müxtəlif məktəblərdən və valideyn himayəsindən məhrum olmuş bir sıra internat məktəbinin uşaqları da dəvət olunub. Qoruq ərazisində onlar üçün xüsusi əyləncəli proqramlar təşkil edilib. Uşaqlara qoruqda yaradılan şəraitlə yaxından tanış olmaqla, ən qədim tarixə keçmiş insan məskənlərinin izi ilə ekskursiya etmək fürsəti yaradılıb. Diqqətə çatdırılıb ki, tədbir ölkəmizdə uşaq və gənclərin problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərə dair məlumatı ictimaiyyətə çatdırmaq, habelə bu proseslərdə uşaqların iştirakını təmin etmək məqsədi daşıyır.
Oxbridge Akademiyasının şagirdi Ürfət İsayev tədbirlə bağlı təəssüratlarını bölüşüb: "Bu gün hər il ənənəvi olaraq ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. Belə tədbirlərin keçirilməsi uşaqlara sevinc və təbəssüm bəxş edir. Mən də bu tədbirə qatıldığım üçün çox sevincliyəm. Tədbirin təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Çünki uşaq olduğum üçün bu gün mənim günümdür”.
Tədbir çərçivəsində balacalar üçün konsert proqramı da təşkil olunub. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının çıxışları proqramı daha baxımlı edib, tədbir maraqla qarşılanıb.
Sonra uşaqlar qoruq ərazisində yerləşən muzeyə baxış keçirib, qayaüstü rəsmləri seyr edərək keçmişə tarixin izi ilə səyahət ediblər.
Qeyd edək ki, bu gün saat 10.00-dan 18.00-dək qoruq ərazisində uşaqlar üçün "açıq qapı” günü də təşkil olunub.