Qubadlıdan olan məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib

Qubadlıdan olan məcburi köçkün sahibkarlara güzəştli kreditlər verilib

Vətəninfo.az xəbər verir ki. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Fevralın 27-də Sumqayıt şəhərində məskunlaşan Qubadlı rayonundan olan məcburi köçkün sahibkarlarla onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması, dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi və maliyyələşdiriləcək investisiya layihələri barədə təqdimatların keçirilməsi və məcburi köçkün sahibkarlara güzəştli kreditlərin verilməsi məqsədilə tədbir keçirilib.


Məlumata görə, 150-dən çox məcburi köçkün sahibkarın iştirak etdiyi tədbir çərçivəsində onlara güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli tamet, qapı-pəncərə istehsalı sexlərinin, kağız tullantılarının toplanması və ilkin emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.
Tədbirdə çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məcburi köçkünlərin dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu bildirib, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, məcburi köçkünlər arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxış edərək sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirlərindən geniş bəhs etmiş, məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat vermişlər.


Güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev indiyədək 1219 məcburi köçkün sahibkara 24,1 milyon manat, o cümlədən 2013-cü ildə 307 məcburi köçkün sahibkara 5 milyon manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Bu kreditlərin reallaşdırılması məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Qubadlıdan olan 15 məcburi köçkün sahibkara 202 min manatdan çox güzəştli kredit verilib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az