"Alternativ fikir boğulan ölkədə inkişaf ola bilməz"

"Alternativ fikir boğulan ölkədə inkişaf ola bilməz"

"Türkiyə hər bir məsələdə Azərbaycanın yanındadır, biz də eyni siyasəti Azərbaycandan gözləyirik"

Türkiyənin ana müxalifət  partiyası, Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu «Bizim Yol» qəzetinə müsahibə verib və CHP lideri bu müsahibəsinəd mühüm mesajlar verib. Həmin müsahibəni “Vətəninfo.az” sizə təqdim edir.

Kamal Kılıcdaroğlu:   "Azərbaycanın demokratikləşməsi prosesində hər cür yardıma hazırıq"

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıcdaroğlu qəzetimizə müsahibə verib. Ana müxalifət lideri ilə Azərbaycan-Türkiyə münasibətləri, problemlər, gözləntilər ətrafında oldu. Kamal Kılıcdaroğlu partiyasının ölkəmizdə demokratik inkişafda, çoxpartiyalı sistemin qurulmasında maraqlı olduğunu vurğuladı. CHP lideri ilə müsahibəni təqdim edirik. 

- Kamal bəy, bir müddət öncə Azərbaycan-Türkiyə arasında yaşanan soyuqluğa görə, CHP AKP iqtidarını günahlandırmışdı. Bu gün ölkələrimiz arasındakı durumu necə dəyərləndirirsiniz?

- Azərbaycan və Türkiyə xalqları bir-birinə doğma, qardaşdır. Mən heç zaman düşünməmişəm ki, iki ölkə xalqları arasında hansısa problem olsun. Ola da bilməz.  Biz qardaşlarıq. Bu qardaşlığımız dərin köklərə bağlıdır. Mən bir vətəndaş olaraq, bu gün də xalqlarımız arasında bu qardaşlığı görür və dəyərləndirirəm. Problemlər ola bilər. Amma bu qardaş xalqlar arasında yox,  siyasətdə mümkündür. Problemi yaradan siyasətdir. Sizin dediyiniz soyuqluq da siyasi anlamda olub. Biz belə bir gərginliyin yaşanmasını istəməzdik. Azərbaycan bizim qədim dostumuzdur. Hər problemində yanında olmamız lazımdır. Ancaq bildiyiniz kimi bir müddət əvvəl AKP iqtidarı Ermənistanla dialoqa getdi. Amma türk xalqının böyük təpkisi qarşısında geri çəkildi və sərhədlər açılmadı. Amerikanın tələbi ilə AKP Ermənistanla sərhədləri açmağa çalışırdı. Buna görə də Azərbaycan tərəfindən haqlı olaraq, narazılıq ortaya qoyuldu. Bu prosesdə Cümhuriyyət Xalq Partiyası da azərbaycanlıların yanında oldu.

- Türkiyənin Azərbaycandan hansı gözləntiləri var?

- Türkiyə hər bir məsələdə Azərbaycanın yanındadır və bu belə də qalacaq. Biz də eyni siyasəti Azərbaycandan gözləyirik. İstənilən bir məsələdə hər iki ölkə birlikdə olmalıdır. Birgə stratejimiz olmalıdır. Biz təklif edirik ki, hər iki ölkənin xarici siyasəti ilə bağlı birgə strategiya hazırlansın. Dünyada bəzən Türkiyəyə qarşı doğru olmayan siyasət aparılır. Azərbaycan bu kimi məsələlərdə də Türkiyənin çıxarlarını müdafiə etməlidir.

- Türkiyənin də Azərbaycandan haqlı narazılıqları var. İllərdir ki, ölkənizin çağırışlarına baxmayaraq, Azərbaycan hələ də türk vətəndaşlarına qarşı vizanı qaldırmır. Bəs, Bakının bu hərəkətinı CHP olaraq necə dəyərləndirirsiniz?

- Biz Azərbaycandan vizanın qaldırmasını gözləyirik. Bununla bağlı türk ictimaiyyətinin də mövqeyi ortaya qoyulub. Əlbəttə, bir-birinə qardaş olan dövlətlərin vətəndaşları vizasız gedib gəlməlidirlər. Amma düşünmürəm ki, vizanın qaldırılmaması bu münasibətlərə kölgə salır. Azərbaycanın ayrı dövlət olaraq verəcəyi istənilən qərara hörmətlə yanaşacağıq. Mən CHP adından bəyan edirəm ki, Azərbaycan vizanı qaldırmasa da biz Türkiyənin sizə qarşı münasibətinin dəyişməsinə imkan verməyəcəyik. CHP olaraq, başqa ölkələrlə müqayisədə bizim üçün Azərbaycan hər zaman önəmli olaraq qalacaq.

- Azərbaycan cəmiyyətində Türkiyənin bizim ölkəmizin demokratikləşməsinə dəstək vermədiyi barədə iradlar var. Dünya mediasında da Azərbaycanda demokratik dəyişikliklərin olacağı barədə fikirlər səslənir. Regionda ikinci «Ərəb baharı» yaşanarsa, Türkiyənin mövqeyi nədən ibarət olacaq?

- İnşallah, Azərbaycanda başqa ölkələrin yaşadığı bu ağır, çətin proses olmaz. Mən bunu təxmin etmirəm. Amma demokratiyanın bərqərar olması üçün Azərbaycana hər formada dəstək verməyə hazırıq. Azərbaycanda çoxpartiyalı sistemin frmalaşması ölkənin gələcəyi üçün ciddi uğur olardı.

- Azərbaycandakı prosesləri izləyirsinizmi?

- Zamanım oluncu, maraqlanıram. Hesab edirəm ki, hər bir siyasi rejim dövlətinin gələcəyini, güclənməsini istəyirsə, o zaman fərqli fikiri eşitməlidir. Fərqli düşüncə boğulursa, həmin dövlətdə inkişafdan söhbət gedə bilməz.  Çoxpartiyalı sistemlərdə dövlət inkişafa doğru gedir.

- Azərbaycana səfərə gəlmək niyyətiniz varmı?

- Mən Azərbaycana gəldim. Məmur olaraq, Bakıda olmuşam. Partiya lideri olaraq, dəvət gələrsə, böyük məmnuiyyətlə gələrəm.

Pərviz Həşimli

Bakı-Ankara-Bakı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az