Vətəninfo.az “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SİA-ya verdiyi müsahibəni təqdim edir:
- Hikmət müəllim, bildiyiniz kimi antiazərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunmasına dair sənədlər aşkarlanıb. Sizcə, anti-Azərbaycan kampaniyasının arxasında kimlər dayanır?
- Anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunmasına dair məlumatları biz artıq mətbuatdan bilirik. Məsələ ondadır ki, ABŞ böyük dövlətdir və onun özünəməxsus strateji xarici siyasət kursu müəyyənləşdirilib. Bu siyasətdə Amerika və Azərbaycan tərəfdaş ölkələrdir. Əlbəttə ki, hər bir siyasi komanda da bəzən müxtəlif siyasi dünyagörüşü mənimsəmiş insanlar tapmaq olur. Təbii ki, Con Kerri də belələrindəndir. Kerrinin bu mövqeyini yalnız onun ermənipərəstliyi ilə müqayisə etmək olar. Bu, o Con Kerridir ki, 1990-cı illərdə - SSRİ-nin dağılması ərəfəsində Qorboçova məktub yazıb xahiş edirdi ki, Dağlıq Qarabağı SSRİ-nin müstəqil subyekti kimi qəbul etsin. Bundan başqa, Con Kerrinin siyasi dünyagörüşü islamafobiya əsasında formalaşıb. Eyni zamanda Con Kerri ABŞ-da irqçi kimi tanınan şəxsdir. Dövlət katibi vəzifəsinə təyin olunması ərəfəsində real namizəd Suzanna Rays adlı afro-amerikalı idi. Məhz irqi nöqteyi-nəzərindən şantaj edərək qaradərili olmasına görə Suzanna Raysa qarşı qara piyar apararaq onu dövlət katibi seçilməsinə imkan vermədi. Yəni, bu insanın mahiyyəti bundan ibarətdir. Ona görə də Azərbaycana qarşı planlaşdırılan kampaniyanın məhz Con Kerrinin Konqresdəki ofisindən idarə olunması bir qanunuyğunluqdur. Biz bütün bunları onun Azərbaycana belə münasibətlərini şərtləndirən əsas səbəblər hesab edirik. Azərbaycan əsla bunu ABŞ-ın rəsmi siyasəti kimi qəbul etmir. Amerika ilə Azərbaycan arasında siyasi müttəfiqlik qədər səciyyələndirəcək tərəfdaşlıq münasibətləri var. Biz ABŞ-la karbohidrogen ehtiyatlarının istismarında, ixracında tərəfdaşıq. Eləcə də anti-terror koalisiyasında birgə fəaliyyət göstəririk. Bununla belə, Şərqi Asiyada ABŞ-ın dövlət maraqları ilə bağlı keçirilən tədbirlərdə Azərbaycanın nüvə məkanı açıqdır. Demokratiya, söz və mətbuat azadlığının təmin olunması sahəsində də biz Amerika ilə əməkdaşlıq edirik. Amma təəssüf ki, erməni lobbisinin təsiri altında olan və islamafob dünyagörüşünü mənimsəmiş ayrı-ayrı şəxslərin bu cür vaxtaşırı hərəkətlərinin şahidi oluruq. Bəs gəlin görək, burada məqsəd nədən ibarətdir? Biz bilirik ki, Azərbaycan güclü bir dövlətdir və onun güclü ordusu var. Ölkəmiz bu gücünü 2014-cü ilin iyul ayının 29-u, avqust ayının əvvəllərində təmas xəttində atəşkəs pozularkən Ermənistana nümayiş etdirdi. Eləcə də praktik hərbi gücə və nizamlı döyüş qabiliyyətli orduya malik olduğunu göstərdi. Bundan sonra 2014-cü ilin dekabrın 12-də Azərbaycanın hava məkanını pozan erməni helikopteri vuruldu. Bu bir daha texniki baxımından Azərbaycan ordusunun həm təchizatını, həm də əsgərlərin professionallığını göstərdi. Əlbəttə ki, bütün bunlar erməni lobbisini narahat edir. Onlar çalışırlar ki, Azərbaycanda elə bir ssenari həyata keçirsinlər ki, ölkəmizin başı daxili problemlərə qarışsın, Azərbaycanda qarşıdurma olsun, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı yaddan çıxsın. Çox təəssüf ki, ayrı-ayrı siyasətçilər erməni lobbisinin qurduğu bu tora düşürlər. ABŞ dövlət katibi Con Kerrinin ofisindən Azərbaycana qarşı belə bir kampaniyanın yürüdülməsi nəticə etibarilə onun özünün siyasi kariyerasına mənfi təsir göstərə bilər. Çünki C.Kerrinin mövqeyi Amerika xalqının və dövlətinin strateji mövqeyi deyil. Hesab edirəm ki, burada islamafob siyasi dünyagörüşü, anti-Azərbaycançı dünyagörüşü, ermənipərəstlik Kerrinin bu cür hərəkətlər sərgiləməsinə gətirib çıxarır.
- Mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” adlı tədbir keçiriləcək. Saat yarım planlaşdırılan tədbirdə Azərbaycandan olan bəzi şəxslərin də çıxışları nəzərdə tutulub. Bu barədə nə deyə bilərsiniz?
- Bu cür hallar Azərbaycana qarşı eyni şəkildə siyasi kompramatın tərkib hissəsidir. Məsələ ondadır ki, ayrı-ayrı şəxslər, qeyri-hökumət təşkilatları və digər Vətəndaş cəmiyyəti institutlarının timsalında müxtəlif mərkəzlər özləri üçün agentura şəbəkəsi yaradıblar.. Bu bir növ Azərbaycan hakimiyyətinə təzyiq mexanizmi nəzərdə tutulur. Əsas məqsəd Azərbaycanda ideoloji, sosial, etnik qarşıdurma yaratmaqdan ibarətdir. Guya ki, Azərbaycan insan hüquqları pozulur və s. İslamafobiya dünyagörüşünü məmimsəmiş siyasətçilərin beyinlərində olan islam ölkəsi modeli Liviya, Suriya, Misir, Yəməndir və s. Yəni bizim inkişafımız əksər hallarda bir çox siyasi dairələri, bəzi dövlətləri narahat edir. Biz bilirik ki, dünyanın siyasi, iqtisadi arenası xalqların mübarizə və rəqabət meydanıdır. Demokratiya, söz və mətbuat azadlığı ona görə insanlar tərəfindən düşünülüb ki, onların yaşam və yaşama keyfiyyətini artırsın. Əgər ixrac olunan demokratiya Suriyada vətəndaş müharibəsi yaradırsa, bu yaşam keyfiyyətini artırmır. Biz burada dəyərlərlə manipulyasiyanın şahidi oluruq. Azərbaycan vətəndaşlarının indiki mərhələdə yaşam keyfiyyəti, sosial təminatı yüksəkdir. Bu gün ideoloji birlik var. Azərbaycan xalqının böyük əksəriyyəti dövlətinə sahib çıxır. Təbii ki, dövlət də öz vətəndaşına sahib çıxır. Bəs bu nə deməkdir? Bu, Azərbaycan xalqının, dövlətinin gələcəkdə sürətli inkişafını təmin edən bir vasitədir. Bax bu da Azərbaycanı sevməyən mərkəzləri narahat edir. Ona görə də orada ənənəvi dinləmələr keçiriləcək. Təbii ki, bunların heç bir effekti olmayacaq. Onların bu metod və üsulları Azərbaycanın daxili auditoriyasına təsir göstərmir. Azərbaycanın özünəməxsus intellektual siyasi sistemi var. Bu siyasi sistem artıq o qədər inkişaf edib ki, xaricdən daxil olan mənfi implusları rədd edir.
- Ermənistan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün keçirilməsinə maneçilik törədir. Rəsmi İrəvanı bu addımı atmağa nə vadar edir?
- Ümumiyyətlə, rəsmi İrəvan başından bəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-obyektiv mövqe tutur və danışıqlardan yayınır. Hamı bilir ki, Ermənisan işğalçı ölkədir və onlar Azərbaycanın 20 faiz torpaqlarını zəbt edib. Ona görə də bu dövlət danışıqlar prosesində ən müxtəlif vasitələrə əl atmaqla prosesin uzanması ilə status-kvonun saxlanmasına nail olmağa çalışır. Qəbul olunmuş bir məsələdir ki, Dağlıq Qarabağda (azərbaycanlı və erməni) iki icma var. Biz buna etiraz etmirik. Amma ermənilər bu məsələdən danışıqlarda manipulyasiya vasitəsi kimi istifadə edirlər. Məqsəd Azərbaycan torpaqlarını işğal altında saxlamaqdan ibarətdir. Artıq ermənilər də başa düşürlər ki, bu qüdrətli, güclü iqtisadiyyata sahib olan bir ölkənin qarşısında duruş gətirmək mümkün olmayacaq. Bizim torpaqların azad olunmasına çox az zaman qalıb. Sevindirici haldır ki, biz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən də buna bənzər fikirlər eşidirik. Hətta bir neçə gün əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov da qeyd etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli artıq çoxdan yetişib.
- Almaniya kansleri Angela Merkel ABŞ prezidenti Barak Obamaya Ukrayna məsələsinə görə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara getməyə çağırış edib. Sizcə, bu çağırış bilavasitə münaqişələrin dərinləşməsinə gətirib çıxar bilər?
- Qərb dəyərlərlə manipulyasiya edərək bir növ vətəndaş itaətsizliyi yaratmağa nail olur. Onlar belə bir siyasi texnologiya işləyib hazırlayıblar. Bəzi hallarda biz buna rəngli inqilablar, çevriliş deyirik və s. Milli dövlətlərin dağıdılması və milli dövlətlərdə qeyri-sabitliyin yaradılması məsələsini müxtəlif imperalist mərkəzlər çox asanlıqla bacarırlar. Amma sonra bunun müdafiəsini təşkil edə bilmirlər və yaxud etmək istəmirlər. Bax bu, ciddi bir sualdır. Mənim çox ciddi şübhələrim var ki, bunu sadəcə olaraq imperalist mərkəzlər etmək istəmirlər. Ukrayna məsələsində Avropa ölkələri, xüsusən Avropada olan Almaniya-Fransa İttifaqı bu məsələlərdə ABŞ qədər rahat deyil. Biz bilirik ki, ABŞ başqa qitədə yerləşir. Burada hadisələr hansı istiqamətdə inkişaf etsə, Amerikanın milli maraqları üçün təhdid törətmir. Amma Ukrayna-Rusiya müharibəsi böyüsə, bu, Almaniya üçün birbaşa təhdid törədir. Bu mənada Fransa və Almaniyanın narahatçılığını başa düşmək olar. A.Merkel narahatdır ki, bu məsələyə bir çözüm tapmaq lazımdır. Hesab edirəm ki, sözegedən mövqeyində Merkel haqlıdır.
- Son olaraq, Bakı Şəhər İcra Hakimiyyəti “Milli Şura”ya mayın 2-də mitinq keçirməyi təklif etsə də amma onlar bununla razılaşmayıblar. Axı nəyə görə, iqtidar-müxalifət dialoqu mövcud olduğu halda onlar mitinq keçirməkdə maraqlıdırlar?
- Bu gün Azərbaycanda iqtidar-müxalifət dialoqu mövcuddur. Çox konstruktiv danışıqlar gedir və Azərbaycanın ümummilli məsələləri orada müzakirə olunur. Nə “Milli Şura”, nə də AXCP müxalifət deyil. Bunlar Qərbin Azərbaycandakı agentura şəbəkəsinin tərkib hissələridir. Yəni onlar bir növ ideoloji terroristlərdir. Terroristə isə hadisə törətmək lazımdır. Bu vaxta kimi “Milli Şura” adlandırdığımız o ideoloji terrorist qrupun müraciətlərinə cavab verilib və mitinq keçiriblər. Bəs nə əldə ediblər? Onlar hər dəfə meydana az adam yığaraq heç nəyə də nail ola bilməyiblər. İndi onlar hadisələri cəlbedici göstərmək, Azərbaycanın imicinə zərbə vurmaq, ölkəmizdə insan hüquqlarının pozulduğunu Qərbə nümayiş etdirmək üçün icazəsiz meydana çıxmağı planlayırlar. Təbii ki, icazəsiz meydana çıxanda da hüquq-mühafizə orqanları qanunauyğun olaraq müvafiq addımlarını atacaq. Burada məqsəd mitinq keçirmək deyil, əksinə ermənipərəst dairələrdən alınmış ideoloji terroru həyata keçirməkdir”.