"Bəzi KIV-lər pula görə bir anlıq dəyərlərini unutdular"

"Bəzi KIV-lər pula görə bir anlıq dəyərlərini unutdular"

Aslan Cəfərov: «Avropada bəzi dairələrin hər zaman Azərbaycana qarşı ikili standarlarla yanaşdığı məlumdur»

Azərbaycan son bir ayda dünya mətbuatında ən çox adı hallanan, barəsində ən çox danışılan ölkə kimi yadda qaldı. Bunun başlıca səbəbi isə Bakıda dünyada miqyasına görə ikinci ən böyük musiqi yarışması olan «Eurovision 2012» mahnı müsabiqəsinin keçirilməsi oldu. Avropanın demək olar bütün ölkələrindən mətbuat işçiləri və sadə vətəndaşlar bir daha Azərbaycanın nəyə qadir olduğunu müşahidə etdilər. Lakin müəyyən qüvvələr tərəfindən Azərbaycan barədə bir sıra qərəzli və əsası olmayan fikirlər də səsləndirildi. Bunların sırasında bəzi ölkələrin mətbuatında Azərbaycan əleyhinə silsilə yazıların hazırlanması və Avropa Parlamentində qəbul olunmuş qətnaməni göstərmək olar. Bu və digər məsələlərlə bağlı suallarımızı «Vətəninfo»ya müsahibəsində Milli Məclisin deputatı Aslan Cəfərov cavablandırır:

- Azərbaycanda təşkil olunan «Eurovision» mahnı müsabiqəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işində qarşımızda böyük imkanlar açdı. İndi Avropanın hətta ən ucqar yerlərində yaşayan sadə vətəndaşlar ölkəmiz barədə müfəssəl məlumatlara malikdirlər. Azərbaycan bu müsabiqəni çox yüksək səviyyədə təşkil etdi. Bunu müsabiqəyə qatılan iştirakçılar, ayrı-ayrı ölkələrin nümayəndə heyətlərinin üzvüləri və Avropa Yayım Birliyinin rəhbərliyinin müsahibələrində də görmək mümkündür. Təbii ki, bu işdə hörmətli prezidentimiz İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun rəhbəri və millət vəkili olan Mehriban xanım Əliyevanın xidmətləri danılmazdır. Qısa bir zamanda «Cristal Hall» kimi bir arenanın hazırlanaraq müsabiqə iştirakçılarının istifadəsinə verilməsi, Azərbaycana gələn turistlərin və xaricilərin rahatlığının maksimum dərəcədə təmin olunması bir daha sübut etdi ki, ölkəmiz hörmətli prezidentimizin rəhbərliyi altında qarşısına qoyduğu bütün məqsədlərə çatmağa qadirdir. Bütün bunların hamısını reallaşdırmaq üçün Azərbaycanın həm gücü, həm də iradəsi var.

- «Eurovision» mahnı müsabiqəsi ərəfəsində və onun getdiyi müddətdə bir sıra xarici KİV orqanları Azərbaycan əleyhinə materiallar yayımladılar. Hətta bəziləri bir qədər də irəli gedərək bu mahnı musabiqəsini boykot etməyə çağırdılar…

- Qeyd etdiyiniz məqam bütün Azərbaycan ictimaiyyətində təəssüf hissləri doğurdu. Aparılan antitəbliğat işlərinin sistemli şəkildə kimlərsə tərəfindən hazırlandığı açıq aydın ortadadır. Azərbaycan əleyhinə məqalələr dərc edən mətbuat orqanları eyni olduğu üçün bu fikirləri söyləməyə tutarlı əsaslar var. Heç kimə sirr deyil ki, həmin mətbu orqanların yerləşdiyi ölkələrdə ermənilərin güclü lobbi təşkilatları var. Başqa vaxtlarda söz azadlığı, demokratik dəyərlər və həqiqətlərin ictimaiyyətə çatdırılması prinsiplərinə sadiq qaldıqlarını iddia edən həmin mətbu orqanlar nədənsə erməni lobbisinin təklif etdiyi pulların qarşısında bir andaca öz dəyərlərini unutmuş oldular. Qısamüddətli maraqlar xatirinə Azərbaycan əleyhinə birtərəfli məqalələr dərc edildi. Lakin həmin dövlətlərin siyasi rəhbərliyi, Bakıdakı təmsilçiləri açıqlamalarında bir daha vurğuladılar ki, bu yazılar heç də onların rəsmi mövqeyi kimi dəyərləndirilməməlidir. Azərbaycan bu gün insan hüquq və azadlıqlarına böyük hörmətlə yanaşır.
- Maraq doğuran məqamlardan biri də mahnı müsabiqəsinin getdiyi bir vaxtda Avropa Parlamentinin təcili toplaşaraq Azərbaycan əleyhinə qətnamə qəbul etməsi oldu. Millət vəkili kimi bu məsələ barədə nə fikirləşirsiniz?

- Avropada bəzi dairələrin hər zaman Azərbaycana qarşı ikili standarlarla yanaşdığı məlumdur. Avropa Parlamentinin məlum qərarı barədə də bu fikirləri səsləndirmək mümkündür. Təsəvvür edin, 700-dən artıq bir üzvü olan qurumun cəmi 50-yə yaxın deputatı həmin toplantıda iştirak edib. Digərlərinə isə bu imkan yaradılmayıb. Toplantıya qatılanlar isə həmişə kimlərinsə maraqlarını müdafiə edən və buna görə Azərbaycan əleyhinə çıxışları ilə yadda qalan deputatlar olublar. Avropa Parlamentinin qəbul etdiyi qətnamə, Azərbaycanın deyil, bu təşkilatın özünün imicinə ciddi ziyan vuracaq. Çünki atılan addım heç də Avropa insan hüquqları dəyərlərinə uyğun gəlmir. Qətnamədə əksini tapan fikirlər bir daha göstərir ki, sənədi hazırlayanlar ölkəmizdə son vaxtlar gedən proseslərdən xəbərsizdirlər.

- Həmin qətnamədə Azərbaycanda sərbəst toplaşmaq azadlığının olmaması, siyasi məhbus probleminin mövcudluğu və s. kimi iddialar yer alıb. Bu iddialar nə dərəcədə əsaslıdır?

- İlk olaraq onu vurğulayım ki, bu gün Azərbaycanda dünya standartlarına uyğun, qoşulduğumuz beynəlxalq konvensiyalardan irəli gələn tələblərin və vəzifələrin əksini tapdığı «Sərbəst toplaşmaq haqqında» qanun mövcuddur. Bu qanunun hazırlanmasında elə həmin Avropanın mötəbər beynəlxalq təşkilatlarının nümayəndələri də iştirak edib. Məlumdur ki, respublikamızda mitinq, piket və digər formada dinc aksiyalar keçirənlərə qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmişə şərait yaradılıb. Ölkəmizdə aksiya keçirmək üçün heç bir problem yoxdur. Cəmiyyətdə gərginlik yaratmaq istəyən bəzi qüvvələr öz iyrənc niyyətlərini həyata keçirmək üçün belə addımlar atırlar. İstənilən ölkədə qanunsuz və icazəsiz aksiyaların qarşısı polis tərəfindən alınır. Bizə demokratiya, insan hüquqlarından dərs keçmək istəyən ölkələrin özlərində bu aksiyaların qarşısının alınmasında ən ağlagəlməz üsullardan istifadə edilir. Lakin nədənsə həmin avroparlamentarilər bunları görmək istəmirlər. Ona görə də qətnamədə “ifadə və toplaşmaq azadlığının sıxışdırılması”nın göstərilməsi reallıqdan çox uzaqdır.
Qətnamədə daha sonra Azərbaycanda siyasi məhbusların olduğu iddia edilir. Lakin Avropa parlamentinin üzvüləri belə siyasi məhbus anlayışına verilən tərifdən xəbərsizdirlər. Ümumiyyətlə bu anlayışın özü barədə Avropanın mötəböər təşkilatlarında ciddi fikir ayrılıqları var.
Siyasi partiyaların maliyyəşməsi məsələsinə gəlincə, bununla bağlı parlamentdə qanun qəbul olunub. İlk dəfədir ki, siyasi partiyalara maliyyə ayrılacaq və bundan hamə ədalətli bir bölgü şəklində faydalanacaq. Eyni zamanda hesab edirəm ki, bu, Azərbaycanda siyasi partiyalarla bağlı çox ciddi instusional dəstək kimi qiymətləndirilməlidir.

Nahid Canbaxışlı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az