Publisist, poetik yazı tərzi ilə orijinal qələm sahibi Nizami Süleymanoğlunun “Daşnak yuxular” adlı 120 səhifəlik kitabı yenicə işıq üzü görüb. Az sözlə böyük mənalar ifadə edən bu əsər Əkrəm Əylislinin “Daş yuxular” rekviem-povestini bədii, siyasi-ideoloji, psixoloji, tarixi və s. elmi baxışlardan incələyərək, əsl gerçəkləri konkret fakt, məntiq, hikmətlərlə sərgiləyir.
Müəllif “publisistik qeydlər” toplusunu təkzibedilməz səviyyədə təqdimatı ilə Ə.Əylislinin “Daş yuxular”ına tam alternativ yarada bilib. Təbii ki, bu bacarıq intellektual zəka əmsalının yüksəkliyi ilə dövlətə, vətənə, insanlığa bəslənən sevginin qovuşuğundan çox qısa zaman ərzində ərsəyə gəlib.
Kitabda düşüncələr nə qədər tutarlı, qüvvətlidirsə, həcvlərdəki kəskin sarkazm da o qədər güclü, eyni zamanda lirikadakı duyğular da o qədər səmimidir. Bu topluda fərqli mənbələrdən çeşidli sitatlar verilib. “Daş yuxular”a kitab şəklində həm ilk cavab kimi, həm də ideoloji təsiri ilə müəllif Azərbaycan - Türk etnosuna (insaniyyətə) qarşı yönəldilən şərlər, şantajlar, təhqirlər önündə ortaq düşüncələri sipər edib.
Azərbaycan dövlətinə, bu dövlət uğrunda fəda olan və olacaq insanlarımzın ruhlarına ithaf edilən bu əsər möhtərəm oxuculara şairə-publisist Gülxas Səmədlinin baş redaktorluğu ilə təqdim olunur.
Topluda diqqət çəkən əsas cəhətlərdən biri də müəllifin 15 il öncədən “Daş yuxular”ın müəllifi Əkrəm Əylisliyə “Təzadlar” qəzetində yazdığı cavablardır. Bu cavablarda N.Süleymanoğlu sözügedən əcaib prosesə, yəni indiki nəticəyə məhz 15 il öncədən intiutiv güzgü tutmuşdu. O zaman “Təzadlar”, həmçinin müəllif müəyyən istisnalarla təşəkkürə deyil, qınaqlara layiq görülmüşdü. Bu da nəticə! Nə isə...
Həyat da təzadlar üzərində öz çərxini hərlədir. Dediyimiz odur ki, bu hərlənib-fırlanmada başımız gicəllənməsin. Düşünürük ki, həmkarımız Nizaminin “publisitik qeydlər” toplusu sözügedən mövzuda ürəklərə batılı tikanların xeyli hissəsini çıxarmağa qadirdir. Bunun üçün həmin toplunu oxumaq yetər! Toplu artıq kitab şəklində istəkli oxucuların istifadəsinə verilib.