Azərbaycanın Milli Hərəkatının lideri, ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı iddiaların ortaya çıxdığı bir vaxtda, Elçibəyin həkimi ANS-ə açıqlama verib. Əməkdaşımız Ləman Ələşrəfqızı Elçibəyin ölümünün səbəblərini Türkiyənin Ankara Eyitim və Araşdırma xəstəxanasının həmin vaxt baş həkimi olmuş Nüsrət Akyürəkdən öyrənib. Elçibəyin Türkiyədəki həkimi onun xərçəngdən öldüyünü deyir.
Yaxşı olmadı. Görünür, yaxşı olmayacağını Əbülfəz bəyin özü də bilirdi. Ona görə də, jurnalistlərin sualı qarşısında səsi titrəmişdi. Son günlər mətbuatı titrədən xəbər - Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı səslənən fikirlər isə, görünür fərqli yanaşmaların və fərqli reaksiyaların sayəsində hələ bir müddət də gündəmi məşğul edəcək.
Nüsrət Akyürək ANS-ə açıqlamasında Elçibəyin məhz xəstəlikdən dünyasını dəyişdiyini bildirib. Həkimin sözlərinə görə, Əbülfəz bəy onun rəhbəri olduğu xəstəxanaya gəldiyində durumu çox pis idi, sidik yollarında isə ciddi problem vardı.
Elçibəyin Türkiyədəki müayinə həkimi Nüsrət Akyürək bildirib ki, zəhərləndiyini ilk dəfə sizdən eşidirəm. Ona prostat konseri diaqnozu qoyuldu.
Nüsrət Akyürekin sözlərinə görə, Elçibəy nə cərrahi müdaxiləni, nə də dərmanla müalicəni məqbul saymayıb və xəstəliklə özünün mübarizə aparacağını bildirib. Elçibəyin 45 gün Ankara xəstəxanasında müalicə olunduğuun bildirən Akyürək sonradan onun nisbətən yaxşı vəziyyətdə Azərbaycana qayıtdığını, lakin qısa aradan sonra təkrar ağır vəziyyətdə Türkiyəyə geri döndüyünü qeyd edib.
Elçibəyin öz arzusuyla Türkiyə Silahlı Qüvvələrinin Gülhanə Tibb Akademiyasında müalicə almaq istəyini reallaşdırsaq da, bir səmərəsi olmadı. Bir neçə gündən sonra o, bu xəstəxanada dünyasını dəyişdi. Qısası, onda prostat xərçəngi, şəkər xəstəliyi, infeksiya yoluxması vardı - deməklə Akyürək Elçibəyin zəhərləndiyinə dair ittihamları da qismən təkzib etmiş olub.
Nüsrət Akyürəki təkzib edən isə Əbülfəz bəyin yaxın dostu Adil Minbaşıdır. Onun sözlərinə görə, Elçibəy 2000-ci ilin martında Türkiyəyə gedərkən, ona xərçəng diaqnozu qoyulmayıb. Ümumiyyətlə, Adil Minbaşının sözlərinə görə, ortada heç bir xəstəlik söhbəti yox idi. Sadəcə, Əbülfəz bəyə tövsiyyə ediblər ki, dişlərini düzəltdirsin. Adil Minbaşı bəyin zəhərlənməsi ilə bağlı mülahizələrin də məhz bundan qaynaqlandığını deyib.
Elçibəyin müayinə həkimi Nüsrət Akyürək isə zəhərlənmə ilə bağlı deyilənləri ilk dəfə bizdən eşitdiyini bildirdi.
Əbülfəz bəyin köməkçisi Bəşir Hüseynli də müayinə dövründə Elçibəyin ciddi mühafizə olunduğunu deyir.
Əbülfəz Elçibəyin köməkçisi Bəşir Hüseynli bildirib ki, bizə ayrılan mərtəbədə heç kim yox idi. Yalnız Türkiyə dövlətinin ayırdığı mühafizəçilər vardı.
Qeyd edək ki, Elçibəyin zəhərləndiyini Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev gündəmə gətirib və onun iddiası əsasında Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1- yəni qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Prokurorluqdan bildirdilər ki, iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.