Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin “Veteninfo.az”-a müsahibəsi:
- Natiq bəy, ölkədə baş verən siyasi-ictimai prosesləri necə dəyərləndirirsiniz?
- Azərbaycanda hazırda statik vəziyyətdir. Belə uzun müddət davam edə bilməz. Ölkə dəyişməlidir və dəyişikliklərə hamilədir. Bu dəyişikliyi özümüz başlasaq, bunu daha rahat, qarşıdurma olmadan, qarşılıqlı anlaşma şəraitində həyata keçirmək olar. Amma təəssüf ki, hələlik bunun işartıları belə görsənmir.
- Ümumiyyətlə, nədənsə milli barışıq istiqamətində işlər zəif gedir.
- Ölkədə iqtidar-müxalifət qarşıdurmasında maraqlı olan qüvvələr var. Bunlar həm hakimiyyətdə, həm də ölkəmizi istəməyən xarici faktorlarda özünü göstərir. Ən böyük təhlükə də budur. Çünki ölkə qarışarsa, bulanıq suda balıq tutmaq istəyənlərin sayı çoxalacaq. Ona görə də hakimiyyət bir daha silkələnməli, köhnə stereotiplərin daşıyıcılarını uzaqlaşdırmalı, islahatlara və daxili konsalidə üçün dialoqa başlamalıdır. Bu mümkün olarsa, sizi əmin edirəm ki, qarşıdakı prezident seçkilərini də yüksək səviyyədə yola vermək olar. Hakimiyyətin qollarının tədricən legitimləşdirilməsi prosesinə başlanılmalıdır. Ortaq uzlaşma da məhz buradan başlaya bilər.
- Siz nə təklif edirsiniz?
- Hüquq sistemi bərbad gündədir, təcili o sahəyə ciddi mənada əl gəzdirilməlidi və sözün əsl mənasında qanunlara dayanan hüquq sistemi yaradılmalıdır. Son "Gülərqeyt" olayı bir daha hüquq sisteminin tam iflic vəziyyətdə olduğunu göstərdi. Onunla razıyam ki, əsas problem daxildədir və biz heç bir xarici faktor olmadan bunu çözə bilərik. Yetər ki, hərə bir az öz iddiasından geri çəkilsin, birliyə mane olan qüvvələr hakimiyyətdən uzaqlaşdırılsın və dialoq mühiti yaradılsın. Gerisi özü gələcək. Bu qədər bəsit.
Söhbətləşdi: Elnur Eltürk